"Soydaşlarımızın tezliklə doğma yurdlarına qayıdışı gerçəkləşir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Soydaşlarımızın tezliklə doğma yurdlarına qayıdışı gerçəkləşir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən ötən vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğuna başlanılması və bu işlərin sürətlə, eyni zamanda, keyfiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisidir. Artıq işğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb. Bərpa və yenidənqurma işlərinin sürəti soydaşlarımızın tezliklə doğma yurdlarına qayıdışını gerçəkləşdirir. Bu gün Böyük Qayıdış Proqramı uğurla icra edilir və hər kəs doğma yurda dönür. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində və Füzulidə dediyi kimi, qələbəmizə görə Vətən övladlarına borcluyuq. Bu fikirləri SİA-ya açıqlamasında Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuliyə də 3 ildən də qısa müddətdə həyat qayıdıb. 30 il doğma yurd həsrəti çəkmiş məcburi köçkünlər artıq öz evlərindədir. "Füzuli Şəhəri Günü"ndə yurd-yuvalarına qayıtmış füzulililərlə görüşdə dövlət başçısı görülən işlərin uğurla davam etməsindən bəhs edərək bildirib: "Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.
Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var".

Deputat diqqətə çatdırıb ki, dövlət başçımızın oktyabrın 16-da Füzuli rayonuna səfəri çərçivəsində Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Bir səfər çərçivəsində atılan addımların miqyası ümumilikdə son üç ildə işğaldan azad edilmiş torpaqlarımızda görülən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır. Artıq istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan bütün arzuları gerçəkləşdi.

K.Bayramov əlavə edib ki, Qarabağla bağlı ilahi ədalət 100 il sonra öz yerini tapdı. Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə yaradılmışdı. Düz 100 il sonra bu tarixi ədalətsizliyə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən son qoyuldu. Dövlət başçımız müraciətində vurğuladı ki, "Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə