Qrantyeyənlərin "fond layihəsi" kimə və nəyə xidmət edir?
Bu günlərdə Azərbaycanın informasiya məkanına şok məlumat daxil oldu. Bəlli oldu ki, Londonda İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən “Azərbaycan Gənclərinin Təhsil Fondu” (AGTF) qeydə alınıb. Kiçik araşdırma nəticəsində məlum oldu ki, bu “xeyirxah” işin həmmüəllifləri cəmiyyətdə yalnız mənfi imicləri ilə tanınan Milli Şuranın fəxri sədri, bu yaxınlarda həm ABŞ-dan, həm də İngiltərədən qovulan (ona müasir dildə deportasiya deyirlər – müəllif) tarix professoru Cəmil Həsənli, diplomatik fəaliyyətində yol verdiyi satqınlıq, xəyanət cəzasından yayınmaq üçün Avropa dövlətlərindən birinə qaçan Arif Məmmədov və hələlik iqtisadiyyatda heç bir uğur qazana bilməyən, əvəzində siyasi partiyasını da itirən Qubad İbadoğludur.
Məsələnin əsl mahiyyəti ortaya çıxana qədər hər kəs, yəni bu məlumatı oxuyanlar bu “qəhrəmanlar”ın ünvanına bir “molodes” göndərirdilər. Ta ki, bütün detallar üzə çıxana qədər. AGTF-nin başlıca məqsədinin “bilikli və istedadlı gənclərə xaricdə təhsil almaqda, eləcə də gənc alimlərə beynəlxalq elmi konfranslarda araşdırmalarının nəticələrinin təqdim edilməsində hər cür dəstək vermək” olduğu deyilir və yazılırdı. Bəli, demək də, yazmaq da ayıb deyil, deyilənlərə əməl etməmək isə dələduzluqdur. Bu söz rus dilində daha yaxşı səslənir - “moşennik”lik.
“İtlə dostluq et, çomağını əlində saxla”, “İlandan gələn xeyir ancaq zəhər olar” deyimləri hər addımda insanın yadına düşür, ya da yada salmalı olursan bu kəlmələri. İndi elə zamana gəlib çıxmışıq ki, hər sözü, hər təklifi araşdırmağa, saf-çürük etməyə məcburuq. Özlərini müxalifətin “qaymaq”ları hesab edən bu 3 “dahi”nin yaratdığı yeni Fondun fəaliyyəti nəticəsində gənclərimiz əlavə dəstək ala biəcəklərini düşünmək olardı. Bizim də 4-cü sinifə qədər təhsilimiz var, pisi yaxşıdan seçməyi də bacarırıq, fondun kassasında nə qədər vəsait ola bilər, sualının cavabını da bilirik. Fərqindəyik ki, fond maliyyə vəsaiti olan bir təsisatdır. Yəni istər xaricdə, istərsə də Azərbaycanda təhsil almaq istəyən, lakin maddi vəsaiti olmayan gənclərə belə fondlar tərəfindən yardımlar göstərilir, qırılan ümidləri bərpa edilir. Heydər Əliyev Fondu tərəfindən gənclərimizə qayğı, təhsillə bağlı verilən dəstək göz qabağındadır. Bu iş səhiyyə və digər sosial sahələrdə də yüksək səviyyədə aparılır. Əgər “üç müşketyor”un yaratdığı fond da bu savaba xidmət etsəydi, nə dərdimiz olardı. Amma…
Nəzərə alsaq ki, hər üç şəxs – həm Cəmil Həsənli, həm Qubad İbadoğlu, həm də Arif Məmmədov bu qabiliyyətin yiyəsi deyillər və ömürləri boyu onun-bunun atdığı ilə dolanıblar, xüsusən də fəaliyyətlərində heç bir uğura imza atmayıblar, fond yaratmaqla nə isə edə biləcəkləri ağılabatan deyil.
Fikirlərimizin doğru olduğunu isbat etmək üçün gəlin, hər üç şəxsin “həyat və yaradıcılığına” bir daha nəzər salaq. Ən azından ona görə ki, gənclərimiz aldanmasın, bu riyakarların, özündən başqa kimsənin maraqlarına hörmət etməyənlərin toruna düşməsinlər. Cəmil Həsənli barədə BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin fikirləri maraqlıdır. O, deyib ki, Cəmil Həsənlinin “fəxri sədr” olduğu Milli Şura insanları təhqir edir. Cəmil Həsənli azərbaycanlı olduğuna görə utandığını deyir. Bəli, o utana bilər. Çünki nə qədər ki, deputat idi, fikirləri, münasibəti bam-başqa idi. Deputat seçilmədikdən sonra isə başladı ağlına və ağzına gələni danışmağa. Belə insanlara niyə etimad edilməlidir ki?”.
Bir faktı da deyək, Britaniya Parlamentində qondarma erməni soyqırımı üzrə dinləmələr keçirilən zaman Azərbaycanın “radikal müxalifət” təmsilçiləri dəbu dinləmələrə dəstək verib. Təsadüfi olmayan bu hadisələr sinxron hərəkətlər idi. 2019-cu ildə ABŞ Konqresi “erməni məsələsi”ni gündəmə çıxaranda, həmin ilin oktyabr ayında qondarma “dağlıq qarabağ respublikasının” qondarma “xarici işlər naziri” Masis Mayılyan ABŞ-a səfər etmişdi. Bilirsiniz həmin tədbirdə Azərbaycandan daha kim var idi, əlbəttə, Cəmil Həsənli. Azərbaycan diaspora nümayəndələri Konqres qarşısına toplaşıb Masis Mayılyana etiraz edəndə bəlli oldu ki, Milli Şura sədri Cəmil Həsənli də Vaşinqtondadır. Mayılyan Konqresdə “DQR müstəqilliyini” qeyd edərkən Cəmil Həsənli də “Azərbaycanda demokratiyanın olmaması barədə” danışırdı. Azərbaycanın haqqını qorumayan, onun tələblərindən birini belə səsləndirməyən C.Həsənli indi hansı səbəblə Təhsil Fondu yaradır, hansı üzlə daim əleyhinə getdiyi ölkənin gənclərinə təhsil vermək, bunun üçün ətək-ətək para xərcləmək həvəsinə düşüb. Bu, gənclərə qarşı növbəti kələk deyilsə, bəs nədir?
C.Həsənli müəyyən dairələrin maraqlarını təmsil edir. İndiyəcən böhtan xarakterli, erməni mənbələrinə istinad olunan məlumatları Azərbaycan cəmiyyətinə sırımaqla məşğul olub. Xalqımız bunu da başa düşür ki, Cəmil Həsənli bu dövlətdən, bu xalqdan acıq çıxır. Növbəti parlament seçkilərində uğursuzluqlarının günahını sa seçicilərində görür. Ona görə də hədəfini cəmiyyətin daha həssas nöqtəsinə – gənclərə tuşlayıb. Bu gün C.Həsənlinin ətrafındakılar, yəni yaxın qohumları Azərbaycanda yaşamır, hamısı xaricdədir. Yalnız özü buralarda girələnir. C.Həsənli Avropada erməni qüvvələrindən istifadə edərək Azərbaycanın haqq işini müdafiə edən bəzi qurumları, təşkilatları şantaj edir.
Maraqlı bir fakt isə Arif Məmmədovla bağlıdır. Bəri başdan qeyd edək ki, “qaçaq diplomat” öz fəaliyyətində Fətullah Güləni özünə örnək kimi qəbul edir. Bəli, FETO-nun başçısı Fətullah Gülənin hakimiyyəti ələ keçirməkdə nadir üsul seçməsi heç kimə sirr deyil. Yetənəkli gənclər FETO-nun xarici mənbələrdən əldə etdiyi külli miqdarda paralar hesabına dünyanın ən tanınmış universitetlərinə təhsil alır və ölkəyə qayıdır. Müxtəlif sahələrdə işlə təmin olunur və bir müddətdən sonra yüksək qabiliyyətə malik gənclər hakimiyyət strukturlarında hər gün daha irəli çəkilir və plana uyğun olaraq idarəetməni ələ alırlar. Bu üsul hansı ölkədə tam olaraq həyata keçirildiyini qəti şəkildə deyə bilməsək də, qardaş Türkiyədə baş verənləri unutmamalıyıq. Məhz hakimiyyətin tam içinə oturmuş FETO-nun nə qədər ustalıqla davrandığının da şahidi olduq. Əgər Türkiyə xalqı vaxtında reaksiya verməsəydi, bu günün mənzərəsi fərqli olardı. Arif Məmmədovun da istəyi budur, o deyir ki, “məqsəd Azərbaycan üçün kadr bankı yaratmaqdır”. Eyni FETO dəst xətti.
“Gənclərin qədirbiləni”Arif Məmmədovun Gəncədə baş verəcək iğtişaşlardan öncə gəncəliləri iğtişaşda iştiraka çağırış etməsini yada salaq. Generalımız öldürülən və 44 günlük müharibənin başlanğıcı olan Tovuz döyüşlərində sərhəddə Ermənistanın hərbi təcavüzünə, Los-Ancelesdə, Avropada ermənilərin azərbaycanlılara hücumuna açıq dəstək verənlərdən biri də Arif Məmmədov idi. O çıxışlarında vurğulayırdı ki, guya müharibəni başladan Azərbaycandır və bunu ona görə edir ki, diqqət daxili problemlərdən yayınsın. Belə çıxır ki, Azərbaycan heç vaxt Qarabağı azad etməməli imiş. A.Məmmədovun COVİD-19 pandemiyası barədə uydurması isə heç bir əndazəyə sığmır. Bütün dünyada xəstəliklə mübarizə aparıldığı bir vaxtda Azərbaycanı suçlamaq, əlbəttə, bu adamın dayazlığından, yetkin parazit olmasından xəbər verir.
Qubad İbadoğlundan isə danışmağa dəyməz. Özünü Böyük Britaniyada hansısa universitetin “əvəzolunmaz” professor hesab edən, Azərbaycan üçün “əlini daşın altına qoymağı” özünə sığışdırmayan bir uğursuz iqtisadçının da bu üçlükdə təmsil olunması gənclərimizə qarşı ən böyük təxribatdır. Çünki onun şirin dilinə aldananlar ola bilər, vədlərinə inanıb xaricə üz tutanlar tapılar. Sonrakı peşmançılıq fayda verməz, atalar misalını da xatırladaq ki, sonra kimsə deməsin ki, demədiniz.
Maraqlı sualın cavabını biz də axtarırıq, Təhsil Fondunun maliyyə qaynağı haradandır, yaxud pulları bu fonda kim yatıracaq? Bəli, əldə etdiyimiz məlumata görə, bu məsələdə SOROS Fondunun adı daha çox hallanır. Erməni lobbisi ilə dolayı yolla əlaqəli olan mənbələr də var bu siyahıda. Amma bu fakt bəzilərində qərəz kimi başa düşülə bilər. Amma bu bir həqiqətdir ki, erməni mərkəzlərinin etdiyi ianələr həmişə açıqlanmır. Erməniləri əsas nəticə maraqlandırır. Əsas odur ki, bu fondun oxutduğu tələbələr hakimiyyət pilləsində daha tez irəliləyə bilsinlər. Beyni yuyulmuş, idarə olunan bu gənclərin nələr törədə biləcəyini təsəvvür etmək bizi ehtiyatlı olmağa səsləyir. Diplomatiyada, siyasətdə, iqtisadiyyatda uğursuzluğa düçar olmuş “vətənpərvərlər”in “xeyirxah” əməlindən şübhələnməyə dəyər. Gələcəyimiz olan gəncləri qorumaqda fayda var, inanın.
V.SALAH
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB