"Can Azərbaycanımızın göstərdiyi həmrəylik üçün minnətdarıq" - HULUSİ KILIÇ DANIŞDI

“Türkiyə son 100 ilin ən böyük fəlakəti ilə qarşı-qarşıyadır. Bu fəlakət qarşısında Can Azərbaycanımızın göstərdiyi həmrəylik üçün minnətdarıq. Başda Ali Baş Komandan cənab Prezident İlham Əliyev olmaqla Azərbaycanda yaşayan bütün bacı-qardaşlarımıza təşəkkür edirəm. Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları kimi üzülməkdə və zəlzələnin yaratdığı psixoloji gərginliyi yaşamaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA”, Türkiyənin Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu dönəmdə Türkiyəyə ilk yardım göndərən Azərbaycan oldu: “Yardım üçün göndərilən 420 nəfər dağıntılar altında qalan insanları qurtarmağa çalışır. Davamlı olaraq Azərbaycandan yardım gəlməkdədir. Eyni zamanda, yardım kampaniyasına başlanılıb. Heydər Əliyev Fondu da bir təyyarə dolusu əşyanı bu gün Qaziantepə göndərib. Bütün bunlar bizim bir millət, iki dövlət olduğumuzun ən bariz nümunəsidir. 44 günlük Qarabağ müharibəsində olduğu kimi bu məsələdə də Azərbaycan və Türkiyə bərabərdir. Bundan əlavə 70-80 ölkədən də Türkiyəyə yardım olunub”.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib ki, baş verən zəlzələ 10 şəhərə yayılıb: “Bu bölgələrdə təxminən 13-14 milyon insan yaşamaqdadır. Təəssüf ki, indiyə qədər bu zəlzələ nəticəsində artıq 7108 vətəndaşımızın həlak olduğu və 41000 yaralı olduğu məlumdur. İki zəlzələnin 7,7 və 7,6 bal gücündə olması dağıntıların daha da çox olmasına səbəb olub. Eyni zamanda, zəlzələnin səhər saatlarında, yəni insanların yatarkən olması da ölü sayının çox olmasına gətirib çıxarıb. Amma Azərbaycan da daxil olmaqla digər türk dövlətlərin göstərdiyi köməklik bu acı günümüzün geridə qalması üçün böyük məna kəsb edir. Böyük öndər Mustafa Kamal Atatürk Azərbaycanla bağlı çox doğru söyləyib ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Bu gün Türkiyənin acısı Azərbaycanın acısıdır. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə