“Xudafərin körpüsü tarixi abidə olaraq qorunur” - DEPUTAT ŞƏRH ETDİ
“Xudafərin körpüsünün 1027-ci ildə Şəddadi hökumdarı Fəzil İbn Məhəmməd tərəfindən əsası qoyulub. Bu körpü o dövrün iki Azərbaycan dövləti olan Şəddadilər ilə Rəvvadilər arasında müharibələrin və Rəvvadi qüvvələrinin Şəddadilər ərazisinə keçməsinin qarşısını almaq üçün inşa olunub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Millət vəkili qeyd edib ki, əslində Xudafərin körpüsü iki körpüdən ibarət olub. Bir körpünün uzunluğu 130 metr və 11 aşırımlı, ikinci körpü isə 200 metr, 15 aşırımdan ibarətdir. Doğurdan da, dövrün sənətkarları tərəfindən yüksək sənətkarlıqla inşa edilib və bu günə qədər də qorunub, saxlanılır. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan xanlıqları dövründə körpülər İpək yolu üzərində olduğundan, ticarət bu yol üzərində aparılırdı. Ordu hissələri Azərbaycanın bir ərazisindən digərinə gedərkən körpülərdən istifadə olunurdu. Təsadüfi deyil ki, Qacarın həm xan, həm də şah olaraq yürüyüşü dövründə Xudafərin körpüsündən istifadə olunmuşdu. Həmin zaman müqavimət olduğundan körpülərin bir hissəsi dağıdılmış, lakin sonradan yenidən bərpa edilmişdir. Əlbəttə bu körpülər tikilənə qədər də əlaqələri buradan tənzimlənirdi. Amma 1027-ci ildə bu körpünün tikilməsi Arazın iki sahili arasındakı münasibətləri tənzimlədi.
Təbii ki, XI əsrdə tikilən körpü XX-XXI əsrə qədər də mövcudluğunu qoruyub. Belə ki, Çar Rusiyası tərəfindən Azərbaycan torpağı parçalanarkən, Şimali Azərbaycan xanlıqları işğal edildikdən sonra artıq körpü iki sahili birləşdirmə funksiyasını deyil, Azərbaycan ərazilərini parçalamaq funksiyasını üzərinə götürmüşdü. Arazdan o tayda körpü İran ərazisinə daxil idi, Şimal tərəf isə rus ordusu tərəfindən qorunurdu.
Yetmiş illik Sovet dönəmində də bu körpü baxımsız qalmış, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xudafərin körpüsü Azərbaycanla İran arasında sərhəd rolunu oynamışdır. Erməni daşnaq qüvvələri bu əraziləri işğal etdikdən sonra isə uzun müddət Xudafərin körpüsü ilə bağlı Azərbaycanın heç bir əlaqəsi olmayıb.
İşğala qədərki zamanda bu ərazidə iki su elektrik stansiyasının tikilməsi nəzərdə tutulub. Amma erməni işğalı bu məsələni uzun müddət uzatdı. Nəhayət 2020-ci il oktyabrın 18-də müzəffər Azərbaycan milli ordusu Xudafərini azad etdi, hazırda həmin ərazidə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Təbii ki, bu gün də İranla Azərbaycan arasında olan bu körpü hər iki dövlət tərəfindən qorunur. Eyni zamanda Xudafərin ərazisində su elektrik stansiyasının tikilməsi ilə bağlı Azərbaycanla İran arasında müqavilə var və bu istiqamətdə işlər aparılır.
Memarlıq tarixində Xudafərin körpüsünün xüsusi rolu var. Bu körpü bir tərəfdən əzəmət, bir tərəfdən Azərbaycan torpaqları arasında əlaqə yaratmaq və nəhayət gələcəkdə iqtisadi münasibətlərin inkişafı baxımından əvvəlki kimi ticarət yolu funksiyasını daşıya bilər. Ən önəmli məqam odur ki, otuz illik işğal dövründə körpü öz tarixini qoruyub, saxlaya bilib. Azərbaycan bu əraziləri işğaldan azad etdikdən sonra Xudafərin körpüsündə dalğalanan üçrəngli bayraq göstərir ki, Azərbaycan öz tarixi torpağına sahib çıxdı və Xudafərin körpüsü tarixi abidə olaraq qorunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə