"Fransa güzgünü çevirib əvvəlcə özünə baxsın" - DEPUTAT ŞƏRH ETDİ

"Fransa tarix boyu işğalçılıq, müstəmləkəçilik, qaniçən fəaliyyəti ilə tanınıb. Biz bunu Fransanın ünvanına qərəzli fikir kimi demirik. Tarixi faktlar bunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün də öz əhalisinə qarşı soyqırımı siyasəti yeridir: "Ötən illərdə baş verən "Sarı jiletlilər" aksiyasında Fransa hökumətinin etdiyi qəddarlıqları, amansızlıqları hələ də unutmamışıq. Fransa polisləri öz etirazçılarına qarşı dəhşətli müsibətlər törətmişdilər. Fransanın "ədaləti", "insan hüquqları"nı tanıması budur".

Deputat sözlərinə davam edərək bildirib ki, hazırda baş verən etirazlarda da bu özünü açıq şəkildə göstərir: "Yenə də etirazçılara qarşı insanlığa sığmayan, amansız rəftar nümayiş etdirirlər. Fransa özünə bənzəyənləri də başına yığıb bizim əleyhimizə fikirlər yürüdür. Qərarlar, qətnamələr çıxarırlar, guya biz kimlərinsə haqqını pozuruq. İndi Fransa güzgünü çevirib bir özünə baxsın. Fransa Prezidenti Makron gözünü açıb öz ölkəsinə nəzər yetirsin və görsün ki polisləri xalqının başına nə oyunlar açır. Əgər Avropa Şurası, Avropa Parlamenti haqq-ədalətdən danışırsa, elə Fransa hökumətinin bugünkü gündə əhalisinin başına gətirdiyi oyunları müzakirəyə qoysun və onunla bağlı bir qərar çıxarsınlar. Bu hadisələr onu göstərir ki, başqa ölkələrə insan hüquqlarından "dərs demək" iddiasında olan Fransa öz daxili problemlərini normal qayda-qanuna əsaslanaraq həll etməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə