Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbirdə çıxış edən Partiya Sədri, Prezident cənab İlham Əliyev bu münasibətlə bütün Partiya üzvlərini təbrik edərək, Partiyanın yaranma səbəbləri və keçdiyi şərəfli tarixi yoldan bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.
Bəli, 1991-ci ilin oktyabrında respublikamız dövlət müstəqilliyinin bərpasına nail olsa da, 1993-cü ilin iyun ayınadək müşahidə olunan hakimiyyət dəyişiklikləri, siyasi qarşı durmalar, sosial-mənəvi böhran insanların sabaha ümidlərini tamamilə qırmış, cəmiyyətdə xaos və anarxiya mühitini dərinləşdirmişdir. Belə ağır şəraitdə respublika ziyaları çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Respublika ziyalıları yeni partiyanın yaradılması üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu tarixi müraciət, əslində bütün Azərbaycan xalqının istəyi, arzusu və haqlı tələbi idi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verərək bildirdi ki, “Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram.” Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Ulu Öndər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Xalqın partiyaya və onun sədrinə olan inam və etimadının nəticəsi idi ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasından dərhal sonra Respublikanın bütün şəhər və rayonlarında təsis konfranslarının keçirilməsinə start verildi və partiyanın yerli təşkilatları təsis edildi.Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın 30 illik işğalına son qoyuldu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Beləliklə, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Cənab Prezidentin qeyd etdiyi kimi: “Cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.”
Şübhə yoxdur ki, 30 il ərzində möhtəşəm zəfərlər, qələbələr qazanmış ümumxalq partiyası olan YAP cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə də qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafında aparıcı rol oynayacaq.
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB