"Fransa heç vaxt özünə "kiçik bacı" bildiyi dövləti sonadək dəstəkləməyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi, bu ilin sentyabrın 19-da başlanan antiterror tədbirləri və Azərbaycanın öz ərazilərində suverenliyini tamamilə bərpa etməsi Fransanı, o cümlədən digər "erməni dostlarını" narahat etməkdədir. Onların məqsədləri heç də bədnam erməni xalqına yardım göstərmək deyil, Ermənistan adlı qondarma dövlətdən istifadə edərək özlərinin çirkin maraqlarını həyata keçirməkdir. İstər Fransanın XİN rəhbərinin Ermənistana səfəri, istərsə də Fransanın müdafiə nazirinin Ermənistanın müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı verdikləri bəyanatlar Qafqazda sülhün bərqərar olmamasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, Fransa Ermənistan vasitəsilə regionda möhkəmlənmək və iqtisadi maraqlarını təmin etmək istəyir: "Fransa artıq uzun illər müstəmləkə siyasəti yeritdiyi Afrikadan qovulmaqdadır və bu qovulma son çatır. Eyni zamanda, gələcəkdə açılacaq Zəngəzur dəhlizi və ya İran üzərindən keçəcək şaxəsi vasitəsilə qədim İpək Yolu üzərində öz iqtisadi maraqlarını təmin etmək niyyəti ilə Qafqazdan əl çəkmək istəmir".

Deputat sözlərinə davam edərək onu da bildirib ki, Fransada erməni lobbisinin fəaliyyəti işin yalnız görünən tərəfidir: "Makron yəqinki seçkilərdə məğlub olacaq. Artıq ilkin seçkilərdə onun məğlubiyyətinin qaçınılmaz olduğu ortaya çıxıb. Ondan sonra hakimiyyətə gələcək qüvvələr yəqinki daha ağıllı və praqmatik siyasət yeridəcəklər. Ən azından Azərbaycanın getdikcə artan nüfuzu və gücü qarşısında hesablaşmalı olacaqlar. Azərbaycanın dünya dövlətləri arasında dostları da çoxdur. Azərbaycanın işi də hər zaman haqq işi olub. Dövlətimiz indi də Qarabağda yaşamış ermənilərin yenidən qayıdıb gəlməsi və Azərbaycan qanunları daxilində yaşaması üçün heç bir maneə törətmədiyini dəfələrlə bəyan edib. Bu, yəqinki belə də olacaq".

M.Quliyev vurğulayıb ki, Fransanın bəyanatlarının arxasında heç bir əməli fəaliyyət dayanmır: "İndiyədək Fransanın tarixinə nəzər salsaq, onlar heç vaxt özlərinə müttəfiq və ya "kiçik bacı" hesab etdikləri dövlətləri sona qədər dəstəkləməyib. Ən azından Fransa Ermənistanın əvəzinə yenidən müharibə edəsi deyil. Fransa ictimaiyyətinin ermənilərə bu qədər isti münasibətin faydasız olduğunu dərk edəcəyi günlər uzaqda deyil. Ermənilər də artıq başa düşdülər ki, Azərbaycanla yalnız əməkdaşlıq vasitəsilə öz mövcudluqlarını qoruyub saxlaya bilərlər. Qarabağda demək olar ki, erməni terrorizminin kökü kəsildi. Erməni terrorçular və Azərbaycana qarşı ağır cinayətlər törədərək əli qana batan hər kəs tutulur. Onlar həm Azərbaycan, həm də dünya ictimaiyyəti qarşısında ədalət məhkəməsinin qarşısına çıxarılacaqlar. Bütün proseslər ona doğru aparır ki, Qafqazın titul xalqı olan Azərbaycanın apardığı siyasət qalib gəlir. Qısa müddət ərzində Azərbaycan və Türkiyənin öndərliyi ilə Qafqazda böyük sülh və tərəqqi təmin olunacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə