"Azərbaycan son 3 ildə iki böyük Zəfər qazanıb" - ŞƏRH EDİLDİ

"Azərbaycan son 3 ildə iki böyük Zəfər qazanıb" - ŞƏRH EDİLDİ

"Üç il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək böyük Zəfər tarixi yazdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat – Ermənistanın kapitulyasiya aktı Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu. Noyabrın 8-i Şuşanın azad olunması isə böyük Qələbəmizin ən parlaq səhifəsi oldu. Əslində bir çox beynəlxalq ekspertlər Şuşanın azad olunmasını mümkün saymırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Deputat bildirib ki, onların beynəlxalq ictimaiyyətin ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcəyini güman edirdilər: "Hətta erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri cəfəng iddialar səsləndirirdi ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan separatçı rejimi tanısa və Azərbaycan burada öz səfirliyini açsa.

Amma Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin gedişində bəyan edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Həqiqətən də Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan ordusu bu tapşırığı şərəflə, böyük qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan bayrağı 28 ildən sonra Şuşada dalğalandı.

Zəfər günündən ötən 3 il ərzində Azərbaycan qələbəsini daha da möhkəmləndirdi. Onu da xüsusi qeyd etməliyik ki,bu müddətdə Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan vermək istəməyən qüvvələr təzyiqləri davam etdirirdi. Onların məqsədi Azərbaycanı 2020-ci il 44 günlük müharibənin nəticələri ilə kifayətlənməyə məcbur etmək idi. Lakin unudurdular ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcək və nəyi, nə zaman, necə etməyi isə Azərbaycan Prezidenti bilir".

K.Nurullayeva sözlərinə davam edərək vurğulayıb ki, müharibənin başa çatmasından ötən 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu: "2023-cü ilin aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsi quruldu, 2023-cü il sentyabrın 20-də isə məsələ öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Xankəndidə Azərbaycanın dövlət bayrağı ucaldı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə idi".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə