5 saylı DOST Mərkəzində gün ərzində 650-700 vətəndaşa xidmət göstəriləcək
Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasını şərtləndirən, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək istiqamətində əhəmiyyətli dəyişikliyə səbəb olan DOST konsepsiyası ölkəmizdə həyata keçirilən institusional-struktur islahatlarının mühüm tərkib hissəsidir.
"ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilən DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində inqilab yaradıb. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə Azərbaycan bu sahədə də öz sözünü demiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir.
Ölkəmizdə bu və ya digər lahiyələrin reallaşması onu göstərir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər insanların rifahının daha da yüksəlməsinə yönəldilib. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır.
VƏTƏNDAŞLARIN XİDMƏTLƏRDƏN MƏMNUNLUQ SƏVİYYƏSİ 98,2 FAİZDİR
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi bu gün məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 12 istiqamət üzrə 153 xidmət göstərir. Bu günədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir.
Dekabrın 28-də daha bir DOST mərkəzi istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib. Dördmərtəbəli mərkəzin ümumi sahəsi 4405 kvadratmetrdir. Mərkəz modern və konstruktiv üslubda layihələndirilib, mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Mərkəzdə 120 nəfərə yaxın işçi heyəti çalışacaq və "Könüllü DOST" proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərəcək. Burada gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur.
379 ŞƏXS YÜKSƏK TEXNOLOGİYALI 394 ƏDƏD MÜASİR 4-CÜ NƏSİL PROTEZLƏ TƏMİN EDİLİB
Əlbəttə ki, postmüharibə dövründə də sosial sahədə, o cümlədən DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini nümayiş etdirir. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təmin olunmasına başlanıb. Ötən dövrdə artıq 379 şəxs yüksək texnologiyalı 394 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Haqqında məlumat verilən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində isə şəhid ailələri üzvlərinin, müharibə əlillərinin və onların uşaqlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün imkanlar yaradılıb.
Beləliklə, istifadəyə verilən növbəti DOST Mərkəzi sosial xidmətlər sahəsində daha böyük ərazini və daha çox əhalini əhatə etməklə keyfiyyətli xidmətin coğrafiyasının genişlənməsinə şərait yaradacaq.
VƏTƏNDAŞLAR BÜTÜN XİDMƏTLƏRDƏN "BİR PƏNCƏRƏ"DƏN FAYDALANIR
Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb. Sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması Azərbaycanın yeni brendinin spesifik cəhətləri sırasındadır. Göründüyü kimi, davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən növbəti mərkəzdə müxtəlif xidmətlərdən yararlana biləcəklər. Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB