"Heç bir Qərb ölkəsinin nəyisə dəyişməsi mümkün deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bilirdik ki, dünyada erməni separatçılarına ən çox maddi və hərbi baxımdan kömək edən Fransadır. Bunun da səbəbi orada olan varlı ermənilər, Makronun etnik erməni olması, bir çox Fransa siyasətçilərinin ermənilərlə yaxın olması və sairədir. Təbii ki, Fransa tərəfindən Ermənistanda böyük bir oyun qurmaq mümkün olmayacaq. Regionda öz maraqlarını müdafiə edən əsas ölkələr Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, ilk olaraq Ermənistanın iqtisadiyyatının 80%-ə qədərinin Rusiyadan asılı olduğunu unutmaq olmaz: "İkinci olaraq Rusiyanın orada böyük bir hərbi hissəsi var. Necə təsəvvür etmək olar ki, Rusiya bununla əlaqədar susacaq?! Ermənistanın da həmin hərbi hissələrin ərazidən çıxmasını istəyəcəyini düşünmürəm. Yəni, təbii olaraq Rusiya öz maraqlarını müdafiə edəcək. Üçüncüsü, İran heç vaxt şərait yaratmaz ki, hansısa Qərb ölkəsi, o cümlədən, Fransa Cənubi Qafqazda at oynatsın. Bu, İran üçün ən böyük təhlükələrdən biridir. Bütün bunları nəzərə almaq lazımdır".

Deputat sözlərinə davam edərək bildirib ki, Fransa guya Ermənistan torpaqlarının təhlükə altında olması şüarı ilə çıxış edir: "Heç kimin Ermənistan torpaqlarına göz dikmək fikri yoxdur. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, biz normal münasibətlərin qurulmasını istəyirik. Yaxşı dost olmasaq da, yaxşı qonşu olaq. Bundan başqa bizə heç nə lazım deyil. Gec-tez Ermənistan buna razı olacaq. Hesab edirəm ki, ilin sonuna kimi Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsi bağlayacaq. Zəngəzur yolu ilə bağlı məsələnin həll olunması da Ermənistanın maraqlarına uyğundur. Fransa da daxil olmaqla heç bir Qərb ölkəsinin nəyisə dəyişməsi mümkün deyil. İlk növbədə ona görə ki, Azərbaycan və Türkiyəni əksər ölkələr dəstəkləyir. Doğrudur, dünya dövlətlərinin bir qismi susur. Eybi yoxdur, sussunlar. Bu mövqe də bizi qane edir. Ölkə başçısının da dediyi kimi, Azərbaycan nəyi nə vaxt, hansı formada həyata keçirməli olduğunu yaxşı bilir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə