"Fransa riyakar, ikiüzlü yanaşmasını davam etdirib" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın humanitar yardım şousu ilə bağlı çox təəssüf ki, dünyanın bir sıra güclərindən adekvat olmayan, bölgədə sülh proseslərinin qurulmasına zərbə vura biləcək addımlar müşahidə etməkdəyik, xüsusilə də, Fransanın yanaşmasını. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin səsləndirdiyi bəyanat reallıqların şərtlərindən tamamilə uzaq olmaqla yanaşı, həm də bölgədə konfrantansiyanı gərginləşdirmək, artırmaq, Ermənistanla Azərbaycan arasında müxtəlif danışıqlar zamanı əldə olunmuş razılıqların sıfırlanmasına xidmət edən, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcək bir açıqlamalardır. Təəssüf ki, Fransa növbəti dəfə riyakar, ikiüzlü yanaşmasını davam etdirərək Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə istinad etməklə Laçın yolunu blokadada saxladığını absurd ifadələrlə bəyan edib". Bu sözləri politoloq Anar Əliyev SİA-ya açıqlamasında deyib.

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın Laçın yolunda təmin etdiyi nəzarət-buraxılış məntəqəsinin tam qanuni əsaslara və beynəlxalq hüququn prinsiplərinə söykəndiyi ilə bağlıdır və Fransa tərəfi unutmasın ki, heç bir dövlət, eləcə də Fransanın özü daxilində hər hansı bir icmaya kənar dövlətlər tərəfindən qanuna zidd dövlətin suveren hüquqlarına kobud şəkildə müdaxilə kimi qiymətləndirilə biləcək yardımların çatdırılmasına imkan verməz. Belə bir halda ikili yanaşma nümayiş etdirərək beynəlxalq hüququn prinsiplərinin selektiv tətbiqinə əsaslanan mövqe ifadə etmək Fransa dövlətinin nüfuzuna, imicinə zərbə vurmaqdan başqa heç bir praktik nəticə doğura bilməz. Azərbaycan Ağdam, Xankəndi variantını təklif etməklə Ermənistanın humanitar böhran şousunun manipulyativ və spekulyativ davranışlar olduğunu bir daha sübut etmiş oldu. Çünki əgər qeyd edildiyi kimi həqiqətən bölgədə humanitar problemlər mövcuddursa, o halda Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı bürosu vasitəsilə ərzaq və digər zəruri ləvazimatların çatdırılmasına Ermənistan və Qarabağdakı ermənilər “ikiəlli” razı olmalı idilər.

Digər tərəfdən, elə ermənilərin özləri, məsələn, Baqdasaryanın "teleqram" kanallarında dəfələrlə Qarabağda, Xankəndidəki marketlərdən çəkilişlər edilərək ərzaq bolluğundan və heç bir məhdudiyyət olmadan satışlardan məlumatlar səslənib və görüntülər yayılıb. Bütün bunlar onu göstərir ki, Ermənistanın istəyi Laçın yolunun vahidliyinin qorunub saxlanmasına xidmət edir. Çünki Ermənistan və havadarları çox gözəl anlayır ki, Laçın yolunun vahidliyi təmin olunmayacaqsa, Qarabağda yaşayan dinc sakinlərə zəruri ləvazimatların çatdırılması Azərbaycan vasitəsilə həyata keçirirləcəksə, bu halda separatizmin qısa müddət ərzində kökü silinəcək, bölgədəki dinc sakinlər separatçıların, terrorçuların girovundan xilas olaraq Azərbaycana reinteqrasiya prosesi güclənəcək. Nəticə etibarilə həmin dövlətlərin bölgəmizlə bağlı neo-imperialist maraqları reallaşmamış olacaqdır. Buna görə də Ermənistanı, erməniləri, Qarabağdakı separatçı qüvvələri alət edərək yenə də özlərinin çirkin mənafelərini təmin etməyə çalışırlar, bölgədə konfrantasiyanı, gərginliyi artırmaqla yeni gündəlik formalaşdırmağa çalışırlar. Bununla da Azərbaycana təzyiqlər formalaşdıraraq Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsinə mane olmağı planlaşdırırlar.

Fikrimcə, Azərbaycan qətiyyətli mövqeyini bundan sonra da davam etdirəcək və birmənalı şəkidə beynəlxalq hüququn prinsiplərinin selektiv tətbiqinə imkan verməməklə mövcud qanunvericiliyin tələblərinin reallaşdırılmasına, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinə hörmətin hər bir güc tərəfindən qəbul edilməsini tələb edəcək. Ermənistan, Qarabağdakı separatçı qüvvələr, Rusiya, Frans, İran, Avropa Şurası və bölgədə fərqli situasiya formalaşdırmaq istəyən digər güclər bilməli və bunu bir dəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycan sərhədləri daxilində hər hansı bir icmaya əlahəddə statusun, səlahiyyətlərin verilməsi baş tutmayacaq və buna nail ola biləyəcəklər. Azərbaycanda vətəndaşların hamısı qanun qarşısında bərabərdir, onların səlahiyyət və hüquqları da qanunla tənzimlənir, heç bir əlavə status və imtiyaz nəzərdə tutula biməz. Belə davranışlarla yalnızca bölgədə əldə olunmuş kövrək sülhə zərbələr vurmaq və Ermənistan cəmiyyətində yenidən yanlış xülyalara əsaslanan təsəvvürlərin formalaşmasına xidmət edə bilərlər. Heç bir praktik nəticəsi, effekti olmayan davranışlarıdr və Azərbaycanın ortaya qoyduğu iradəyə təsir edə bilməyəcəklər", - A. Əliyev qeyd edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə