"Belçika rəsmisi İrəvanda Fransanın süni peyki kimi davrandı" - DEPUTAT ŞƏRH ETDİ

"Belçika xarici işlər nazirinin Ermənistana səfəri zamanı səsləndirdiyi bəyanatlar və təmasları zamanı nümayiş etdirdiyi ritorika hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə ziddir. Əslində Avropa İttifaqı Şurası tərəfindən təşkil edilən Bürssel formatının məqsədlərini təşviq etməli olan Belçika rəsmisi İrəvanda daha çox Fransanın süni peyki kimi davrandı. Bakıda Azərbaycan və Ermənistan arasında “tarixi fürsətdən və dialoqdan yararlanmağın zərurətindən” danışan nazir Hadija Labib İrəvanda erməni faşizm ideologiyasına bütün mümkün formalarda dəstək verdi. İşğalçı ordunun fərariləri ilə az qala müharibə qəhramanları kimi davranmaqla belçikalı nazir əslində ölkəsinin ümumbəşəri dəyərlərə nə qədər “sadiq” olduğunu və əslində Brüsselin dünyaya Parisin gözü ilə baxdığını özü də istəmədən ifşa etmiş oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Belçika region dövləti deyil, bölgəmizlə faktiki olaraq tarixi-siyasi bağı yox səviyyəsindədir: "Aydındır ki, regionun artan geosiyasi əhəmiyyəti fonunda Belçikanın da maraqları var, amma təəssüf ki, Brüssel kommunikasiyalara illərdir ki, yanlış yerdən başlayır, Qafqaza sivil dövlət kimi qapıdan yox, bacadan giməyə cəhd edir.

Biz Belçika ilə qlobal müstəvidə bərabərhüquqlu əməkdaşlığa, ticarət dövriyyəsinin artırılmasına, Azərbaycana Belçika investisiyasının cəlb edilməsinə və s. şaxələndirilmiş əməkdaşlığa hazırıq. Lakin ilk növbədə Brüsseldə buna hazır olmalıdırlar. Biz Azərbaycana münasibətdə Brüsseldən xüsusi yanaşma tələb etmirik, Belçika ilk növbədə beynəlxalq hüquqa, beynəlxalq hüququn prinsiplərinə, BMT Nizamnaməsinə, BMT-nin məqsəd və prinsiplərinə hörmətlə yanaşmalı, reallıqları öz adı ilə çağırmağı bacarmalıdır. 30 illik işğala işğal və təcavüz deməli, Azərbaycanın qələbəsini regionda beynəlxalq hüququn təntənəsi, BMT qətnamələrinin icrası kimi qəbul etməlidir. Bu halda biz Brüsselin xəbis niyyətlər güddüyünə yox, regionda həqiqətən sülh arzuladığına inana bilərik. Amma görünən odur ki, Belçika Ermənistanın bir an öncə özünə gələrək 2020-ci ilə qədərki status-kvonu bərpa etməsini arzulayır. Təbii ki, bu da mümkünsüzdür".

Deputat sözlərinə davam edərək bildirib ki, nə Belçika özü, nə Fransa, nə də şər blokun hər hansı üzvü Azərbaycanın formalaşdırdığı reallığın axarını dəyişə, İrəvanı dalandan qurtara bilməz: "Bəli, biz dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan etmişik, amma eyni zamanda yaxın tarix göstərir ki, bu ideallar naminə, sülh və təhlükəsizlik naminə, suveren haqlarımız naminə istənilən müstəvidə, istənilən beynəlxalq hüquq subyekti ilə anladığı dildə danışmaq güc və imkanındayıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə