"Ölkəmizə qarşı riyakar və ikiüzlü davranışlar qəbuledilməzdir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Azərbaycanın müstəqil siyasət yürütməsi, güclü və inkişaf edən bir dövlətə çevrilməsi bir çox ölkələri narahat etməkdədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, hazırda Qərbin bəzi siyasi dairələrinin, xüsusilə də Amerika Birləşmiş Ştatları və Fransanın ölkəmizə qarşı riyakar və ikiüzlü davranışları qəbuledilməzdir və bilavasitə Azərbaycanın milli maraqlarına ziddir.
Azərbaycan hazırda Cənubi Qafqazda aparıcı bir dövlət olmaqla bərabər, həm də dünyada sülhün, əminamanlığın, əməkdaşlığın bir qarantı kimi çıxış edir və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu bir çox ölkələr tələfindən, xüsusilə Qərb, Fransa və Almaniya kimi dövlətlər tərəfindən qərəzlə qarşılanır. Bu ölkələr Cənubi Qafqazda öz maraqlarını təmin etmək fikrindədirlər və ona görə də bir kart kimi təcavüzkar Ermənistandan istifadə edir və nəinki sülhü, əminamanlığı təmin etməyə səy göstərirlər, əksinə, regionda müharibəni, münaqişəni qızışdırmaq niyyətindədirlər. Sözsüz ki, onlar Ermənistanı müdafiə etmək fikrində deyillər və o xalqın da gələcəyi uğrunda düşünmürlər. Onlar Paşinyanı, onun ikiüzlü siyasətini dəstəkləyirlər və Ermənistanın baş nazirindən bir oyuncaq kimi istifadə edirlər. Çünki onların məqsədi heç də Azərbaycanın, eləcə də regiondakı dövlətlərin inkişafına tövhə vermək deyil, burada gərginliyi artırmaq və bundan öz məqsədləri üçün istifadə edərək, Cənubi Qafqazda yerləşmək niyyəti güdülür. Bu ikiüzlü siyasət sözsüz ki, ölkəmiz tərəfindən qəbul edilə bilməz və Azərbaycan Respublikasının Prezedenti cənab İlham Əliyev özünün çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan heç bir ölkənin diqtəsi ilə işləyə bilməz və biz bundan sonra da müstəqil siyasətimizi həyata keçirəcəyik.
Bu gün Fransa başda olmaqla, Avropa Parlamenti, eləcə də Qərbin bəzi siyasi dairələri Azərbaycanı Ermənistana qarşı təcavüzdə, Ermənistana qarşı terror aktlarını törətməkdə haqsız, əsassız olaraq günahlandırırlar və Azərbaycana qarşı müxtəlif əsası olmayan bəyanatlar səsləndirirlər. Əlbəttə ki, bunun heç bir mənası yoxdur, çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib, 30 il əzab-əziyyətlə yaşamış insanların tələbini həyata keçirib, haqqı, ədaləti bərpa edib. Bu gün Qarabağdan köç edən ermənilərin bir terrora, genosidə məruz qalması haqqında fikirlərin dilə gətirilməsi əslində, təsir mexanizmidir və bununla Qərb, Fransa, Almaniya Azərbaycana müəyyən təsirlər göstərmək, haqq yolundan çəkindirmək məqsədi güdür. Göstərilən cəhdlər əbəsdir, çünki Azərbaycan artıq güclü bir dövlətdir, beynəlxalq aləmdə səsi eşidilməkdədir və Azərbaycan bütün davranışlarından beynəlxalq normalara, beynəlxalq təşkilatların qərarlarına, onların qətnamələrinə əsaslanır. Belə olan halda, Amerika Birləşmiş Ştatlarının və Fransanın ölkəmizə qarşı ikili standartları həyata keçirməsi demək olar ki, heç bir beynəlxalq çərçivəyə sığmır və bu, bilavasitə Azərbaycanın müstəqilliyinə, onun suverenliyinə təhdiddir. Sözsüz ki, bu hallar ölkə vətəndaşlarını narahat etsə də, onlar öz Prezidentlərinin, cənab İlham Əliyevin qətiyyətinə, ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə inanırlar və mübarizəni axıra kimi haqq, ədalət yolu ilə davam etdirmək fikrindədirlər.
Heç şübhəsiz ki, göstərilən cəhdlər, verilən, qəbul olunan saxta bəyanatlar bu ölkələrin özləri üçün bir narahatçılıq doğuran, onların imicinə zərbə vuran haldır. Digər tərəfdən də, Qərbin Ermənistan vasitəsilə yürütdüyü siyasət Rusiya və İranın da mənafelərinə ziddir. Sözsüz ki, bu da ölkələr arasından gərginliyin artmasına zəmin yaradan haldır. Azərbaycan öz siyasətini beynəlxalq normalar çərçivəsində həyata keçirir, bu siyasət dəstəklənir və dövlətimizə qarşı yürüdülən hər bir siyasət, çirkin əməllər dəf olunacaq, Azərbaycan dövləti özünün gələcək inkişafını bəşəri dəyərlər əsasında davam etdirəcəkdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB