"Fransa Ermənistandan zəif bənd kimi istifadə edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya da, Fransa da hər zaman müstəmləkəçi imperiya xislətli dövlət olublar. Rusiya heç vaxt özünün əhatə dairəsi saydığı ölkələrlə bərabər səviyyədə münasibətlər sistemi qurmayıb. Eyni şey Fransaya da aiddir. Baxmayaraq ki, üzdə erməni sevgisi, xristian həmrəyliyi kimi görüntü yaratsa da, ancaq mahiyyətcə Fransa da Ermənistandan zəif bənd kimi istifadə etməklə gələcəkdə Cənubi Qafqaza sirayət etmək istəyir. Bunun adı ekspansiyadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu da növbəti müstəmləkə siyasətidir: "Makron Afrikada itirdiklərini Ermənistan vasitəsilə Cənubi Qafqazda kompensasiya etmək istəyir".

"Əgər öz təhlükəsizliyini təmin edə bilmir və bunu başqa bir ölkəyə tapşırırsansa, əlbəttə ki, həmin ölkənin vassalı olmaq məcburiyyətindəsən. Qərar qəbul etmədən öncə vassalı olduğun ölkə ilə razılığa gəlməlisən. Ona görə də istər Fransa, istər ABŞ, istər Avropa Birliyi, istərsə də Rusiya ilə bu kontekstdə əməkdaşlıq Ermənistana subyektivlik tanımır və müstəqil dövlət imkanı vermir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə