Azərbaycanla Qazaxıstanı ortaq dəyərlər birləşdirir – DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri uğurları ilə yadda qaldı. İmzalanan sənədlər də bunu təsdiq edir. Qazaxıstan və Azərbaycan prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bir gün əvvəl Bakıda iki ölkə sahibkarlarının biznes forumu keçirilib, nəticədə çoxmilyonlu müqavilələr imzalanıb. Ən yüksək səviyyədə danışıqların əsas mövzularından biri Qazaxıstan neftinin Azərbaycan üzərindən Qərb bazarlarına tədarükü ilə bağlı olub. Astana görüşünün nəticələrindən belə qənaətə gəlmək olar ki, Azərbaycanla Qazaxıstanı ortaq dəyərlər birləşdirir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Qazaxıstan neftinin xarici bazarlara çatdırılması üçün alternativ marşrutların inkişafına xüsusi diqqət yetirir: “Çünki hasil edilən xammalın böyük hissəsini tranzit edən boru kəmərlərinin fəaliyyətini dayandırması və yaxud sanksiyalar siyahısına düşməsi Azərbaycan variantını aktuallaşdırıb. Azərbaycanın loqistik imkanları da yeni tərəfdaşların cəlb olunmasında əsas faktor sayılmalıdır. Bakı ilə danışıqlar ötən il Tokayevin Azərbaycana rəsmi səfəri zamanı başlayıb. Ötən il tərəflər Səngəçal terminalında ildə 1,5 milyon ton neftin tədarükü və sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulması barədə razılığa gəliblər. Bu il həmçinin Aktau-Bakı marşrutundan istifadə etmək planlaşdırılır ki, bu marşrutla 3,5 milyon tona qədər neft vurulacaq. Amma Aktau limanının potensialını 20 milyon tona çatdırmaq olar. Artıq bu istiqamətdə iş aparılır. Qazaxıstanın enerji resurslarının Azərbaycan, Türkiyə vasitəsilə Avropaya çatdırılması və Çindən Qazaxıstandan keçməklə Avropaya yük tranziti həcminin artırılması müzakirə olunan məsələlər sırasındadır. Ötən ilin avqust ayında Bakıda qəbul edilmiş Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar bu gün artıq reallaşır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında dediyi kimi, Astanada Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmlər, konkret qrafik müzakirə edildi və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB