"Fransa Ermənistanın cılız maraqlarını müdafiə edən ölkəyə çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

"Fransanın tarixən Osmanlı, daha sonra isə Türkiyə ilə Avropa məkanında rəqabəti olub. Çox təəssüf ki, son dövrlərdə bu rəqabət Türkiyəni və onun yaxın dostu olan Azərbaycanı beynəlxalq birlikdə qazandıqları mövqedən sıxışdırıb çıxartmağa yönəlib. Eyni zamanda, Fransada nüfuzlu erməni icması hakimiyyət orqanlarında ciddi təsir imkanlarına malikdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu baxımdan hər iki faktor bugünkü gündə Fransanın Azərbaycana qarşı qərəzli mövqe tutmasına səbəb olub: "Lakin Azərbaycan Fransa ilə həmişə yaxşı münasibət saxlamağa çalışıb. Həm Ulu Öndər Heydər Əliyev, həm də İlham Əliyev Prezident seçkilərindən sonra ilk səfərini məhz Fransaya ediblər. Azərbaycanda fransız dilli universitet, fransız təmayüllü orta məktəb fəaliyyət göstərir, həmçinin ölkəmizdə fransız mədəniyyətinə maraq var".

Deputat sözlərinə davam edərək qeyd edib ki, bununla belə anti-türk, anti-azərbaycan fəaliyyəti Fransanın xarici siyasətinin prioritetlərini təşkil edir: "Fransa heç vaxt Ermənistanın Azərbaycan torpaqlarına qarşı təxribatını pisləməyib. Fransa 44 günlük müharibədə də Ermənistanı açıq şəkildə müdafiə edib. Ermənistanın nə regionda, nə də beynəlxalq birlikdə hər hansı bir çəkisi, iqtisadi gücü yoxdur. Azərbaycan uzun müddət Fransa təxribatlarına qarşı çox təmkinli münasibət sərgiləyib. Fransanın Azərbaycana qarşı qeyri-səmimi hərəkətləri Azərbaycan ictimaiyyətini hərəkətə gətirib. Azərbaycan Milli Məclisinin Fransanın siyasi təxribatlarına qarşı qəbul etdiyi bəyanat dövlətimizin öz maraqlarını qorumaq qabiliyyətində olduğunun göstəricilərindəndir. Təəssüf edirik ki, Fransa dünya birliyində şəxsi təxribatlara meyilli olan, təsiri altında olduğu Ermənistanın cılız maraqlarını müdafiə edən bir ölkəyə çevrilib. Ümid edirik ki, Fransa cəmiyyətində sağlam təfəkkür gec-tez öz yerini tutacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə