Qərbli ekspert: "Ermənistan təhlükəli oyun oynayır" - ŞƏRH+AKTUAL

Qərb son anda İrəvanı Moskva ilə üz-üzə qoyub kənara çəkiləcək

Qərbin Ermənistana qahmarçıxma oyunbazlıqları reallıqda digər görünməyən amilləri aktuallaşdırır. Daha dəqiq desək, Qərb Ermənistanda öz maraqlarını gerçəkləşdirməyə çalışmaqla regiona nəzarət mexanizmini işə salmaq arzusundadır. Ancaq daha bir faktor budur ki, sonrakı proseslərdə Ermənistanın hansı acınacaqlı vəziyyətə düşə bilməsi ehtimalı qətiyyən Qərb siyasi isteblişmentinin marağında deyil. Xüsusilə, Ermənistanı Rusiyanın üzərinə qısqırdan Qərb hərbi-siyasi dairələri regional dövlət olaraq Rusiyanın Ermənistana necə qulaqburması verəcəyindən əsla narahat deyil.

Beləliklə, Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda baş verənlər, həm də rəsmi Moskvanın diqqət mərkəzindədir və Nikol Paşinyanın hər bir açıqlaması, bəyanatı Kremldə də çox diqqətlə analiz edilir. Daha dəqiq desək, Ermənistanı bir dövlət olaraq güdaza verməyə hazır olan Qərb, reallıqda "tutar qatıq, tutmaz ayran" prinsipi ilə hərəkətə keçib. Bunu hətta bir sıra qərbli diplomatlar da etiraf edirlər.

Britaniyalı politoloq Aleksandr Merkuris:

"Təəssüf ki, Şərqi və Mərkəzi Avropada, postsovet respublikalarındakı siyasətçilərin çoxu da Paşinyan kimi düşünür"

"Paşinyanın Rusiyadan qaçmaq niyyəti bəllidir. Erməni baş nazir bunu çəkinmədən etiraf edir, Gürcüstan və Ukraynanın yolu ilə getməyə üstünlük verir. Ən pis halda Ermənistan Moldova kimi addım atmağa cəhd edəcək".

Bunu britaniyalı ekspert Aleksandr Merkuris deyib. Onun fikrincə, Paşinyan 90-cı illərdə ölkəni idarə edən və Qərblə daha yaxşı əlaqələrə inanan rus liberallarının səhvlərini təkrarlayır: "O, Ermənistanı təhlükəli oyunlara sürükləyir. Təəssüf ki, Şərqi və Mərkəzi Avropada, postsovet respublikalarındakı siyasətçilərin çoxu da Paşinyan kimi düşünür".

"Oxşar hadisələr Ukraynada da baş verib, Moldovada, Gürcüstanda da eyni tendensiyanın şahidi olmuşuq"

Merkurisin sözlərinə görə, biz bunu Rusiyada 90-cı illərdə ölkəyə nəzarət edən liberalların dövründə görmüşük: "Oxşar hadisələr Ukraynada da baş verib, Moldovada, Gürcüstanda da eyni tendensiyanın şahidi olmuşuq. Ermənistanda elə insanlar var ki, köhnə münasibətləri kəsmək, müttəfiqindən üz döndərmək və Qərbə inteqrasiyanın çıxış yolu olduğunu düşünürlər. Amma bu, onlara ciddi problem yaşadacaq. Ölkənin bu istiqamətə yönələcəyinin tərəfdarı olanlar üçün nəticə maraqlı deyil".

"Ermənilər hesab edirlər ki, Qərb onlara hər şeyi "qızıl nimçə"də təqdim edəcək"

Britaniyalı politoloq Ermənistanın mövcud siyasətini tənqid edib və Qərb siyasətinin köklü maraqlarını açıqlayıb. Onun qənaətincə, son anda Qərb İrəvanı Moskva ilə üz-üzə qoyub kənara da çəkilə bilər.

"Ermənilər hesab edirlər ki, Qərb onlara hər şeyi "qızıl nimçə"də təqdim edəcək. Ölkənin milli mənafeyini maddi maraqları üçün xərcləməyə çalışan insanlar təəssüf ki, hər yerdə var. Onlar başa düşməlidir ki, Qərb həmişə xoşbəxtlik vəd etsə də, onu hər kəsə vermir", - deyə britaniyalı siyasi təhlilçi aşkar etirafını səsləndirib.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə