Poeziya ruhun cəmiyyətə, insan psixologiyasına təsiri ilə zamanla insan arasında olan dərin bağlantını əks etdirən sənət aləmidir. Onun diqtəsi qədər insan ruhuna, insan qəlbinə nüfuz edə biləcək dəyərli qüvvə yoxdur. Poeziyanın ən mükəmməl nümunələri, məhz idrakın kainatla bağlı olduğu zamanda, eləcə də, həyatı dərk etmək zamanı meydana çıxır. Ruhu incə, nəcib və səmimi olan şəxslər, məhz şairlik iddiası ilə fikir dünyasından qaynaqlanan ideyaları sənət dünyasına bəxş edirlər. Tanrının yaratdığı insanlar sırasında Ona yaxın olan da məhz şair, söz əhlidir.
Əlbəttə ki, söz əhli ilə müəllimlik, insanlıq bir tərəzidə olanda belə məqamda dünyanın biçimində Tanrının yaratdığı varlıq uca zirvədə öz taxt-tacını qurur. Azərbaycan poeziyasına kiçik yaşlarından qədəm qoyan Azərbaycan və dünya klassikasını əxz edən Ofeliya xanım Mürsəlova kövrək addımlarını poeziya aləminə ata-ata hər ömründən düşən yarpağı yaşadığı illərin salnaməsinə həkk edib. Bu gün isminin qarşısına şair və pedoqoq adların şərəflə həkk edən qəhrəmanımızın 75 yaşı tamam olur. Ömrünün səhifələrini zəhmət və istedadı ilə yazan Ofeliya xanımın özünəməxsus tərcümeyi-halı var. Hər kəsin özündən biixtiyar olaraq yaşadığı həyatın hökmünü verən zaman, onu nizamlayan və fərdlərin keyfiyyətlərini üzə çıxarılmasında qərar verən illər və bu məsafədə istedad və zəhmətin fövqündə duran amillər, məhz onun həyat naxşını salır. Neçə onillikləri yola salmış və ömrünün kamil bir zamanında hesabatını nizamlayan və bu yaşantılarının müqabilində özü-özünə məsuliyyətlə yanaşan Ofelya xanım Mürsəlovanın da həyat və fəaliyyəti zamanın ölçüsündə zəngin və maraqlı görünür.
Bu gün onilliklərin hesabatında Ofelya xanımın şair, publisist, pedaqoq olaraq xarakteristikası, cizgiləri yaşantılarında öz əksini tapıb. Ofelya xanım gənclik dövründə öz yaşıdlarından fərqlənən bir xanım olduğundan hələ tələbə ikən göstərilən etimadın qarşısında böyük uğurları həyat yoluna həkk etmişdir. Belə ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olan Ofelya xanım 1971-ci ildən respublika tələbələri adından 13-cü çağırış Azərbaycan Respublikasının ilk tələbə deputatı seçilmişdir. Bu etimad ona Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Tələbə ictimaiyyətini ətrafında birləşdirən, fikirləri ilə yaşıdlarının ictimai həyatına birbaşa müdaxilə edərək, onların həyat yoluna işıq salmağa cəhd göstərən Ofelya xanım potensialından yararlanaraq yaşıdlarının sevimlisi olmuş, eləcə də, vətənpərvərlik hissləri ilə öz torpağına xidməti amal olaraq həyat yoluna vəsiqə etmişdir. Elmi potensialını artırmaq, Azərbaycan üçün gərəkli ziyalıya çevrilmək məqsədi ona 1976-cı ildə Stavropol vilayətinin Orcenkidze (indiki Vladiqafqaz) şəhərində osetin, çeçen-inquş dilləri üzrə qiyabi aspiranturaya daxil olmağa sövq etmişdir. Təhsilini başa vuran Ofelya xanım 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika bölməsində baş müəllim vəzifəsinə təyin olunmuşdur. 40 il bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirib. Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə universitetin 90 illik yubileyi münasibətilə təhsil naziri Misir Mərdanov tərəfindən fəxri fərmanla təltif edilmişdir. Onu da vurğulayaq ki, o, 1985-1989-cu illərdə isə Moskva Beynəlxalq Hüquq İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirmişdir. Mənalı ömür yolunu yazan Ofelya xanım şaxəli həyat yolunda bir sıra kitabların müəllifi olaraq tanınıb. Pedoqoji fəaliyyətdə olduğu illərdə o, bir çox elmi məqalələrin və tezislərin müəllifinə çevrilib. Dinin elmi fəlsəfəsini yaradıcılığında şərh edən və onun tərəflərinin izahını yaradıcı nöqteyi-nəzərdən yanaşan Ofelya xanım "Qurani-Kərim"də Allahla insan münasibətləri", "Məhəmməd Peyğəmbərin kəlamları və insan ruhunun tərcüməsi" məqalələri məhz bu mövzuda qələmə alınan nümunələrdir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatı onun yaradıcılıq yolundan kənar ötməmişdir. Belə ki, "Heydər Əliyev təhsil sahəsindəki islahatların banisidir", "Mir Cəlal Paşayev: görkəmli nasirin şəxsiyyətinə və yaradıcılığına tarixi və müasir baxış", "Unudulmaz alim Mir Cəlal Paşayev" və digər məqalələri Ofelya xanımın araşdırmaları, Azərbaycan tarixinə, ədəbiyyatına olan məhəbbətinin fövqündə qələmə alınmışdır. Daim axtarışda olan və zaman üçün aktual olan mövzulara müraciət edən Ofelya xanım "Heydər Əliyev fenomeni elmin inkişafında sönməz cığırdır", "Mir Cəlal Paşayev: şəxsiyyətinə və yaradıcılığına tarixi və müasir baxış" tezisləri elmi konfransların materialları əsasında ərsəyə gəlmişdir. Bütün bunlarla yanaşı, onun elmi əsərləri də yaradıcılığını şaxələndirən amil olaraq diqqətini çəkir. Belə ki, "Qurani-Kərmdə əxlaq tərbiyəsi", "Qurani-Kərimdə elmi biliklərin mənimsənilməsi", "İnam tərbiyəsi haqqında", "Mir Cəlal Paşayev hekayələrində vətənpərvərlik motivləri", "Mir Cəlalın satirik və yumoristik hekayələrində gülüşün tərbiyəvi əhəmiyyəti" və onlarla belə elmi əsərləri pedaqoji tədqiqatların axtarış və tapıntıların müqabilində geniş oxucu kütləsinə təqdim edilmişdir. Bu nümunələrin hər birində Ofelya xanım insan düşüncəsinə təsir edən, onun daxili dünyasına nüfuz edən və cəmiyyətə sağlam ruhlu insanların tərbiyə olunmasına xidmət edən dəyərləri qabartmış və öz düşüncəsinin süzgəcindən keçirən hər bir ali hissələri bu və ya digər əsərlərində əsas xətt olaraq təqdim etmişdir.
Onun yaradıcılığının bir qolunu poeziyası təşkil edir. Fikirlərini bədiiləşdirən, nəzmə köçürən Ofeliya xanımın "Mənim ömür karvanım", "Allaha inanmaq lazımdır" kitablarından məhz qapalı dünyasından soraqlar alırıq. Uşaq yaşlarından jurnal və qəzetlərində şeirləri ilə çıxış edən Ofelya xanım hələ tələbə ikən fəhlə yataqxanalarında əbədi-bədii gecələrində şeirləri ilə insanlarn qəlb dünyasına siyarət edə bilmişdir.
Ofeliya xanımın yaradıcılıq dünyasını zinətləndirən "Etiraf", "İstəmədən doğuluruq", "Şəhidlərə", "Vətən nəğməsi", "Şəhidlərin nəğməsi", "Dünya" və digər şeirlərində şairin daxili dünyasının çırpıntıları, vətən sevgisi özünü biruzə verir. Son illərdə həyatın ictimai-siyasi hadisələri ilə bağlı qələmə aldığı şeirlərdə Ofeliya xanımın haqq səsi, vətənlə bir vuran qəlbinin səsi eşidilir.
Qarabağ uca tut daim başını
Səslə öz qoynuna türk qardaşını
Əzizlə hünərvər can sırdaşını
Səfalı torpaqda qurun-yaradın
Bütün cahan görsün bu təmtarağı
Enilməzdir Azərbaycan bayrağı!
Onun hər bir misrasında Vətən, torpaq sevgisi duyulur. Vətənə. dövlətə sədaqəti və sədaqətin izharı misralarına hopub. Ulu Öndər Heydər Əliyevin xalqın xilakarı kimi bədii obrazı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti onun yaradıcılığında ana xətt olaraq hər zaman diqqətdədir. İctimai-siyasi məzmunlu şeirləri sırasında olan "100 illik yubileyə hədiyyə!" xüsusilə diqqəti cəlb edir:
Vətənə, Dövlətə, Xalqa sədaqət
Ulu Öndər Heydər məhəbbətiydi.
Xalqın xoş günüyçün çəkdiyi zəhmət
Xalqa sevgisinin əmanətiydi.
Ofelya xanım psixoloq, təvazökar insan, istedadlı qələm sahibi və ən əsası isə gözəl pedaqoq olması ilə hər zaman ətrafında olan insanların sevgi və qayğısı ilə əhatə olunub. Onun ictimai fəaliyyəti diqqətdən kənarda qalmır. Ofeliya xanım 75 illik yubileyi münasibəti ilə Səbail rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə, rayon icra hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif olunub. Eyni zamanda “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev tərəfindən”Uzun illər ardıcıl əməkdaşlığa görə” diplomla təltif edilib. Diplomun təqdimetmə məraimindən çıxış edən Bəhruz Quliyev yubleyarı təbrik edərək, ona can sağlığı və yaradıcılıq arzulayıb. Bu sevincini bizimlə bölüşən Ofeliya xanım fəaliyyətinin qiymətləndirilməsinə görə minnətdarlıq hissini ifadə edib. Cəsarətli, sözünün gücü, inamı, sadəliyi, paklığı ilə seçilən Ofelya xanım ömür yolunda portretinin yaradılmasına müvəffəq olmuş və şövqlə, böyük sevgi ilə həyatın müdriklik, kamillik dövrünü yaşamaqda davam edir. 14 iyul tarixində yubileyini - yaşadığı onilliklərin baharını qeyd edən Ofelya xanıma Tanrının bəxş etdiyi ömür karvanını beləcə mətanətlə, alnıaçıq davam etdirməyi arzulayırıq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB