"Rusiyanın gizli planları var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Rusiya Ukrayna müharibəsi artıq 10-cu aydır ki, davam edir. Rusiya müharibəni bilərəkdən bu şəkildə aparır. Çünki sürünən müharibə həm Rusiyanın öz imkanlarını yoxlamağa şərait yaradır, həm də Ukraynanı çökdürmək siyasəti yürüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə görünən odur ki, Rusiya hansısa müəyyən dərin dövlət adamları ilə razılaşıb: "Burada hədəf Ukrayna deyil, Avropa İttifaqıdır. Bu müharibə ən azı 1 ildən çox davam edəcək.

Əsas məqsəd Aİ-ni siyasi və iqtisadi cəhətdən çökdürməkdir. Çünki bu qış Aİ üçün yeni bir imtahandır. Bu sınaqdan isə Aİ-nin çıxması həddindən artıq çətindir. Mütləq bu ittifaqda qarşıdurma olacaq. Həmçinin, tərk etmələr istisna olunmur.

Aİ-nin idarəetməsində çaşqınlıq var. İqtisadi cəhətdən Avropanın sükanı Almaniyanın əlindədir, siyasi cəhətdən də Fransanın əlində idi. Amma Fransa yoxdur. Emmanuel Makrona ABŞ-ın maraqlarının icrası ilə məşğul olan adamdan başqa bir söz demək olmur. O da bu işi üz-gözünə bulaşdırdı. Makronu hakimiyyətdən uzaqlaşdıra bilərlər. Qarşıda duran əsas fikir ondan ibarətdir ki, Rusiya Ukrayna müharibəsi hələ davam edəcək".

Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Rusiyaya Dneprin sağ sahili lazım deyil. Xersondan da o bilərəkdən çəkildi. Rusiyanın gizli planları var. Zelenski də baymayaraq ki, 4 ildir prezidentdir, amma hələ də peşəkarlıqdan çox uzaqdır. Onun populist çıxışlardan başqa əlindən heç bir şey gəlmir. Ukrayna kimi dövlət yavaş-yavaş dağılır.

Putinə belə sürünən müharibə sərf edir. Rusiyanın bu şəkidlə çökəcəyi də inandırıcı görünmür. Qərb üçün Rusiyanın indiki vəziyyəti daha sərfəlidir. Çünki onun əli ilə həm Avropa çökdürülür, həm də Rusiya öz iqtisadi cəhətdən geri qalır. Görünən odur ki, bu çox ssenarili bir siyasi oyundur. Qurban isə Rusiya deyil, Ukraynadır. Rusiya burada yanlız üçüncü qurban ola bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə