"AntiAzərbaycan siyasəti Fransanın öz maraqlarına ziddir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Fransanın antiAzərbaycan təbliğatı antiislam və antitürk təbliğatının tərkib hissəsidir. Bu gün dünyanın əhəmiyyətli bir hissəsi Fransanın qeyri-obyektiv və ədalətsiz siyasətini müşahidə edir. Fransanın indiki hakimiyyəti belə hesab edir ki, Azərbaycana qarşı nə qədər çox böhtan və hücum xarakterli siyasət apararsa, onu öz suveren hüquqlarından tezliklə imtina etməsinə gətirib çıxarar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu məsələdə Fransa yanılır: "Dövlətimiz ona görə müstəqilliyini bərpa etməyib ki, sonradan hansısa bir beynəlxalq güc mərkəzinin təsiri altına düşsün. Öz torpaqlarımızı ona görə azad etdik ki, tarixi ədaləti bərpa edək.

Fransanın antiazərbaycan təbliğatı ola bilsin ki, uzun müddət davam etsin. Amma bu, həmişə davam edə bilməz. Şübhəsiz ki, Fransanın sağlam düşüncəli siyasi dairələri bu siyasətin ölkələrinin maraqlarına cavab vermədiyi qənaətinə gələcəklər".

Deputat sözlərinə davam edərək qeyd edib ki, Fransanın antiAzərbaycan təbliğatının dayanması üçün dövlətimiz öz siyasətini qətiyyətlə müdafiə etməli, hüquqlarını qorumalıdır: "Fransadakı antiAzərbaycan dairələri Azərbaycanın hər hansı bir məsələdə tərəddüdünü və yaxud maraqlarını qorumaqda geri çəkilməyini hiss etsələr, bizə qarşı hücumlarını davam etdirəcəklər. Fransa və eləcə də digər antiazərbaycan dairələri bilməlidir ki, Azərbaycan heç vaxt öz hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək. AntiAzərbaycan siyasəti Fransanın öz maraqlarına ziddir. Fransanın nə vaxtsa bu qənaətə gələcəyini gözləmək mümkündür".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə