Yaxud, səhvlərini sıralayan Avropa Azərbaycandan nə istəyir?
Avropa İttifaqının iç üzü açılıb. “Qoca qitə”ni idarə edənlər o qədər azğınlaşıblar ki, beynəlxalq qanunları çeynəməkdən belə çəkinmirlər. Verdikləri əmrlər, çıxardıqları qərarlar, uzaq regionda baş verən hadisələrə münasibətləri o qədər cılız, heç bir fakta söykənməyən primitiv formada olur ki, təəccübünü gizlədə bilmirsən. Yəni, Avropa dediyimiz budurmu, dəlinin də ağlına gəlmədiyini iddia etmək çıxış yoludurmu? Bu yanaşmalarla Avropa hara qədər gedəcək? Əvvəllər Avropa Birliyi və onun institutları bu qədər aktiv deyildi, müasibətlərində hardasa, bir ölçü-biçi olardı, absurd qərarlardan uzaq kimi görünürdülər. Bu gün isə…
Xatırladaq ki, Avropa Parlamenti dəfələrlə həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ölkəmizin ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində Ermənistan rəhbərliyi səviyyəsində də tanınıb. Yəni Qarabağ Azərbaycanın ərazisidir. Onda Avropa Parlamenti hansı əsaslarla “Azərbaycan Dağlıq Qarabağı işğal edib” cümləsini sanksiya bəhanəsi kimi işlədə bilir. Bir ölkə öz ərazisini necə işğal edə bilər? Görünür, avropalıların başı “qaçıb”, ya da beyin sarsıntısı keçirib. Yox, əgər Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına tabe olmaları üçün atılan addımlara Avropa “işğal” deyirsə, onda zəhmət çəkib öz içində olan separatçı çıxışlara da eyni reaksiyanı göstərsin.
Avropada Türkiyəyə qarşı aparılan uzunmüddətli kampaniyanın Azərbaycan müstəqillik əldə etdikdən sonra bizimlə davam etməsi yeni xəbər deyil. Amma bunun qondarma səbəbləri də yox deyil. Türkiyəyə və Azərbaycana qarşı dəfetmə siyasətinin arxasında bəzi dairələrin dayandığından da xəbərimiz var. Bu kampaniyada yunan-erməni lobbilərinin canfəşanlıq etdiyi aşikardır. İri şirkət sahibləri olan erməni və yunan iş adamları bəzi dairələrin dəstəyi hesabına əldə etdikləri milyardları avropalı parlamentarilərin hesablarına yatırırlar. Onlar da həmin dairələrin göstərişlərinə uyğun qərarların verilməsinə nail olurlar.

Avropa korrupsiya bataqlığında
Avropa Parlamentində korrupsiya qalmaqalı barədə çox yazılıb. Bu yaxınlarda Belçika və Almaniya polisi korrupsiya iddiası ilə bağlı birgə təhqiqat aparmaq üçün Avropa Xalq Partiyasının (AXP) Brüsseldəki qərargahında olublar. Yoxlamaların bir ucu da Almaniyanın Türingiya şəhərinə gedib çıxır. Araşdırmaların korrupsiya və rüşvətxorluqda şübhəli bilinən Almaniya Xristian Demokratlar Birliyinin Türingiya vilayəti üzrə lideri Mario Voigta qarşı yönəldiyi deyilir. Voigt 2019-cu il seçkiləri zamanı AXP-də çalışıb və müstəntiqlər onun nə qədər rüşvət aldığını və ya mənimsədiyini araşdırıblar.
Bundan əvvəl isə Avropa Parlamentinin Yunanıstandan olan sədr müavini Eva Kayli korrupsiyaya görə həbs olunub. Məsələ ondadır ki, Belçika prokurorluğunun həbs etdiyi sədr müavini Eva Keyli həm də Avropa Parlamentindəki Ermənistanla dostluq qrupunun üzvüdür. Bu qrup uzun müddət “çirkli pulların yuyulmasında” adı keçən erməni əsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Avropa Parlamentində erməni dostlarını yemləməyin xüsusi mexanizmi yaradılıb. Bu qalmaqalda Kayli ilə yanaşı daha iki deputatın da adı çəkilirdi. İtaliya, Almaniya, Fransa və Belçikadan olan deputatların bu işdə adları hallanırdı. Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya qalmaqalına görə saxlanılıb. Daha öncə isə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat yayıb.
Belə məlum olur ki, Avropa Parlamentində rüşvət və korrupsiyanın kökləri daha dərindədir. Sual olunur, müstəntiqlər niyə dərinə getmək istəmirlər? Çünki, dərində daha böyük cinayətlər gizlənir, üzə çıxarsa Avropanın bütövlükdə imicinə, reputasiyasına ciddi, həm də ölümcül zərbə dəyə bilər. Amma qalmaqal getdikcə böyüyür. Faktlar üzə çıxdıqca avropalılar daha da çılğınlaşır, acıqlarını başqa ölkələrdən çıxmağa çalışırlar. Başqalarını ittiham edən orqan öncə özü təmiz olmalıdır. Dünyanın heç bir ölkəsi korrupsiya bəlasından qurtula bilməyib. Avropada isə bu “hədd” çoxdan geridə qalıb. Avropanın qanunverici orqanı bu çirkabın içindədir.
Görünən odur ki, Avropa Parlamentinin komitəsinin Azərbaycanla bağlı sanksiya təklifləri də rüşvətlə əldə edilən bir qərardır. Avropa Fransa başda olmaqla hələ korrupsiyadan xilas ola bilmir. Onilliklər ərzində Avropada müxtəlif qurumların içinə qədər sızmış erməni və yunan lobbiçiləri Azərbaycanın əldə etdiyi uğurları, bərpa etdiyi suveren hüquqları həzm edə bilmir, reallıqlarla barışmaq istəmir.
Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalından başqa, bir sıra Avropa ölkələrində siyasi korrupsiya faktları kifayət qədərdir. Bunlar araşdırmalar nəticəsində üzə çıxarılacaq. Amma Avropa ölkələri məsələni bir o qədər də açılmasını istəmir, lobbiçiliyin cinayət sayılmadığı barədə utopiyalar tirajlamaqla sudan quru çıxmağa çalışırlar. Məsələn, ABŞ-da bunu tam olaraq qanuni fəaliyyət hesab edirlər. Avropa üçün isə eyni vəziyyət keçərli deyil. Fransa parlamentində də varlı erməni diasporunun pulu gücünə mandat əldə edən deputatlar var. Avropa banklarında məhz siyasi elitanı ələ almaq üçün müəyyən vəsaitlərin aşkarlandığı barədə də məlumatlar dolaşır. Keçmiş sovet ölkələrindəki ənənəvi korrupsiyadan fərqli olaraq, Avropada bu cür hallar çox məharətlə və ustalıqla həyata keçirilir. Qərb mediası da korrupsiyanın girdabında çapalayır. Sifarişli məqalələrin dərci ənənəsi Avropadan gəldiyini çox adam bilir.

Sanksiya cəhdi...
Gələk əsas məsələyə, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi və ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabatlar qəbul edib. Məlumata görə, Azərbaycanın “işğalçı siyasəti və Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hərbi hücumu” pislənib. Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsinə dair illik hesabatda Azərbaycanın həyata keçirdiyi “hücum”un nəticəsiz qala bilməyəcəyi bildirilir, həmçinin Aİ-ni “atəşkəsin çoxsaylı pozuntuları”na görə məsuliyyət daşıyan Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Sənəddə həmçinin enerji üzrə anlaşma memorandumunun dayandırılması və son hadisələri nəzərə alaraq, Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması tələb olunur. Bundan sonrası isə Avropa Parlamentinin əsl niyyətini ortaya qoyur. Hesabat regionda təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmək üçün Ermənistanda mülki Aİ missiyasının yaradılmasını alqışlayır və Avropa Şurasını missiyada ekspertlərin sayını artırmağa, missiyanın imkanlarını və coğrafi əhatə dairəsini genişləndirməyə və onun yerləşdirmə müddətini daha beş il uzatmağa çağırır. Həmçinin Azərbaycana eyni missiyanın öz ərazisində və “Dağlıq Qarabağ”da yerləşdirilməsinə icazə verilməsi çağırışı da var. Hesabatda Ermənistanın təhlükəsizliyi, müstəqilliyi və suverenliyinin qorunmasında Aİ-nin dəstəyi də qeyd olunur. Hesabatda “tərəflər arasında müdafiə sahəsində daha əhatəli və genişləndirilmiş əməkdaşlığın təşviq edilməsi” tələb olunur.
Görünən budur ki, Avropa Cənubi Qafqaza hamıdan tez və daha üstün formada yerləşmək istəyir. Əlbəttə, ənənəvi üsulları da unutmur, guya Ermənistanın təhlükəsizliyini təmin etmək istəyir. Yəni, özünü xilaskar kimi təqdim edir. Bəs rəsmi Bakıya qarşı Avropanın siyasəti niyə fərqlidir. Bir tərəfdən bizə təklif edir ki, mükli missiya Azərbaycan tərəfində də yerləşdirilsin, əks halda sanksiya tətbiq edəcəyi ilə hədələyir. Unudur ki, Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil xarici siyasət yürüdüb, ərazilərində suveren hüququnu heç kimin dəstəyi olmadan, hətta BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini belə özü icra edib. Bu, Avropanı qıcıqlandırır, “sözə baxmayan” Azərbaycanı cəzalandırmaq istəyir.
Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək imkanlarını araşdıracaq. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin Aİ Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyası nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatında deyilir. Ermənistanda keçirilən görüşlərdə təhlükəsizlik və müdafiə sahələrində dialoqun və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq təsdiq edilib. Enerji, nəqliyyat və rəqəmsal texnologiyalar kimi sahələrdə tərəfdaşlığın və islahatların, o cümlədən investisiyalar vasitəsilə daha da gücləndirilməsi yolları müzakirə edilib.

Ermənistana yerləşmək planı
Diqqət edin, Avropa uzun müddət sovet-Rusiya təsirində qalmış Ermənistana tam olaraq yerləşmək üçün humanitar metodlarını işə salıb. Qarabağdan köçən ermənilərin “təcili ehtiyaclarını ödəmək və onların inteqrasiyası”, eyni zamanda uzunmüddətli perspektivdə Ermənistanın sosial və iqtisadi dayanıqlığını yaxşılaşdırmaq üçün investisiyalardan istifadə haqqında fikir mübadiləsi aparır. Azərbaycanı hədəfdə saxlayıb, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsiplərinə əsaslanan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında iki ölkə arasında münasibətləri normallaşdırılmaq istəyir. Hər halda üzdə olanlar budur, amma alt qatda Avropanın məkrli niyyətləri yatır. Müstəmləkəçilik siyasətini yeni forma və metodlarla, “müasir dövrün çağırışlarına uyğun” üsulla davam etdirir. Ermənistana büdcə dəstəyi olaraq 10,45 milyon avro humanitar yardımla yanaşı, 15 milyon avro ayıracağını daha əvvəl bildirilmişdi. Uzunmüddətli perspektivə gəlincə, Aİ mühüm infrastruktura və digər layihələrə investisiya üçün 2,6 milyard avro nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb.
Digər tərəfdən ABŞ-ın siyasətində də “qoca dostu”nun addımlarını təkrarlamaq var. ABŞ Ermənistan və Azərbaycan arasında görüşlər üçün öz “xeyirxah işlərini” təklif edib. Təbii ki, bu “xeyirxahlıq”dan kimin və necə yararlanacağı gizli qalmayacaq. Son bir il ərzində Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında danışıqlarda kimin tərəfində dayandığı heç kimə sir deyil. Dövlət katibi Blinkenin tərəflərlə apardığı müzakirələrdə mövqeyi bütün qaranlıq məqamları üzə çıxarıb. Vaşinqton erməni separatçılarını işğaldan azad edilmiş Qarabağa yenidən qaytarmağa çalışır. Əslində isə regionda artıq yaranmış sabitliyi pozmağa çalışır, müharibə istəyir, vəhşi xislətini gizlətmir. Nahaq yerə deməyiblər, vəhşi, vəhşi, vəhşi Qərb...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB