"Hazırkı proseslərdə Fransa fərqli bir rola bürünüb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla dünyaya öz qətiyyətini, xalq birliyini göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz və xalqımız yumruq halında birləşərək düşmənin başını əzdi. Bu hadisədən 3 il keçməsinə baxmayaraq Qarabağda sabitlik bərpa olunmadı. Bütün bu məsuliyyət Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Hələ də 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bugünkü gündə də ərazimizdə terrorçu qruplar mövcuddur: "Azərbaycan Respublikası Konstitusiya quruluşunu bərpa etmək üçün öz ərazisində anti-terror tədbirlər həyata keçirir. Təbii ki, yenə də erməni havadarlarının hay-küyünə rast gəlinir. Onlar BMT TŞ-da bu məsələləri müzakirə etməyə çalışırlar. Həmin ölkələr arasında Fransa başda gəlir. Hazırda gedən proseslərdə isə Fransa başqa bir rola bürünüb. Daha çox Almaniya və digər ölkələrin səsini eşidirik. Fransa susqunluq nümayiş etdirir deyə bilmərik. Bir çox Fransa deputatları, siyasiləri hədyanlar yağdırmaqdadırlar. Lakin hələ ki Fransadan ciddi olaraq Makron və digərlərinin bəyanatlarını müşahidə etmirik".

Deputat sözlərinə davam edərək bildirib ki, hər hansı bir ölkə başçısı və ya siyasi rəhbər Azərbaycan Prezidenti ilə danışıqlara cəhd göstərsə ölkə başçımızın Ali Baş Komandan kimi göstərdiyi qətiyyəti diplomatik müstəvidə də görəcəkdir: "Ölkə başçısı xalqımızın qətiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmət çərçivəsində öz Konstitusiyasına uyğun olaraq suveren ərazisində tədbirlər həyata keçirir. Bu, Azərbaycanın legitim hüququdur. Heç kim bizi yolumuzdan döndərə bilməz. Fransa və digər erməni havadarları nə qədər cəhd etsələr də, Azərbaycan öz haqq yoluna davam edəcək və şərtlərinə əməl olunana qədər bu tədbirləri həyata keçirəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə