“İştirak edən hər bir komandanı təbrik edirəm” - Bəxtiyar İslamov

“İştirak edən hər bir komandanı təbrik edirəm” - Bəxtiyar İslamov

“İntellektual oyunun əsas məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlərin əhatə dairəsinin, o cümlədən YAP üzvü və bitərəf gənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında gənclərin bilik səviyyəsinin artırılması və gənclərin intellektual inkişafının və komanda ruhunda işləmək bacarıqlarının təşviqi olmuşdur”. SİA xəbər verir ki, bu sözləri “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə gənclər arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi zamanı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Bəxtiyar İslamov sözlərinə belə davam edib: ““Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Xaçmaz, Qəbələ, Gəncə, Ağcabədi, Cəlilabad, Kürdəmir və Naxçıvanda təşkil olunmuşdur. Seçmə mərhələnin nəticəsinə uyğun olaraq 22 komanda bügünki final mərhələsinə vəsiqə qazanmış, komandalardan 1-də oyunun Əsasnaməsi ilə müəyyən edilmiş qaydaların pozulması aşkar edildiyindən final mərhələsindən kənarlaşdırılmışdır. Nəticədə final mərhələsi 21 komandanın iştirakı ilə baş tutmuşdur.

Nəzərinizə çatdırım ki, 85 komandanın tərkibində iştirak edən 680 nəfərin 217-si bitərəf, 463-ü isə YAP üzvü gənclərdir.
Yekunda qeyd edim ki, bu gün təşkil olunan final mərhələsi çərçivəsində iştirakçılara 3 tur üzrə 45 sual ünvanlanmış və qalib komandalar müəyyənləşmişdir. Bu komandalar başda olmaqla “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak edən hər bir komandanı təbrik edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə