Xocalı soyqırımının canlı şahidi, şəhid ailəsinin üzvü və müharibə veteranı Səriyyə Müslümqızının SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Xocalı soyqırımı törədildikdə neçə yaşınızda idiniz?
- Xocalı mənim kədərim, göz yaşlarım, misgilimdir. Bu faciə baş verdikdə mənim 31 yaşım var idi. Faciə 1988-ci ildə Qarabağ hadisələri başladıqda elə bilirdim ki, bu müharibə tezliklə və bizim qələbəmizlə bitəcək. Amma təəssüflər olsun ki, mən bunu görə bilmədim. Biz 4 il mühasirədə yaşadıq. Çünki Xocalı ermənilərin yaşayış məntəqələrinin əhatəsində idi. Xocalı elə bir coğrafi mövqeyə malik idi ki, Xankəndi, Daşbulaq, Əsgəran, Mehdikənd və digər ermənilər yaşayan məntəqələrin əhatəsində idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmələri Xocalıya hücum etdikdə xocalı sakinlərinin çıxmağa yolu yox idi. Bizim bir yolumuz var idi. O da meşə ilə Ağdama doğru istiqamət ala bilərdik və belə də oldu. Qarqarçayı keçərək Ağdama doğru istiqamət aldıqda meşədə pusquda dayanmış ermənilər xocalıları girov götürdü. Onlar görünməmiş işgəncələrə məruz qalırdı. Eyni zamanda, ermənilər insanları qətlə yetirirdilər. Bir yandan da güclü yağan qar hər birimizi taqətdən salır, yolları və aşırımları keçib getmək çox çətin olurdu. Çoxları həmin o qarlı gecədə meşədə gülləyə tuş gəlməsələr belə donaraq ölürdülər. Sanki təbiətin də qəzəbi tutmuşdu. Güclü yağan qar xocalıların Ağdama doğru istiqamət almasına imkan vermədi.
- Faciələrlə dolu o gecəni necə xatırlayırsınız?
- Mən o qanlı gecə ailə üzvlərimdən 4 nəfəri itirdim. Bir aydan artıq axtardım və anamın meyidini taparaq Uzundərədə dəfn etdim. Amma buna baxmayaraq, bu günləri həmin o Uzundərədə olan bütün qəbirləri ermənilər dağıdıb. Orada 800-ə yaxın qəbir var idi. 2020-ci ildə Vətən müharibəsi olduqdan sonra Ağdama səfər etsəm də, anamın qəbrini tapa bilmədim.
- Müharibə başlayanda qələbəmizə inanırdınızmı?
- Nəhayət aradan böyük bir zaman kəsiyi keçdi. 2020-ci il sentyabr ayının 27-də axşam yuxuma Xocalı girdi. Səhər də eşitdim ki, müharibə başlayıb. Mən qələbəmizə inanırdım. Çünki illərlə mücadilə etmiş, mübarizə aparmış, film və kitablar ərsəyə gətirmişəm. Həmişə də inanmışam ki, Xocalı azad olunacaq və biz qələbə çalacağıq. İnanıram ki, bir gün mən hökmən Xocalıya dönəcəyəm. Biz o evi çox zəhmətlə, əlimizin qabarı ilə qurmuşduq.
- Xocalı dedikdə ağlınıza ilk nə gəlir?
- Xocalı dedikdə ağlıma ilk uşaqlığım gəlir. Xocalının sağı-solunda olan İlisu, Qarqarçayının ətrafında oynamağımız, xınalı daşlardan əllərimizə xına sürtər, Çınqıllıtəpəyə qalxar, yaşıdlarımla Xocalıdakı evlərə baxıb sevincdən qışqırardıq. O uşaqların qışqırtısı, hay-harayı qulağıma gəlir. Bir də xocalı dedikdə ağlıma yamacları qarla örtülü ərazilər gəlir.
Xocalıdakı isti evimi xatırlayıram. Odun sobası var idi. Bu soba gurhagur yanardı. İndi o evim yoxdur. İndi o evimin qapısını küləklər döyəcləyir.
Xocalı dedikdə həmin o evdə dadlı-duzlu yeməklər bişirən anam ağlıma gəlir. Xəyallarım haçalanır, ümidlərim puç olur. Anam tez-tez yuxularıma gəlir.
- Sizcə, ermənilərlə yenidən birlikdə yaşaya bilərik?
- Ermənilər bizim nə Xocalıda, nə də Xankəndində yaşamağımızı istəmirlər. İnanın ki, mən onlardan da çox ermənilərlə yaşamaq istəmirəm. Kim necə düşünürsə, bu onun şəxsi fikridir. Mən ermənilərin içində yaşamış və onlarla birgə işləmişəm. Onların bizə qarşı kinini və nifrətini mənim qədər duyan-bilən olmaz. Onlar heç vaxt türkü sevməyiblər. Ermənilər uşaqlarına belə "Türk sənin düşmənindir" deyiblər.
Onlar Xocalıda elə bir dəhşətli soyqırım törədiblər ki, biz bundan sonra ermənilərlə necə birlikdə yaşaya bilərik?! Mən erməniylə birlikdə yaşamağı nə ağlıma gətirərəm, nə də ki, onlarla birlikdə yaşamaq fikrim yoxdur.
- Xocalıyla bağlı hansı arzunuz var?
- Mənim bir arzum, ümidim və niyyətim var. Övladlarımı da bu istiqamətdə tərbiyə edirəm. Mən bir gün övladlarımı da götürüb Xocalıya hökmən dönəcəyəm.
Mən Xocalıdan çıxanda subay idim. İndi isə iki övladım var və onları Xocalı uşaqları kimi böyüdürəm.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB