"Azərbaycan və Türkiyə istənilən təhdidin öhdəsindən gələcəklər" - HƏRBİ EKSPERT RƏY BİLDİRDİ

“Türkiyədə Çanaqqala körfəzində keçirilən “Nüsrət-2023” təlimlərinə Azərbaycan hərbçilərinin də dəvət edilməsi əlbəttə müsbət haldır”. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Ekspertin sözlərinə görə, qardaş Türkiyə və 15 respublikanın hərbçilərinin qatıldığı təlimdə Azərbaycan Hərbi Dəniz Qüvvvələrinin hərbçilərinin də iştirakı sevindirici haldır: “Burada Hərbi Dəniz Qüvvələrimizin peşəkar heyətinin təcrübəsinin daha da artırılması nəzərdə tutulur. Xüsusilə də qeyd etməliyik ki, əsas məqsəd dənizlərdə mina döyüşünün planlaşdırılması, icrası və qiymətləndirilməsi təlimlərinin keçirilməsidir. Azərbaycan hərbçiləri qardaş Türkiyənin hərbi dəniz donanmalarının döyüş təcrübəsi və minalarla mübarizə təcrübəsindən yararlanacaq. Gələcəkdə baş verə biləcək hansısa maneə yaxud təxribat olarsa mütləq şəkildə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin peşəkar heyəti birlikdə bu problemin öhdəsindən gələcəklər”.

A.Bayramov bildirib ki, NATO-nun bu sahədə elit qruplarından biri olan minalara qarşı mübarizə qrupu da bu təlimdə iştirak edir: “Bu təlimləri hərbçilərimiz üçün də yeni bir təcrübə, eyni zamanda döyüş hazırlığının yüksəldilməsinə dair bir çox elementlərin öyrənilməsi kimi də qiymətləndirmək olar. Bizə qarşı riyakar mövqedə durmuş dövlətlər bir məsələni heç vaxt unutmamalıdır ki, Azərbaycan və Türkiyə hərbçilərinin quruda, havada və eyni zamanda dənizdə birlikdə hərəkəti mövcuddur. Azərbaycan və Türkiyə yarana biləcək istənilən təhlükənin və təhdidin öhdəsindən birlikdə gələcəklər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə