"Fransa anlamalıdır ki, Azərbaycan üçün müharibə səhifəsi bağlanıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın ərazi suverenliyini bərpa etməsi dost ölkələri sevindirsə də, bəzi düşmən qüvvələri və dövlətləri də məyus edib. Bu siyahının başında Fransa, ABŞ, Kanada və bir sıra beynəlxalq təşkilatlar dayanır. Bu təşkilatların əksəriyyəti erməni lobbisinin maliyyəsi ilə qidalanır. Onlar mərkəzdən idarə olunaraq Azərbaycana qarşı total hücuma keçiblər. Bu qeyri-bərabər hibrid müharibəsi dövründə ölkəmiz onlara qarşı müqavimət göstərir və bütün dünyaya bəyan edir ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini icra edib. İndiyədək beynəlxalq təşkilatların və böyük dövlətlərin həll etməli olduğu məsələləri Azərbaycan öz gücünə bacarıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev İraq Prezidenti ilə görüşdə çox maraqlı məqamlara toxunub: "Prezident bəyanatında bildirib ki, Fransa hökumətindən gələn yanlış mesajlar əslində, Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı hücuma başlaya biləcəyinə dair illuziya yaradır. Həqiqətən də Fransa anlamalıdır ki, artıq müharibə səhifəsi bağlanıb. Azərbaycan sülh gündəliyi olan yeni səhifə açıb. Bunun üçün ölkəmiz əlindən gələni etməyə çalışır".

Deputat sözlərinə davam edərək bildirib ki, Fransa kimi bir ölkə uzaq məsafədən ona yad olan bölgəyə soxulmağa çalışır və Ermənistana silah satmaqla bunu açıq şəkildə bəyan edir: "Təbii ki, bir dövlətin hər hansı başqa dövlətlə strateji münasibət formalaşdırması onun öz işidir. Amma həmin dövlətlər anlamalıdır ki, bölgədə yeni müharibə ocağı yaratsalar, həmişə olduğu kimi cavablarını alacaqlar. Yəni, Ermənistan yenidən müharibəyə cəhd etsə, heç kim ona kömək etməyəcək və nəticə eyni olacaq. Üç il əvvəl də nə Fransa, nə ABŞ Ermənistana kömək etmədi. Bu yenə də belə olacaq. Ona görə də bu dövlətlər yeni reallıqları qəbul etməli, Azərbaycanın qalibiyyətini həzm etməli və bölgəyə soxulmaqdan əl çəkməlidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə