Müharibə dövründə xalq öz dəmir yumruğunu nümayiş etdirdi ŞƏRH

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Qazanılmış şanlı qələbədən sonra Prezident İlham Əliyev Qarabağa səfərləri zamanı bir çox mühüm layihələrin təməlini qoyub. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanılıb. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə fərdi evlər tikilir. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, həmçinin turizm infrastrukturu formalaşdırılır. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilir. Bu gün fəxrlə deyə bilərik ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və bir neçə aydan sonra artıq birinci qrup keçmiş məcburi köçkünlər yerləşəcək. Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir, bu da onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Azərbaycan xalqı müharibə iştirakçılarına, Vətən uğrunda canından, sağlamlığından keçmiş insanlara kifayət qədər həssas münasibət göstərir. Təbii ki, dövlət tərəfindən atılan addımlar, həyata keçirilən siyasət bu münasibətin bir ictimai dəyər kimi qavranılmasını şərtləndirən əsas amillərdən biridir. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. 44 günlük qələbəmizə həsr edilən tədbirlər bütün Azərbaycan xalqının birliyini göstərir, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərir. Yürüşlərdə aparılan portretlər gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edilir. Çünki onlar bizimlə olmasalar da, bu Qələbəyə gedən yola bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan onlarla birlikdədir. Onların ruhu bu gün şağdır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Şəhidlərimizin valideynlərinə öz təşəkkürümüzü bildirmək istəyirik. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Bizim valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdilər. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və döyüşçü qardaşlarımıza cansağlığı versin. Qarabağ Azərbaycandır!

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə