Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı tarixi Zəfər əldə etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi və tarixi ədalətsizliyə son qoydu. Azərbaycan özü, öz gücünə illər öncə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, lakin kağız üzərində qalmış qətnamələrini icra etdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin şərəfinə parad keçirildi. Təbii ki, keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Prezident İlham Əliyevin söylədiyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı Vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgəri də iştirak etdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. 2020-ci il 10 dekabrda keçirilən şanlı qələbəmizə həsr olunmuş möhtəşəm Zəfər paradı Azərbaycan xalqının birliyini, yenilməzliyini, nümayiş etdirdi.Eyni zamanda bu parad sübut etdi ki, Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki,” Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar. Erməni tankları Bakıya gəldi, amma qənimət kimi" Paradda Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin məhv etdiyi, və qənimət kimi götürdüyü hərbi texnikalarının bir qisminin nümayiş olunması Azərbaycan Ordusunun gücünü , qüdrətini bir daha bütün dünyaya göstərmiş oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında da dövlət başçımız İlham Əliyevin yanında olması Zəfər paradının olduqca əhəmiyyətli və əsas diqqət çəkən məqamlardan biri oldu. Bu parad tarix boyu bir birinin yanında olan, bir birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi və eyni zamanda düşmənə, onların havadarlarına ciddi mesaj oldu. Zəfər Paradı bir daha göstərdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində həyata keçirilən ordu quruculuğu prosesi uğurla davam etdirilib.Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və Vətənin müdafiəsinə daim hazır olan bir Qalib orduya çevrilib.Vətən müharibəsində qələbə münasibəti ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub ki, bunlar “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilannın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçınnın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” ordenləridir. Bütün bunlar prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusunun qəhrəmanlığı, fədakarlığı, peşəkarlığına verdiyi ən yüksək qiymətdir.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə