"Heydər Əliyev - Milli dövlətçiliyimizin xilaskarı" adlı konfrans keçirilib

15 iyun 1993-cü il Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verməklə regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırmışdır.
Bu il Azərbaycan xalqı Milli Qurtuluş Gününü “Heydər Əliyev İli”ndə ikiqat sevinc və qürur hissi ilə qeyd edir. Bu il çərçivəsində 10 iyun 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında “Heydər Əliyev – Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən konfransda iştirak edib.
Konfransda eyni zamanda Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, politoloqlar, tarixçi alimlər, qazilər, gənclər və rayonun ictimai-siyasi aktivi də iştirak ediblər.
Tədbirdən öncə Ümummili Lider Heydər Əliyevin abidəsi ziyarət edildi. Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə başlandı.
Çıxış zamanı M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının, onun şanlı keçmişini, xalqımızın müstəqillik uğrunda mübarizəsindən söz açaraq müasir Azərbaycan tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Gününün ölkəmiz üçün xüsusi mahiyyətini qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir, məhz həmin tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən Parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Sonra müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə müxtəlif sahələrdə davamlı inkişafı təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyindən bəhs edib.
Həmçinin ölkəmizin son 20 ildə əldə etdiyi nailiyyətlərdən, 44 günlük İkinci Qarabağ-Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən söz açan deputat Heydər Əliyev irsinin davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətini də xüsusi vurğulayıb.
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və dövlət quruculuğu istiqamətindəki tarixi fəaliyyətini qeyd ediblər. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, Azərbaycan xalqı və tarixi qarşısında ən böyük xidmətləri haqqında fikirlər konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Konfrans Ulu Öndər Heydər Əliyevin ömür yoluna və titanik fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə