Bu günün gəncliyi vətənpərvər, mübariz gənclikdir ŞƏRH

Bu gün rəşadətli güclü, intellektual, əzmkar Azərbaycan gəncliyinin bayramıdır. 1997-ci il fevralın 1-də Azərbaycan gənclərinin ilk forumunun ildönümü münasibətilə ölkəmizin ən fəal gənclərinin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etdi. Ulu öndərdən yadigar qalan bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür. Ölkəmizdə gənclərlə işi dövlət siyasətinin tərkib hissəsi kimi görən Ümummilli Liderimiz həmişə millətimizin gələcəyi olan istedadlı gəncliyə arxalanmış, ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan ən istedadlı gənclərə dəstək olmuşdur. Gənclər də Vətənimizin ən çətin anlarında ulu öndərin bir çağırışı ilə meydanlara axışmış, taleyi tükdən asılı olan, başı bəlalar çəkmiş ölkəmizi xilas etmişlər. Ulu öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: "Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir". 2001-ci il fevralın 2-də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan gəncləri ilə görüşü olmuşdur. Ulu Öndər görüşdə geniş nitq söyləmiş və gənclərin qarşısında duran vacib məsələlərdən danışmışdır. O, dövlət idarəetmə orqanlarında gənclərin məsul işlərə cəlb olunmasını təmin etməklə bağlı verdiyi tapşırığı yerinə yetirmək məqsədilə bacarıqlı, intelektli və fəal gənclər seçilib icra hakimiyyəti sistemində, müəssisə, komitə və təşkilatlarda məsul vəzifələrə irəli çəkirlər. Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə Azərbaycan gənclərinin danılmaz şücaəti və rolu olmuşdur. O cümlədən, bu gün hər bir gənc Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab edir. İstedadlı gənclərə diqqət və qayğını artırmaq üçün H.Əliyevin "Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında" 6 dekabr 1999-cu il tarixli və "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" 22 iyun 1996-cı il tarixli fərmanları bu qayğının təcəssümüdür. Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir. Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. 16 il sonra "Heydər Əliyev İli"ndə Gənclər Gününü qeyd etmək isə xüsusi və mötəbər bir hadisə hesab etmək olar.

MEHMAN MUSAYEV

Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,

AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə