Rusiyadakı hadisələr beynəlxalq proseslərə təsir göstərəcək - ŞƏRH
Sabir Şahtaxtı, siyasi elmlər üzrə fəlsəfə doktoru
Məlum olduğu kimi Rusiyanın Rostov vilayətində muzdlu döyüşçülərdən təşkil olunmuş “Vaqner” silahlı qrupu qiyam qaldırıb. Hazırda dünya ictimaiyyətinin siyasi fəal təbəqəsini maraqlandıran ən ciddi suallardan biri hadisələrin necə inkişaf edəcəyidir. Əvvəla onu qeyd etməliyik ki, dünyanın heç bir yerində daxili hərbi gərginlikdən uduşla çıxan ölkə olmayıb. Bu məntiqlə Rostov hadisələri Rusiyadakı ümumi məsələlərə və həyat tərzinə mənfi təsir göstərəcəyi kimi, beynəlxalq proseslərə də ciddi təsir göstərəcək. Hadisələrin qızışması ilk növbədə Rusiyanın Ukraynadakı, eləcə də Yaxın Şərq, Cənubi Qafqaz və Şimali Afrikadakı hərbi varlığına son qoya bilər. Hadisələrin necə inkişaf edəcəyi isə beynəlxalq ictimaiyyətin proseslərə münasibəti, tərəflərin kütləvi informasiya münasibətlərindən necə istifadə edəcəyi, həmçinin Rusiya əhalisinin reaksiyasından çox asılıdır.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin onun rəhbərlik etdiyi silahlıların arxa düşərgələrinə raket zərbələri endirdiyini, minlərlə döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimiz baədə qərar verəcəyik. Növbəti addım bizimdir".
Vladimir Putin isə Rostovda vəziyyətin gərgin olduğunu, dövlət orqanlarının işinin iflic vəziyyətə gətirildiyini bildirərək hadisələrə münasibətini və mövqeyini belə ifadə edib: “Silahlı qiyam təşkil edənlər və silahdaşlarına qarşı silah qaldıranlar Rusiyanı satanlardır. Bir prezident, Ali Baş Komandan və Rusiya vətəndaşı olaraq mən ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm. Qəti addımlar atılacaq.”
Vladimir Putin və Yevgeni Priqojin Rusiyanın hərbi-siyasi elitasında bir-birilərini ən yaxından tanıyan, qarşılıqlı olaraq xarakter və iş taktikaların mükəmməl bilən şəxslərdir. Deməli, baş verən heç bir addım təsadüfi sayıla bilməz. Qanlı olayların başlandığı coğrafi məkanın da Rostov olması deməyə əsas verir ki, “Vaqner” qiyamı Ukrayna müharibəsi ilə birbaşa bağlıdır. Məlum müharibənin ölkə olaraq Ukraynaya vurduğu maddi və mənəvi zərər göz önündədir. Bu amil rus məntiqi ilə “Ukraynada strateji planlarımıza çatdıq” anlamına gələn ifadədir. Digər tərəfdən, bu proses Rusiya Federasiyası üçün dibi görünməyən bataqlığa çevrilib. Mövcud vəziyyət “Ukrayna ilə atəşkəsə getmək”, “bu ölkə ərazisini tərk etmək”, “işğalçı qüvvələri geri çağırmaq”, “münaqişəni müvəqqəti dondurmaq” kimi formullardan birinin seçilməsini zərurətə çevirib. Belə olan halda mütləq və mütləq məğlubiyyəti ayağına yazmaq üçün qurbanlıq lazımdır. Bu mənada hədəf olaraq “Vaqner” qrupu seçilib və təxribata çəkilib. Yevgeni Priqojinin Vladimir Putini olduqca yaxşı tanıdığı halda belə bir qarşıdurmaya getməsinə gəldikdə isə deyə bilərik ki, o və ətrafı “taran”dan başqa yol qalmadığını bilir və vəziyyətdən yeganə çıxış yolunu qiyamda görür.
İndiyədək "Kiçik ordu" və "Slavyan korpusu" kimi tanınan “Vaqner” qrupunun rəhbər şəxsləri və üzvləri yaxşı dərk edirlər ki, onlara Rusiyadan kənarda sığınacaq yeri yoxdur. Hadisələrin inkişaf trayektoriyasına və dinamikasına gəldikdə isə sosial həyatı ifrat dərəcədə pis olan, işsizlər, müxalifət düşüncəli şəxslərin kütləvi şəkildə “Vaqner” qrupuna qoşulması riski olduqca böyükdür. Qısa müddətli proseslər üçün onların silah, geyim və ərzaq təchizatında problemlər görünmür. Məhz bu amil prosesin xoşagəlməz məcrada inkişaf edəcəyini ehtimal etməyə ciddi əsaslar verir. Proseslərin sonu olaraq ən yaxşı halda Putin administrasiyasında ciddi dəyişikliklərin baş verəcəyi qaçılmazdır.
Beynəlxalq münasibətlərə gəldikdə hərbi qiyamçıların böyük dövlətlər tərəfindən birbaşa, açıq və ciddi dəstəklənəcəyi ehtimalı azdır. Buna baxmayaraq indiyədək ABŞ və Qərb dünyasının proseslərə ciddi münasibət bildirməməsi “Vaqner” qrupunun xaricdən dəstəklənməsi ilə xarakterizə oluna bilər. Belə olan halda məlum qıyam ən qısa zamanda vətəndaş müharibəsi ilə nəticələnə bilər. Mövcud hadisələr “Müharibələr xəstə ölkələr üçün dərmandır” anlayışı ilə yanaşılarsa qiyam prosesi uzanacaq. İstənilən halda məlum qiyam ən qısa zamanda yatırılsa belə, onun Rusiyanın daxili işlərinə və beynəlxalq proseslərə təsiri ciddi olacaq.
Rostov qiyamının Azərbaycan və Türkiyəyə təsir imkanlarına gəldikdə Rusiyadakı daxilin sabitliyin qorunması hər iki tərəfin maraqlarına uyğundur. Mövcud hərbi, siyasi və iqtisadi münasibətlər platformasındakı əməkdaşlıq əlaqələrinin bu və ya digər formada pozulması tərəflər üçün arzuolunmazdır. Ən azı ona görə ki, bu sahələrdə itirilən hər bir yeri başqa qüvvələrin tutmaq cəhdi olacaq və bu hal da qarşılıqlı maraqların qorunması üçün yeni cəhdlərin göstərilməsinə təsir göstərəcək.
Proseslərin inkişaf dinamikası “Vaqner” Xüsusi Hərbi Şirkətinin atdığı addımlardan çox asılıdır. Qiyam barədə “Vaqner” qrupu tərəfindən yayılmış ilkin informasiyanın məzmunu deməyə əsas verir ki, Rusiya ordusuna qarşı çıxan bu tərəf prosesə ciddi hazırlaşıb və hərbi güclə bərabər digər addımları da məntiqlə atmaq niyyətindədir. Maraqlıdır ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojinin şəxsi keyfiyyətləri və intellekti barədə heç bir məlumata rast gəlinmir. Böyük ehtimalla həddən ziyadə mühafizəkar, beynəlxalq siyasi oyunların mahir qurucusu və ifaçısı olan Putin məhz zamanında nə vaxtsa belə bir prosesin ola biləcəyini bildiyi üçün Priqojin barədə informasiyaların qəlibdən çıxmasına imkan verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB