"Əldə etdiyi uğursuzluqlar Fransa üçün dərs olmur" - SİYASİ-EKSPERT ŞƏRH ETDİ

"Azərbaycana qarşı beynəlxalq müstəvidə ard-arda uğursuz addımlar atması Fransanın xarici siyasəti üçün xarakterik bir haldır. Təəssüf ki, ən mötəbər beynəlxalq tribunalarda bu istiqamətdə Fransa dəfələrlə məğlubiyyətə uğramağına baxmayaraq bunlardan lazım olan nəticəni çıxartmır". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hələ də öz xarici siyasətini və hətta daxildə bəzi qanunvericilik fəaliyyətlərini bir ovuc erməninin mənafeyinə qurban verməkdə davam edir: "Bugünkü gündə Fransanın apardığı daxili və xarici siyasətin Ermənistan girovunda olduğunu söyləsək, heç də yanılmış olmarıq. Həqiqətən də son aylarda baş vermiş müəyyən faktların təhlili göstərir ki, müasir Fransa erməni lobbisinin içində girova çevrilib. Ermənilərin cılız siyasətinin həyata keçirilməsi xatirinə Fransa öz dövlət maraqlarını ayaqlar altına atmaqdan çəkinmir. İstər BMT Təhlükəsizlik Şurasında bir neçə dəfə həyata keçirmək istədiyi qətnamə layihəsində, istərsə də Frankofoniya konfransında uğursuzluğu Fransa üçün dərs olmur. Fransada müəyyən mənada ümid edirlər ki, Azərbaycana qarşı yönəlmiş bu addımlar nəhayət bir nəticə verəcək. Hətta təsəvvür etsək ki, nəzəri cəhətdən Fransanın anti-azərbaycan addımlarından biri gözlədiyi nəticəni verdi, bunun heç bir əhəmiyyəti olmayacaq".

Ekspert sözlərinə davam edərək bildirib ki, Fransanın məqsədi ondan ibarətdir ki, Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə Fransanın təsirini sıfıra endirməsinin qarşısını alsın: "Vətən müharibəsindən sonra Fransa bizim bölgədə gedən proseslərdən kənarda qaldı. Baxmayaraq ki, Azərbaycanın dövlət başçısı yeni şəraitdə bütün həmsədrlərə, o cümlədən, Fransaya da bölgəmizdəki proseslərdə iştirak etmək şansı təqdim etdi. Ancaq Azərbaycan Prezidentinin təqdim etdiyi bu şansdan Fransa dövləti yararlanmadı. Hazırda da Fransa Azərbaycana qarşı açıq siyasət aparmaqda davam edir. Fransanın sırf Ermənistanın işğalçı siyasətinə köklənmiş hədəfi yerinə yetirilə bilməz. Bu proseslər təbii ki, Fransanın əleyhinə işləyir. Bütün bu hadisələr bir daha sübut edir ki, Azərbaycan nəinki Ermənistan həmçinin, onun Fransa kimi müttəfiqləri üzərində də qalibiyyətli nəticələr əldə edə bilir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə