"Azərbaycana qarşı ikili yanaşma heç bir dövlətə başucalığı gətirə bilməz" - SƏDR MÜNASİBƏT BİLDİRDİ
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti öz şərti sərhədlərində möhkəmləndi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Həmin sazişə uyğun olaraq etnik ermənilərin yaşadığı bəzi ərazilərə Rusiya sülhməramlıları daxil oldu. Gözləntilər bu idi ki, Rusiya sülhməramlıları həmin bölgədə Azərbaycan və Ermənistan mülki əhalisinin birgə yaşayışının formalaşmasında dəstəkçi olacaq və silaha əl atılmayacaq". Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, təəssüf ki, rus sülhməramlıları bu missiyanı 2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror tədbirlərinə qədər yerinə yetirə bilmədilər: "Amma şərti sərhədlərimizə qədər Azərbaycan Ordusu tam yerləşib nəzarəti ələ keçirdikdən sonra erməni təxribatları dayanmadı. Razılaşmaya görə Kəlbəcər və Laçın müəyyən müddətdən sonra təhvil verilməli idi. Ermənistan tərəfindən Laçın dəhlizi vasitəsilə Xankəndi və digər ərazilərdə yerləşən ermənilərə dəstək üçün silahların daşınmasının şahidi olduq. Noyabrın 10-da imzalanan bəyannamədən təxminən 16 gün sonra noyabrın 26-da 60 nəfərdən artıq təxribatçı erməni silahlı birləşmələrinin üzvləri Azərbaycan ərazisində döyüşərək tərki-silah edildilər. Laçın şəhəri boşaldılana qədər ərazilərimizə minaların daşınmasının şahidi olduq".
Sədr sözlərinə davam edərək bildirib ki, 2020-ci ildə atəşkəs əldə olunsa da, mülki əhali əleyhinə torpaqlarımızda basdırılmış minaların əksəriyyəti 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyən olunub: "Deməli, Ermənistan yenə də Azərbaycan xalqına qarşı çirkin niyyətlərini davam etdirirdi. Bununla yanaşı, beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı böyük təpki var idi. Bəzi dövlətlərin senatlarının, parlamentlərinin qətnamələri, BMT TŞ-da Azərbaycanla bağlı məsələlərin qaldırılması ilə qarşılaşdıq. Azərbaycana qarşı nifrət dili ilə danışmağı davam etdirdilər. Nəticədə ölkənin konstitusion quruluşunun tam bərqərar olmasının dinc yolla bərqərar olmasının qeyri-mümkün olduğunu görən Azərbaycan bu ilin 19-20 sentyabrında antiterror tədbirləri həyata keçirdi. Hədəfimiz yalnız düşmənin silahlı birləşmələri və obyektləri idi. Mülki əhaliyə xəsarət yetirmədən bir gündə separatçıların dizini bükdük. Nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan döyüş meydanında qələbə əldə etdikdən sonra hazırda diplomatiyada və xarici mətbuata qarşı sinə gərməklə şər və böhtan kampaniyasının qarşısını almağa davam edir. Azərbaycana qarşı ikili yanaşma heç bir dövlətə başucalığı gətirə bilməz".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB