“Mövcud siyasi dialoq konstruktiv əməkdaşlıq müstəvisindədir” - DEPUTAT ŞƏRH ETDİ
"Ölkəmizdə dayanıqlı dialoq ənənələri formalaşdırılmaqdadır. Son iki ildə siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək mümkün olub, siyasi sistemin sağlamlaşdırılmasına nail olunub.
“Siyasi partiyalar haqqında” yeni Qanun isə siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına xidmət edir. Təsadüfi deyil ki, Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirilib. Eyni zamanda sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq 2 ictimai dinləmə də keçirilib. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayev deyib.
Onun sözlərinə görə, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər: "Beləliklə, ölkənin siyasi tarixində ilk dəfə yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunub. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır. Bir sözlə, qanun siyasi dialoqu konstruktiv əməkdaşlıq müstəvisinə qaldırıb.
Ümumiyyətlə, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəflərin açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir".
Deputat sözlərinə davam edərək bildirib ki, təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir: "Nəzərə alsaq ki, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qəbul olunur, bu mənada Azərbaycanın çox uğurlu təcrübəyə malik olduğunu söyləmək olar.
Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində yüzlərlə görüş təşkil olunub, çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapıb. Təcrübə göstərir ki, dialoq mədəniyyəti əsasında qurulan dövlət və cəmiyyətin qarşılıqlı əlaqəsi güclü dövlətin inkişafına şərait yaradır. Azərbaycanda siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, həm də etibarlı münasibətlərin yaranması deməkdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB