Xankəndidə keçirilən parad əzmimizin, mübarizəmizin təntənəsi idi – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Xankəndidə keçirilən parad əzmimizin, mübarizəmizin təntənəsi idi – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Noyabrın 8-də hər bir Azərbaycan vətəndaşının nəzəri qədim Azərbaycan torpağı olan Xankəndinə dikilmişdi və ürəklərimiz Xankəndidə döyünürdü. Uzun illərdən sonra demək olar ki, biz Xankəndini belə gülərüz, belə xoşbəxt görürdük.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, erməni təcavüzkarlarından təmizlənmiş bu torpaq ilk olaraq, Zəfər Bayramını qeyd edirdi.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şanlı ordumuz, qəhrəman igidlərimiz Xankəndidə özlərinin ilk hərbi paradını keçirirdilər. Əlbəttə, bu çox qürurverici idi və Azərbaycan xalqının uzun illər gözlədiyi bir hadisə idi. Cənab Prezidentin çıxışında bir daha bu məqamlar ifadə olundu və ölkə rəhbəri bildirdi ki, biz müharibə istəmirdik, ancaq erməni təcavüzkarları bu torpaqdan özləri könüllü çıxmaq istəmirdilər. Buna görə də başqa yol qalmırdı və hərb yolu ilə torpaqlarımızı azğın düşməndən azad etdik. Cənab Prezidentin fikirlərində ifadə olunan bu məqamlar onun sülhsevərliyindən, humanistliyindən xəbər verir. Çünki ölkəmizin rəhbəri hakimiyyətə gəldiyi ilk gündən müharibə tərəfdarı olmadığını, münaqişənin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd etmişdi. İstər beynəlxalq təşkilatlarda, istərsə də digər görüşlərdə dövlətimizin rəhbəri Qarabağın məhz Azərbaycanın ərazisi olduğunu və ermənilərin bu ərazilərə sonrada gəldiyini bəyan etməklə bərabər, bildirmişdi ki, biz erməni sakinləri ilə sıx təmasda yaşamağın və işləməyin əleyhinə deyilik, ancaq biz təcavüzkarlara qarşı, separatçılara qarşı amansızıq və sözsüz ki, hansı yolla olur-olsun, Azərbaycan torpaqları düşməndən azad ediləcək. Ölkə rəhbəri vəd verdi və separatçılar, Ermənistan hakimiyyəti sülhə gəlmədikdə, şanlı ordumuz xalqımızın birliyi ilə düşmənin başını əzdi. İndi Xankəndində keçirilən bu parad bizim əzmimizin, mübarizəmizin bir təntənəsi idi. Buradan keçən əsgərlərin hər biri öz addımları ilə bir daha sübut edirdi ki, yeri gəlsə, ən çətin anlarda onlar Azərbaycan torpaqları uğrunda vuruşmağa qadirdilər və necə ki, 44 günlük döyüşlərdə, 23 saatlıq antiterror tədbirlərində düşməni susdurdularsa, eləcə də onların təxribatlarının qarşısını hər zaman, hər vaxt almağa hazırdırlar və qadirdilər.

Cənab Prezidentin çıxışında dünyaya yeni bir mesaj var idi. Bu, haqqın, ədalətin, mübarizənin bir mesajı idi və ölkə rəhbəri öz sözləri ilə bir daha bildirdi ki, nahaq qan, ədalətsizlik yerdə qala bilməz. Azərbaycan xalqı 30 ildən çox ağır bəlalara düçar olsa da, sülh yolunu seçsə də, ancaq sonda öz sözünü dedi. Xalq-Prezident birliyi, Azərbaycan Ordusunun gücü özünü göstərdi və düşmən ağır məğlubiyyətə uğradıldı. Xankəndində keçirilən parad həm də Ermənistana, onların havadarlarına bir mesaj idi. Bildirilirdi ki, bir neçə il bundan əvvəl işğal altında olan bu torpaq indi ölkə rəhbərinin uzaqgörən siyasəti, qətiyyəti, ordunun gücü, xalqın birliyi sayəsində azaddır və azad da olmalı idi. Ona görə də separatçılığa, terrora, müstəmləkəçiliyə keç vaxt yol verilə bilməz və Azərbaycan bu mübarizədə qətiyyətlidir, öz sözünü deməyə qadirdir.

Əlbəttə, bu gün Azərbaycan güclü orduya sahibdir. Həm də Azərbaycan xalqı birdir, həmrəydir və ən başlıcası, Azərbaycan xalqına dünyada seçilən, sevilən, uzaqgörən bir rəhbər, cənab İlham Əliyev rəhbərlik edir. Onun siyasəti bu gün Azərbaycanı həm iqtisadi, həm siyasi, həm də beynəlxaq sahədə dünyanın ən qabaqcıl, tanınan ölkələri sırasına çıxarmışdır və Xankəndində keçirilən hərbi parad da bunu bir daha sübut etdi. Azərbaycan Prezidenti qürurlu idi, ordumuzun əsgərləri möhtəşəm, möhkəm addımlarla irəliləyirdilər. Azərbaycan xalqı bu möhtəşəmliyi vüqarla, qürurla seyr edirdi və bizdə bir inam var ki, Azərbaycan özünün əzəli torpaqlarına qayıdacaq və Xankəndində keçirilən parad vaxt gələcək Qərbi Azərbaycan torpaqlarında keçiriləcəkdir”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə