"Fransa nə istədiyini özü də bilmir" - ŞƏRH EDİLDİ

"Fransa bütün dünyada imperial siyasət yeridir. Amma son zamanlarda Fransanın resursları bu siyasəti yeritmək üçün kifayət etmir. Ona görə də Fransanın xarici siyasəti bir çox hallarda gülüş obyektinə çevrilir. Bu, yalnız Azərbaycanda müəyyən şəxslərin Fransa haqqında tənqidləri ilə bağlı deyil. Fransanın xarici siyasəti elə Britaniyada da, ABŞ mətbuatında da vaxtaşırı gülüş hədəfinə çevrilir. Çünki onun istəkləri ilə, resursları üst-üstə düşmür. Qafqazda da belədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

Onun sözlərinə görə, Fransa sülhün, sadəcə, onun maraqlarına uyğun olaraq həyata keçməsini istəyir: "Ermənistan-Azərbaycan sərhədində hərbi bazasının olmasını, hətta mümkünsə Qarabağda Fransa ordusunun sülhməramlı kimi yerləşməsini, Azərbaycana siyasi-iqtisadi təsirləri olmasını istəyir. Amma resursları buna kifayət etmir və aydın məsələdir ki, Azərbaycan bununla razılaşmır. Fransa ilə iqtisadi əməkdaşlıqdan razıyıq, amma siyasi təzyiqi qəbul etmirik. Eyni zamanda, Ermənistan ərazisində Fransanın güclənməsinə Rusiya da qıcıqla yanaşır. Rusiyaya ortaq hərbi baza idarəetməsi təklif edildikdə o, qəbul etmədi. İndi Fransa yenidən Rusiyadakı müşahidəçiləri artırıb. Eyni zamanda, Ermənistanla birlikdə hərbi təlimlər həyata keçirir. Bundan başqa, patrul xidmətinin sayının 1000-dən çox olması ilə bağlı məlumatlar var. Bu da Rusiya tərəfindən qəbul edilmir". "Həmçinin, Fransa çalışır ki, Qafqazda, Ukraynada və Mərkəzi Asiyada Rusiyanın yerini tutsun. Makron düşünür ki, Rusiya bu bölgədə zəifləsə, Fransa onun yerini tuta bilər. Bu da Rusiyada böyük qıcıq doğurur. Fransa bir tərəfdən Rusiya ilə münasibətləri normal saxlamağa çalışır, digər tərəfdən Rusiyanın nüfuz dairəsinə daxil olub orada möhkəmlənməyə çalışır. Amma bütün bunlara gücü çatmır. Ona görə də vaxtaşırı olaraq Azərbaycana Brüsseldə görüş təklif edir. Fransa həm Azərbaycana qarşı, həm Rusiyaya qarşı, həm də ümumilikdə Qafqazda nə etmək istədiyini tam olaraq özü də bilmir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə