Azərbaycan-Türkiyə münasibətləri: təhsil sahəsində əməkdaşlıq TƏHLİL
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilib genişləndirilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib.
Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoymuşdur. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələri bu baxımdan ən yaxşı nümunələrdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır.
TARİXİ KÖKLƏRƏ VƏ QARDAŞLIĞA SÖYKƏNƏN AZƏRBAYCAN VƏ TÜRKİYƏ ƏLAQƏLƏRİ
Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir. Təbii ki, bu uğurların reallaşmasında hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu gün Türkiyə-Azərbaycan dostluğu dünyaya nümunədir. Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri sırasında elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərək Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Cənab Prezident Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxunaraq, bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını bildirib.Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmut Özer Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirib. Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faiz çoxdur. Türkiyədə isə 23 mindən artıq Azərbaycan vətəndaşı təhsil alır.Bir əsrlik tarixə malik Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimiz arasında imzalanan əməkdaşlıq müqavilələri və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verir. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirilir. Təhsil sahəsində səmərəli və fəal əməkdaşlıq, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqe və fəaliyyət ölkələrarasında elmin və təhsilin inkişafına xidmət edir.
Onu da bildirək ki, görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq da ifadə olunub. Qeyd edək ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksəkdir. Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir.
MÖHKƏM ÖZÜLLƏR ÜZƏRİNDƏ QOYULMUŞ DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİ
Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib. Çox təəssüfləndirici haldır ki, dünyanın inkişaf etmiş bir dövründə terrorizmin acı nəticələrini yaşayırıq. Müasir dünyanın toqquşduğu təhlükəli problemlərdən bir olan terror siyasi, iqtisadi, mənəvi-psixoloji gərginlik yaratmaqla yanaşı, dinc insanların qanın axmasına da səbəb olur. Sülh və təhlükəsizliyin qarantına çevrilən Azərbaycan bu gün bəşər svilizasiyasına öz töhfəsini verdiyi bir zamanda terror aktları ilə qarşılaşır. Yanvarın 27-də səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilməsi əlbəttə ki, müasir dünya insanın vəhşiliyinin nümunəsidir. Əlbəttə ki, səfirliklər hər bir dövlətin daxilində digər bir ölkəni təmsil edir və təhlükəsizliyindən yerləşdiyi ölkənin hüquq mühafizə qüvvələri cavabdehlik daşıyırlar. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir. Təbii ki, bu uğurların reallaşmasında hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu gün Türkiyə-Azərbaycan dostluğu dünyaya nümunədir. Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir.Türkiyə qardaş, dost ölkə olaraq hər zaman Azərbaycanın yanında oldu. Təbii ki, buna qədər də Türkiyə Azərbaycanın yanında olduğunu əməli fəaliyyətdə sübut etmişdir. Türkiyə Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərmiş, dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana böyük dəstək vermişdir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etirazını bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərmişdir. Göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələri daimidir və bu əlaqələr daim yüksələn xətt üzrə inkişaf edərək, demək olar ki, bütün sahələri əhatə edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə