Qədim Əhmədov - zəhmətin və uğurun tərənnümü

Qədim Əhmədov - zəhmətin və uğurun tərənnümü

Əhmədov Qədim Şahvəli oğlu 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olub, əmək faliyyətinə isə 1947-ci ildə İmişli rayon İcraiyyə Komitəsində başlayıb. 1948-1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951-1953-cü illərdə İmişli RİK-də şöbə müdiri, 1953-1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955-1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi vəzifələrində çalışıb. Qədim Əhmədov bacarıqlı iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilib, eləcə də 1956-1960-cı illərdə Ali Partiya Məktəbində təhsil alıb. O, eyni zamanda 1960-cı ildə İmişli rayon Partiya Komitəsində təlimatçı işləyib. 1961-ci ildən 1965-ci ilin yanvar ayına kimi isə İmişli rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsini daşıyıb.

Qədim Əhmədov növbəti ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda alıb.

Qədim Əhmədov kənd təsərrüfatı sahəsini çox gözəl bildiyi üçün, həm də bu sahə üzrə kurator olub. Onun dərin biliyi və təcrübəsi isə öz bəhrəsini verib. Belə ki, o dövrün iqtisadiyyatın inkişafına dair müasir metodologiyasının tətbiqində fərqlənən Qədim müəllim və kənd təsərrüfatı sahəsində heyvandarlıq komplekslərinin yaradılmasında, taxılçılıqda məhsuldarlığın yüksək rentabellik göstəricilərinin əldə edilməsində, pambıq məhsulunun əkilməsi və becərilməsi qaydalarını təmərküzləşdirilməsi ilə yüksək məhsuldarlıq əldə olunmasını təmin etməklə rayonun iqtisadiyyatına böyük töhfələrini verib.

Məhz bu uğurların əldə edilməsindən sonra - Qədim Əhmədovun bacarıqlı, bilikli, kənd təsərrüfatı sahəsindəki müvəffəqiyyətlərinə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən böyük etimad göstərilərək, MK-nın Bürosu, onu keçmiş Qasım İsmayılov-indiki Goranboy rayon Komitəsinə I katib vəzifəsinə təyin edilməsi barədə Qərar vermişdi.

Qədim Əhmədovn 1965-ci ildən 1969-cu ilə kimi Qasım İsmayılov rayon Partiya Komitəsinin I katibi vəzifəsində çalışıb.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə I katib vəzifəsinə təyin edildikdən sonra isə Qədim Əhmədovun bacarıqlı partiya və Sovet işçisi olması yüksək dəyərləndirilib və o, MK Bürosunun qərarı ilə Füzuli rayon Partiya Komitəsinə I katib təyin edilib. Beləliklə, Qədim müəllim 1969-cu ildən 1981-ci ilə kimi həmin vəzifəni yüksək səviyyədə icra edib.

Onu da xatırladaq ki, Qədim Əhmədov Azərbaycan Respublikasının Ali Sovetinin ard-arda 6, 7, 8, 9 və 10-cu çağırışın deputatı seçilib.

Qədim Əhmədov sonrakı illərdə - 1981-ci ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyib, 2008-ci ildən isə Fəxri Təqaüdə layiq görülüb.

O, bir sıra dövlət mükafatlarına da layiq görülüb. Belə ki, I katib vəzifəsində işləyərkən rayonda heyvandarlıq, üzümçülük, taxılçılıq, pambıqçılıq və digər sahələrdə olan iqtisadi göstəricilərin yüksək olması səbəbindən dövlət tərəfindən orden və medallarla təltif edilib.

Qədim Əhmədov Füzuli rayon Komitəsinin I katibi işlədiyi dövrdə Füzuli rayonunun Horadiz qəsəbəsində Araz çayı üzərində suvarma işləri üçün sudan istifadənin təmin edilməsi məqsədi ilə bənd qurulmuş, həmin bəndin qurulması ilə əhalinin və kənd təsərrüfatının su ilə təchizatı təmin edilməklə yanaşı, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi mümkün olub. Həmçinin, Füzuli rayonunda ilk aeroportun tikilməsi ilə əhalinin Bakı şəhərinə uzaq məsafənin az vaxt ərzində qət edilməsi təmin edilib. Əhalinin işlə təmin edilməsi məqsədi ilə rayonda 4 Şərab zavodu və hər zavodun tərkibində 3 məntəqə tikilib istifadəyə verilib. Füzuli rayonunda yetişdirilmiş pambıq məhsulunun rayondan 100-120 km kənarda yerləşən digər rayonların pambıq təmizləmə zavodlarına daşınmasının çətinliyinin aradan qaldırılması məqsədi ilə Horadiz Pambıq Təmizləmə Zavodunun tikilməsi təmin edilmişdir. Onun işlədiyi dövrdə Horadiz Taxıl Məhsulları Kombinatının tikilməsi ilə əhalinin un, düyü və fərdi insanların heyvanlarının qarışıq yem ilə təmin edilməsi üçün yem zavodu inşa edilib. Haramı düzü sahəsinin və ətraf kəndlərdə yaşayan əhalinin su ilə təmin edilməsi məqsədi ilə Köndələn çayı üzərində su anbarının tikilməsi ilə yanaşı, çoxlu sayda artezian quyularının qazılıb istifadəyə verilməsi əhalinin və kənd təsərrüfatının suya olan tələbatı təmin edilib.

Bundan başqa, rayonda rayonlararası Kənd Təsərrüfatı Texnikası və ehtiyat hissələrinin satışı Birliyi, Azərittifaqın Füzuli rayonlararası Satış Bazasının rayona salınması ilə əhalinin ərzaq və sənaye malları ilə təminatı yaxşılaşmışdır. Ən əsası, işlədiyi dövr ərzində Goranboy və Füzuli rayonlarının kəndlərində çoxlu sayda yeni məktəb binaları, uşaq bağçaları, müalicə və tibb məntəqələrinin tikilməsi ilə insanlara göstərilən xidmətlər yaxşılaşdırılıb. Rayon mərkəzində bir neçə müasir tipli məktəb binaları, kitabxana binası, üç mərtəbəli xəstəxana, klub, uşaq bağçaları və məişət xidmətinin təmin edilməsi üçün binaların tikilməsi ilə əhaliyə göstərilən xidmətlərin təmin edilməsi həyata keçirilib.

Qədim Əhmədovun Goranboy və Füzuli rayon Komitəsinin I katibi vəzifəsində işləyərkən, onun bacarıqlı, işgüzar və təsərrüfatçı bir partiya işçisi olmasına dövlət tərəfindən xüsusi qiymət verilmiş, məhz bu səbəbdən o, işlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 5 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, çoxlu sayda fəxri fərmanlar və medallarla təltif edilib.

Qeyd edək ki, Qədim müəllimin nəvələri Ədliyyə Nazirliyində və DİN-də dövlətə xidmət etməklə onun dövlətə bağlılıq və xidmət yolunu uğurla davam etdirirlər.

Qədim Əhmədov 2015-ci ildə vəfat edib, o, İmişli rayon qəbiristanlığında dəfn olunub.

Hal-hazırda isə Qədim Əhmədovun Füzuli rayon Partiya Komitəsinin I katibi işlədiyi dövrlərdə Ulu Öndər Heydər Əliyev onun yüksək keyfiyyətli iş qabiliyyətinə qiymət verdiyi zaman çəkilmiş tarixi fotoları Şuşa muzeyində sərgilənməkdədir. Həmin şəkillər ümumi fonda təqdim edilir və o zamankı inkişaf dövrünü nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə