"Fransanın apardığı daxili və xarici siyasət bir faciədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Fransanın bugünkü həm daxili, həm də xarici siyasəti faciədir. Ölkə daxilində böyük gərginlik var. İnsanlar vaxtaşırı hökumətin qəbul etdiyi qərarların onların həyatına ciddi mənfi təsir etməsinə öz etirazlarını bildirirlər. Siyasi qarşıdurma həddən artıq gərgindir. Xarici siyasətdə Fransanın hərəkətləri ziddiyyətlə doludur. Fransa Afrikada keçmiş müstəmləkələrindən ard-arda qovulur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Fransanın bu və ya digər bölgədə apardığı siyasət ciddi etirazlarla qarşılanır: "Eyni zamanda, Fransanın dünyanın müxtəlif bölgələrində müstəmləkəsi var, hansı ki onlara müstəqillik verməkdən imtina edir. Fransa BMT TŞ-nın beş daimi üzvündən biri olsa da, bu gün dünyaya təhlükə yaradan faktorlardan birinə çevrilib. Onun Cənubi Qafqazda işğalçı Ermənistanı müdafiə etməsi, silahlandırması Fransanın müharibəyə meyilliliyini göstərir. Bundan əlavə İsrail-Fələstin qarşıdurmasında da onun tez-tez mövqeyinin dəyişməsi Fransa hakimiyyətinin tərəddüdlər içində olduğunun göstəricisidir. Bunun səbəbkarı isə Fransa Prezidenti Emmanuel Makronun apardığı siyasi kursdur". Deputat sözlərinə davam edərək bildirib ki, təcrübəsiz bir insan Fransa kimi qədim tarixi olan ölkənin rəhbərliyinə gəldikdən sonra atdığı addımlar həm ölkə daxilində, həm də xaricdə ciddi etirazlara səbəb olur: "Bununla belə heç bir ölkə Fransanın təsir altına düşmək, onun diktəsi ilə yaşamaq fikrində deyildi. Bunu Makron və onun tərəfdarları yaxşı bilməlidir. Nə zamansa Fransada sağlam düşüncəli insanlar hakimiyyətə gələcək. Fransanın beynəlxalq birlikdə adına uyğun yer tutması üçün cəhdlər olunacaq. Hazırkı hakimiyyət atdığı addımlara görə ictimaiyyət qarşısında üzr istəməli olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə