Rifah və firavanlığa -SON BEŞ İLDƏ DÖRDÜNCÜ SOSİAL İSLAHATLAR PAKETİ TƏHLİL

Rifah və firavanlığa -SON BEŞ İLDƏ DÖRDÜNCÜ SOSİAL İSLAHATLAR PAKETİ TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik"

Dövrün tələbinə uyğun olaraq həyata keçirilən siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib. Azərbaycan öz daxili siyasətində insan amilinə xüsusi diqqət yetirməklə həm iqtisadi, həm sosial, həm də siyasi proseslərdə önəmli mövqe qazanıb. Cənab Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq, məhz insanları düşünür. "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev əməli fəaliyyətində bunu göstərir. Əlbəttə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onun firavan yaşayışını, təhlükəsiz həyatını təmin etmək gücündədir. Dövlətimizin gücünü, qüdrətini hər bir Azərbaycan vətəndaşı duyur, dərk edir və bu, onlar üçün qürurvericidir. Hər bir Azərbaycan vətəndaşı ölkənin sosial-iqtisadi inkişafının dinamik xarakter aldığını, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığının şahidi olurlar. Çoxlu sayda sosial obyektlər istifadəyə verilir, yol infrastrukturu yenilənir, zavodlar, fabriklər tikilir, iş yerləri açılır, maaş və müavinətlər dəfələrlə artırılıb, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşır. Bu, Cənab Prezidentin uğurlu daxili siyasətinin məntiqidir. Əlbəttə ki, dövlətin öz vətəndaşının yanında olması bütün çətinliklərin aradan qaldırılmasında önəmlidir.

SOSİAL MÜDAFİƏNİN GÜCLƏNDİRİLMƏSİNDƏ ZƏRURİ TƏDBİRLƏR

Vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Prezidentinin məlum sərəncamları ilə insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik", - deyən Azərbaycan Prezidenti bu yaxınlarda imzaladığı Fərman və Sərəncamlarla müavinət və təqaüdlərin, bir sıra təşkilatlarda çalışanların əməkhaqlarının artırılması həyata keçirilən islahatların davamı, dövlət başçısını sözü ilə əməlinin vəhdətdə oluğunun təzahürüdür. Dövlət başçısının yeni Fərman və Sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Yeni Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

MÜHARİBƏ YAŞAMIŞ ÖLKƏLƏR ARASINDA AZƏRBAYCANIN YENİLİYİ

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Vurğulamaq yerinə düşər ki, Ulu Öndərin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun, məhz Heydər Əliyevin 1993-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bu gün Ulu Öndərin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən bu günə kimi, görülən işlər bunu sübut edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsində mühüm addımlardan biri idi. 2019-cu il 28 yanvar tarixli Fərman isə, birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrasının nəticəsi olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli Fərmanda isə müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdü təsis olundu.

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. "Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi" – deyən Cənab Prezident bildirib ki, 2021-ci ildə isə 3 min mənzil verildi: "Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq".

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ ƏLİL OLMUŞ 379 HƏRBÇİ ƏN MÜASİR PROTEZLƏRLƏ TƏMİN EDİLİB"

2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb. Belə ki, Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Eləcə də ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü 300 manata, bu kateqoriyadan olan digər şəxslər üçün isə 200 manata çatdırılıb. Eyni zamanda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub. Göründüyü kimi, əlilliyi olan şəxslər üzrə həm müavinətlər, həm təqaüdlərin artırılması təmin edilib. Bütün bunlarla yanaşı, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. "Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq" – deyə Cənab Prezident bildirmişdir. Bütün bunlar əlbəttə ki, Azərbaycanın sosialyönümlü ölkə olduğunun isbatıdır.

SOSİAL İSLAHATLAR PAKETİ VƏ NƏTİCƏLƏR

Həyata keçirilən sosal islahatlar paketinə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdünün 330, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdünün elmlər doktorları üçün 500, fəlsəfə doktorları üçün 300, yaşa görə müavinətin 220 manata çatdırıldığı da daxil edilib. Eləcə də Prezidentin fərdi təqaüdünün 1500, ailə başçısını itirməyə görə müavinətin (hər ailə üzvü üçün) 120, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinətin 100, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinətin 105-ə çatdırılması insanların rifahınını yüksəldilməsində əhəmiyyətli göstəricilərdir. Son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, yaşa görə müavinət 3 dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb. Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir. Həmçinin, tələbə və doktorantların təqaüdlərinin də artırılması da təqdirəlayiqdir. Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə