"Qarabağ insanlarımız üçün sabit və təhlükəsiz məkana çevriləcək" - DEPUTAT ŞƏRH ETDİ
"44 günlük müharibə bitən gündən indiyə kimi Qarabağdakı erməni silahlı birləşmələri təxribata, terrora davam edirdi. Azərbaycan tərəfi daima danışıqlardan və sülhdən yana olsa da, Ermənistan Qarabağdakı erməni əsilli vətəndaşlardan istifadə edərək dövlətimizin xoş niyyətindən sui istifadə edirdi. Xüsusilə, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyi daha da artırırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir: "Təəssüf ki erməni rəhbərliyi Qarabağdakı vətəndaşlardan öz məqsədləri üçün canlı qalxan kimi istifadə edirdi. Xüsusilə Ermənistan və onun havadarları Azərbaycanın bu insanlarla təmasda olmasına maneə olmağa çalışırdı. Dövlətimizin də tərəfdaş çıxdığı beynəlxalq hüquq və normalardan irəli gələrək antiterror tədbiri qaçılmaz idi. Hər bir dövlətin ölkə daxilindəki terrorçuları zərərsizləşdirməsi vacibdir.
Məlum məsələdir ki, Qarabağ da Azərbaycanın tərkib hissəsidir və orada məskunlaşan əli silahlı birləşmələr terrorçulardır. Bu terrorçular Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə saçmağa davam edirdilər. Artıq Qarabağda sivil insanlar, ailələr yaşayır. Bu da öz növbəsində dövlətimizin vətəndaşlarının təhlükəsizliyinin təmin etməsini şərtləndirirdi. Qarabağdakı erməni terrorçuları Azərbaycan vətəndaşlarının həyatı üçün böyük təhlükədir. Bu səbəblərdən də 2020-ci il 10 noyabr bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı və qısa zamanda da uğur əldə etdi. Terrorçular təslim oldu. Azərbaycan terrorçularla danışıqlar yoluna razılıq verib, onları silahı yerə qoymağa dəvət etdi. Nəhayət ki, Qarabağ terrorçulardan təmizlənib, insanlarımız üçün sabit və təhlükəsiz məkana çevriləcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə