Azad torpaqlarımız: Qədim mədəniyyət mərkəzi Cəbrayıl müasir həyata doğru TƏHLİL

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan üç rayondan biri Cəbrayıl Qubadlı və Zəngilan kimi 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Vətən müharibəsində müzəffər Ali Baş Komandanım İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman milli ordumuz tərəfindən işğaldan azad edilən ərazilərimizdəndir. 44 gündə düşmənin 30 il ərzində torpaqlarımızda qurduğu keçilməz barrikadalar yerlə yeksan olundu. 30 il işğal altında inləyən, düşmən tapdağından inləyən, doğmasını gözləyən Qarabağımız anası Azərbaycana qovuşdu. Doğmalarının addım səsi ilə üzü güldü torpaqlarımızın. Bir-birindən gözəl, tarixi və mədəniyyət abidələri, yeraltı-yerüstü sərvətləri ilə zəngin olan yurd yerlərimiz öz sahiblərinə qaytarıldı.

Budur, artıq azad torpaqların hər birində müharibə bitən gündən bərpa işləri gedir. Cəbrayıl rayonu da düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır.

Cəbrayıla qısa bir nəzər

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan bu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri-dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif türbələr- Dağtumas kəndində XIII–XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.

23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmiş, yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuş, işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar.

4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Xudafərin körpüləri

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu-IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Tarixçilər yazırlar ki, Cəbrayılda nəinki təkcə Xudafərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində mühüm yer alan bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və sair var. Bu ərazilər Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı və Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu yurd yerlərindən biridir.

Bu zənginlikləri özündə əks etdirən Cəbrayılın sentyabrın 27-də Böyük Mərcanlı, Nüzgar, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, 4-də Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal, 5-də Şıxəli Ağalı, Sarıcalı, Məzrə, 9-da Qaracallı, Süleymanlı, Əfəndilər, 15-də Doşulu, 19-da Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri və əhəmiyyətli yüksəklikləri, mövqeləri, bu ərazilərin fonunda isə Xudafərin işğaldan azad edildi.

Oktyabrın 18-də-Azərbaycanın Dövlət Müstəqilliyi günündə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. Həmin gün Xidafərinlə sanki üz-üzə dayanıb ona belə söylədim: Azadlığın, növrağın mübarək, Xudafərin. Nə gözəl tarix yazıldı aşırımlarına. Sən axı 1991-ci ildə əldə etdiyimiz müstəqilliyi doyunca yaşamamışdın. Üçrəngli bayrağın üstündə bərqərar olduğun Arazın sularındakı əksini ətrafındakı zirvəsi səmaya toxunan dağlara, sıldırım qayalıqlara yaya bilməmişdin. Bayrağın mübarək, azadlığın mübarək, Xudafərin. Sən Allaha səni yaratdığı üçün təşəkkür edirsən əsrlərdir. Biz azərbaycanlılar da Allaha səni bizə yenidən qovuşdurduğu üçün minnətdarıq, ey ulu yurdumuz, müqədəs torpağımız Cəbrayılın göz bəbəyi...

Xudafərində Xudafərin qəsəbəsi salınır

Xudafərin qəsəbəsinin salınması Cəbrayılın əsrarəngiz görünüşünə yeni rəng qatacaqdır. Bu qəsəbənin həm də Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünə yaxın məsafədə salınması isə indidən onun gözəlliyini gözlər önünə gətirir.

May ayının 4-də dövlətimizin başçısı Cəbrayıl rayonuna səfəri çərçivəsində Xudafərin qəsəbəsinin təməlini qoyub, qəsəbənin inkişaf planı barədə videoçarxa baxıb.

Qəsəbə Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.

Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, “Karvansaray” hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Bir ilə bir yarımstansiya

Hələ müharibə bitməmişdi, ərazilərimiz işğaldan azad edildikcə “Azərenerji” həmin yerlərdə fəaliyyətə başlayır, bərpa işlərinin görülməsi üçün ən vacib olan elektrik enerjisi ilə təminatı həyata keçirirdi. Müharibə bitəndən bu günə kimi də “Azərenerji” fəaliyyətini davam etdirir. Belə ki, işğaldan azad edilən ərazilərdə bu günədək 37 enerji obyekti - 12 yarımstansiya, 25 Su elektrik stansiyası tikilib və tikilməkdədir. Bu enerji obyektlərində indiyədək 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq daimi işlə təmin edilib.

Ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti “Azərenerji” tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub.

Ən əsası bu müddətdə işğaldan azad edilən rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. Bu layihənin bir neçə mühüm əhəmiyyəti var. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP Günəş və digər bərpaolunan enerji mənbələrində, həmçinin “Xudafərin” və “Qız qalası” elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən 25 Su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir.

Digər tərəfdən perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.

Mayın 4-də dövlətimizin başçısı 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib, yarımstansiyasını işə salıb.

Məlumat verilib ki, üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

“Cəbrayıl” enerji qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar irimiqyaslı ağacəkmə və bağsalma aksiyası da keçirilib.

Cəbrayıl Sənaye parkında yeni müəssisələr fəaliyyət göstərəcək

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır.

Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq.

Dövlətimizin başçısı Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub.

Məlumat verilib ki, Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam olaraq yekunlaşdırılıb. Hazırda Parkda inzibati binanın tikintisi işləri, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmir yolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. Həmçinin bu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.

Prezident İlham Əliyev Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış oldub.

Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi mərkəzi yaradılacaq. Sənaye Parkının ilk rezidenti kimi qeydiyyatdan keçən və 2021-ci il oktyabrın 5-də təməli qoyulan “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis mərkəzinin tikintisi işləri uğurla davam etdirilir. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin ediləcək. Texniki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Sənaye Parkının 5 hektar ərazisində “Holcim Azərbaycan” ASC tərəfindən müasir texnologiyalar əsasında əmtəə beton və quru yapışdırıcı istehsalı üzrə zavod inşa olunacaq. Bununla bərabər, sement satışı üçün terminal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisədə Avropanın qabaqcıl texnologiyalarından istifadə ediləcək. Layihənin həyata keçirilməsi ilə 25 nəfər daimi işlə təmin olunacaq. Zavodda istehsal olunacaq məhsullar regionda dayanıqlı tikintinin həyata keçirilməsinə töhfə verəcək, məhsulların daşınması prosesinin optimallaşdırılması ətraf mühitin qorunmasına xidmət edəcək.

“Mən həmişə deyirəm, çalışmaq lazımdır ki, burada daha çox yerli insanlar işə cəlb edilsinlər. Mənim nümayəndəmlə, nazirliklə də sıx təmasda olmaq lazımdır. Birinci mərhələdə təbii ki, sizin təcrübə toplamış işçilər çalışacaq, amma bir neçə ildən sonra onları yetişdirilmiş sırf yerli kadrlar əvəz etməlidir” deyən Prezident İlham Əliyev “Holcim”in buraya gəlməsinin tarixçəsini də vurğulamışdır: Yadımdadır, Davosda “Holcim”in ovaxtkı rəhbəri mənə yaxınlaşaraq belə bir təklif irəli sürdü. Mən də dərhal razılıq verdim və qısa müddət ərzində o zavod inşa edildi. Ondan sonra Azərbaycanda sement istehsalına maraq artdı. O vaxta qədər biz sementi idxal edirdik. İndi rəqabət də var, o da çox yaxşıdır. Amma “Holcim” hər halda öz keyfiyyət markasını saxlayır”.

Daha sonra Prezident İlham Əliyevə məlumat verilib ki, “Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin yığımı nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Müəssisədə 25 nəfər işlə təmin ediləcək.

“Az-Tex-Import” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi də həyata keçirilir. Həmin müəssisənin təməli 2022-ci il iyulun 20-də dövlətimizin başçısının iştirakı ilə qoyulub. Hazırda müəssisədə tikinti işləri davam etdirilir. İşlərin 2024-cü ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin ediləcək.

“İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.

Şükürbəyli və Horovlu kəndlərinin təməli qoyulub

Cəbrayıl sakinlərinin öz ata-baba yurdlarına qayıtmaları üçün dövlətimiz tərəfindən hərtərəfli tədbirlər həyata keçirilir. Mayın 4-də ölkəmizin rəhbəri bu məqsədlə Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinin təməlini qoyub.

Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur.

Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.

Norovlu kəndində isə layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Hər iki kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb və kəndlərin hər birində sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Cəbrayıl şəhərində orta məktəb tikilir

İşğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin bərpası dövlətimiz tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Odur ki, işğaldan azad edilmiş bütün rayonlarımızda hazırda məktəblər tikilir. Onlardan biri də Cəbrayıl şəhərində tikilən tam orta məktəbdir ki, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.

Mayın 4-də Cəbrayıl rayonuna səfəri çərçivəsində dövlətimizin başçısı eyniadlı şəhərdə inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Məlumat verilib ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Məktəbin həyətində geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir.

Şükürbəylidən Cəbrayıla, oradan Hadruta...

Yollar ölkə iqtisadiyyatının dayaq sütunudur. Yollar abaddırsa, iqtisadiyyat da inkişafdadır. Son 20 ildə yol infrastrukturuna ayrılan vəsait, göstərilən diqqət ölkə tarixinin heç bir zamanında bu qədər olmamışdır. Odur ki, paytaxtdan regionlarımıza uzanan yollar abadlığı ilə göz oxşayır. Yolların abadlığının həm də təhlükəsizlik olduğunu nəzərə alsaq, bu, ölkəmizdə həm də insan amilinə verilən dəyərdir.

Azad torpaqlarımızda da yol infrastrukturu qələbənin ilk günlərindən böyük vəsait qoyulan sahələrdən birincisidir. Odur ki, 30 ildə yerlə yeksan edilən yollar da abadlığına qovuşur.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin istifadəyə verilməsi də görülən işlərin davamıdır. Yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.

Şükürbəyli-Cəbrayıl-Hadrut yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.

Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Beləliklə, Cəbrayıla yeni həyat gəlir

Bütün azad edilmiş torpaqlarımız kimi, Cəbrayıla da yeni həyatla 30 il əvvəlki çağlarından da gözəl görüntülər bəxş olunur. Nəzərə alsaq ki, dövrümüz 30 il əvvəlkindən daha müasirdir, belə olan təqdirdə bu müasirliyin qədim torpaqlarımıza verəcəyi yenilikləri yaxın gələcəkdə görəcəyik. Qədimliyin fonunda müasirliyin tətbiqi isə hər biri turizm üçün böyük əhəmiyyətə malik torpaqlarımıza gələnləri heyran edəcək.

Cəbrayılda tətbiq olunanlar da yaxın gələcəkdə ata-baba yurdlarına qayıdacaq sakinlər üçün bütün yenilikləri əlçatan edəcək.

Dövlətimizin başçısı necə ki, ötən 20 ildə Qarabağın azad olunması üçün yorulmaz fəaliyyət göstərdi, Zəfəri xalqına nəsib etdi, bu gün də həmin torpaqların qədimliyini qoruyub saxlamaqla müasir formada bərpasına rəhbərlik edir. Bu isə bütün azad torpaqlarımıza təbii ki, yeni həyat gətirir...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə