Mehriban xanım Əliyeva – Şəfqət, humanist, mərhəmət, xeyirxahlıq və nəcib əməllər sahibi ŞƏRH

Mehriban xanım Əliyeva – Şəfqət, humanist, mərhəmət, xeyirxahlıq və nəcib əməllər sahibi ŞƏRH

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı - Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan, xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Birinci vitse-prezident Mehriban Əliyeva deyir: «Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir».

Bəli, bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ şəfqət, xeyirxahlıq və mərhəmətdir. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 19 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə diqqət yetirsək bu kimi əhəmiyyətli məqama layiq olan şəxs, məhz Mehriban xanım Əliyevadır. Çünki O, fəaliyyəti müddətində gördüyü bütün işləri ilə, reallaşdırdığı nəhəng layihələri ilə həmin məqamı kifayət qədər təsdiqləmiş olur.

Belə ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu bir daha iki qardaş ölkənin liderlərinin həmrəyliyinin, «bir millət, iki dövlət» olduğunun nümayişi idi: «Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə».

Elə həmin gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür etdi.

MEHRİBAN XANIMIN GÖSTƏRİŞİ İLƏ BAŞLAYAN YARDIM KAMPANİYASI AZƏRBAYCANIN HƏR ZAMAN TÜRKİYƏNİN YANINDA OLDUĞUNU BİR DAHA SÜBUT ETDİ

Bəli, bir millət, iki dövlət... Dünyada olmayan, sərhəd tanımıyan sarsılmaz, əbədi, bir-birinə dayaq, dəstək olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə...Xalqlarımız ağrı-acılarını da, xoş günlərini də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə sevinirlər. Və elə bütün çətinliklərə qarşı da daim çiyin-çiyinə mübarizə apararaq birliklərinin gücündən doğan əzmlə qalib gəlirlər.

Bəli, dünya iki qardaş ölkə arasındakı münasibətlərin təmənnasız olduğunu bir daha gördü. 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyəyə necə güvənirdisə, bu gün Türkiyənin ən çətin günündə də ölkəmiz qardaş ölkənin yanındadır və kədərinə şərik çıxır. Belə ki, zəlzələnin baş verdiyi ilk gündən insanlarımız isti geyim və yataq dəstlərindən tutmuş maliyyə yardımına qədər əllərindən gələn hər şeylə qardaşlarına dəstək oldular və bu gün də olurlar.

Mehriban xanım Əliyevanın ifadə etdiyi kimi, Azərbaycan xalqı hər zaman birlik və həmrəylik nümayiş etdirir, bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Yüksək mənəvi-əxlaqi dəyərləri, şəfqət, xeyirxahlığı, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən başladılan yardım kampaniyası Türkiyə-Azərbaycan qardaşlığının əbədi səhifələrindən birinə çevrildi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşdü. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.

Xatırladaq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb.

Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

Mehriban Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım deyir: «Əziz həmvətənlər! Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin. qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur».

Qeyd edək ki, zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.

Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan deyib: «İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!».

Azərbaycanda xalqının zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”

Bəli, bir millət iki dövlət olaraq yola davam edəcəyik!. Hər bir azərbaycanlı da Mehriban xanım Əliyevanın qardaş ölkəyə xitabən dediyi «Türkiyə, səninləyik!» sözlərinə həmrəydir və bu həmrəylik, qardaşlıq əbədi davam edəcək. Və yardım kampaniyası da Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu, Türkiyə-Azərbaycan dostluğunu, sarçılmaz qardaşlığının göstəricisidir. Və bu kimi zəlzələlər, dağıntılar Türk xalqını sarsıda bilməz. Dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə, iqtidarının səyi ilə Türkiyə yenə də ayaqda duracaq!!!

ZƏRİFƏ QULİYEVA,

YPA Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə