Azərbaycan etibarlı strateji tərəfdaşdır - TƏHLİL

Azərbaycan etibarlı strateji tərəfdaşdır - TƏHLİL

Prezident İlham Əliyev: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

Azərbaycanın dünya dövlətləri ilə iqtisadi, mədəni, siyasi və digər sahələrdə münasibətlərinin sıxlaşması əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açmışdır. Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər davamlı olaraq həyata keçirilir. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizdə səfirliklərin açılması da ikitərəfli əməkdaşlığa öz mühüm töhfələrini verir. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, eləcə də 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Əlbəttə ki, ikitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür. 21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti Aleksadar Vuçiçinin Azərbaycana rəsmi səfəri mövcud əlaqələrin davamı kimi dəyərləndirilir. 3-6 aprel 2018-ci il tarixlərində isə Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Daha sonra 21-26 oktyabr 2019-cu il tarixlərində Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji sahələrində yeni prespektivlərə yol açmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, parlamentlərarası əlaqələr də mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-Serbiya əlaqələrindən söz açarkən Azərbaycan və Serbiyanın şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələri də qeyd etməliyik. Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkədə Ulu Öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb. 2013-cü il fevralın 8-də isə Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğu parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. Bu əlamətdar hadisələr Serbiya-Azərbaycan dostluğunun təzahürüdür. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş" əlaqələrin davamlığına əsaslanır.

"BİR ÇOX SAHƏLƏRDƏ UĞURLA ƏMƏKDAŞLIQ EDİRİK VƏ BİZİM ƏMƏKDAŞLIĞIMIZIN STRATEJİ HƏDƏFLƏRİ VAR"

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları vacib məsələləri müzakirə edib və bir sıra sənədlər imzalanıb. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Sözsüz ki, rəsmi görüş və sənədlərin imzalanması əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Belə ki, dövlət başçıları Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzalayıblar. Bu sənədlərin imzalanması əməkdaşlığın yeni müstəviyə qalxması deməkdir. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatla çıxış edən Prezident İlham Əliyev dövlətlərarası imzalanmış sənədlərin ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil etdiyini və və onların arasında, strateji tərəfdaşlıq haqqında sənədlərin xüsusi yer tutduğunu bildirib:"Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var.Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir". Cənab Prezident çıxışında 30 ilə yaxın işğal altında olan torpaqlarımızın sülh yolu ilə həlli istiqamətində uzun illər danışıqlar aparılsa da, nəticə vermədiyini diqqətə çatdırıb: "Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik".

"BİZ DOST OLAN ÖLKƏLƏRLƏ BU SAHƏDƏ VƏ BÜTÜN BAŞQA SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK FİKRİNDƏYİK"

Dövlət başçısı deyib ki, dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir: "Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür. Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik". Azərbaycan 44 günlük Vətən müharibəsində öz əzəli torpaqlarını işğaldan azad etdi və ədalət bərpa olundu. Bu gün isə işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. "Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur", - deyə Azərbaycan Prezidenti bildirib. Qeyd edək ki, səfər çərçivəsində enerji sahəsində əməkdaşlığın aparılması, elektrik enerjisi sahəsində, beynəlxalq arenada əməkdaşlığın gələcək inkişafı üçün məsələlər və s müzakirə olunub. "Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var" – deyən Cənab Prezident Azərbaycanın zəngin qaz resurslarının bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynadığını bildirib: "Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır".Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələr, eləcə də Serbiya şirkətləri də fəal iştirak edəcəkdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə