Yeni Azərbaycan Partiyası - ümummilli faktorlarda cəmləşən xalqın partiyası TƏHLİL
Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının bugünkü yolu Heydər Əliyev yoludur
Əslində YAP-ın hər ildönümü xalqımız, dövlətimiz üçün tarixi möhtəşəmliyi ifadə edir. Bizlər xoşbəxtik ki, 30 il öncə xalqımızın ən ağır günlərində Ulu Öndər Heydər Əliyev dövlətin xilası üçün belə bir partiyanı yaratdı. Tarixi faktlar da göstərir ki, 1990-cı illərdə Azərbaycanda yeni partiyanın yaradılması üçün tarixi zərurət var idi. Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etsə də, hələ dövlət qurulmamışdı. Bununla yanaşı o zamankı mövcud hakimiyyətdə hərc-mərclik özünün pik həddinə qədər gəlib-çatmışdı. Eyni zamanda, Qarabağda 1988-ci ildən başlayan və sonda işğalçılıqla nəticələnən erməni separatizmi mövcud vəziyyəti daha da gərgin hala gətirib-çıxardı. Ümumiyyətlə, hadisələrin müharibə mərhələsinə keçməsi və torpaqlarımızın işğal altına düşməsi bizim həm iqtisadi-sosial vəziyyətimizi, həm də dövlət quruculuğu proseslərimizi xeyli zəiflətmiş oldu.
Məhz belə bir halda Azərbaycan xalqı tanıdığı və gücünə bələd olduğu lider kimi Heydər Əliyevi görürdü. Çünki Heydər Əliyev Sovet dönəmində 14 il Azərbaycana rəhbərlik etmişdi, Sovet Azərbaycanını demək olar ki, yenidən qurmuşdu və ədalətli bir rəhbər olmuşdu. Ona görə də, xalq düşdüyü bəlalardan xilas olmaq üçün Heydər Əliyevə müraciət edirdi. Azərbaycan ziyalılarının da bir çoxu Heydər Əliyevi yeni qurulan partiyanın rəhbəri kimi görmək istəyirdi və o partiyanın xətti ilə Azərbaycanın yeni iqtidarını formalaşdırmaq barədə düşünürdülər. Heydər Əliyev həmin vaxt Naxçıvanın müstəqilliyini qoruyurdu. Bu dövr ərzində həm Naxçıvan Muxtar Respublikası, həm də Azərbaycanın özü böyük təhlükə qarşısında idi. Bu təhlükələri önləməkdən ötrü bizim bir qrup ziyalımız Heydər Əliyevlə görüşüb məsləhətlər, tövsiyələr alırdı.
Xalqın partiyasına çevrilmiş ümummilli maraq!
Nəhayət, cərəyan edən olayların fonunda Yeni Azərbaycan Partiyasının qurulması ilə bağlı bir təşəbbüs qrupu formalaşdı. Yeni yaradılan partiya Azərbaycanın xilasına və dövlətçiliyinə xidmət etməli idi. Nəhayət xalqın iradəsi və əzmi öz nəticəsini göstərdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın birinci nizamnaməsi Heydər Əliyev tərəfindən yazılmışdı. Partiyanın əsas proqramı dövlətçilik, ölkənin ərazi bütövlüyü, milli həmrəylik, tərəqqi və inkişaf idi. Bu barərə Prezident İlham Əliyev partiyanın 30-cu ildönümünə hərs edilmiş yubiley tədbirində də vurğulayıb. SİTAT: "Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı".
YAP yaranandan qısa müddət sonra təşkilatlanma prosesi getdi. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü hər cür maneələr törədirdi. Ancaq bu axının qarşısında dayanmaq mümkün deyildi. Xalq öz xilaskarını yalnız Heydər Əliyevin şəxsində görürdü. Bu dövrdə Azərbaycanda çox ciddi hakimiyyət böhranı baş verdi. Hakimiyyətdə olan qüvvələr, Ali Sovetin o zamankı sədri, Prezident Əbülfəz Elçibəy özü şəxsən Heydər Əliyevə müraciət etdilər. Müraciətlərdən sonra Heydər Əliyev Milli Məclisdə çıxış edərək fikirlərini bildirdi. Hətta çaxnaşmaların yaşandığı Gəncəyə də getdi. Bu proseslərdən sonra hakimiyyət böhranı aradan qaldırıldı, bir neçə dəfə baş verən dövlət çevrilişlərinin də qarşısı alındı. Nəticədə 1995-ci ildə YAP xalqın böyük səs çoxluğu ilə qalib gələrək müxalifətdən iqtidara keçdi. Yeni Azərbaycan Partiyası yarandığı dövrdən bu yana bütün seçkilərdə qalib gəlmiş partiyadır. Bu da xalqın partiyaya sonsuz inamının bir ifadəsidir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının bugünkü yolu Heydər Əliyev yoludur.
Yeni Azərbaycan Partiyasının siyasi yolunda İlham Əliyev faktoru
Azərbaycan xalqının dahabir xoşbəxtliyi bəxti onda gətirib ki, ümumxalq təkidi ilə yaradılan partiyanın bu gün də öz layiqli və alternativsiz davamçısı var. Məhz Partiyanın yeni Sədrinin başçılığı ilə Azərbaycanda əsaslı dəyişikliklərin əsası qoyuldu. 2001-ci ildə qurultayda Prezident İlham Əliyevin Sədrin birinci müavini seçilməsindən sonra gənclərin partiyaya axını baş verdi, növbəti qurultayda Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini seçilməsindən sonra isə qadınlarımızın da partiyaya inamı artmağa başladı. İlham Əliyevin rəhbərliyi altında beynəlxalq əlaqələrin güclənməsi, müasirləşməsi, aparıcı partiyalar ilə əməkdaşlıq məsələsi YAP-ın beynəlmiləl aləmdə nüfuzlu bir partiya olaraq tanınmasını şərtləndirdi. Sonuncu qurultayda təsisat dəyişikliyi, idarəetmənin müasir sistemə keçməsi ilə bağlı ciddi qərarlar qəbul olundu. Yarandığı gündən xalqın sevgisini qazanması və bu etibarı itirməməsi Yeni Azərbaycan Partiyasının ən böyük uğurudur. Bu, partiyamızın yenilikçiliyindən, xalq və partiya birliyindən irəli gəlir. Məhz bu məqamları nəzərə aldıqda demək olar ki, YAP hələ uzun illər xalqımıza xidmət edəcək. Ona görə də əminliklə vurğulaya bilərik ki, Azərbaycanda son illərdə aparılan köklü islahatlar, müsbət tendensiya fonunda dəyişikliklər məhz İlham Əliyev faktoru ilə bağlıdır.
Qalib Azərbaycanın bugünkü inkişafı Partiyamızın Sədri İlham Əliyevin partiya və xalq qarşısındakı misilsiz xidmətlərinin təcəssümüdür
Danılmaz həqiqət budur ki, Azərbaycan YAP-ın iqtidarda olduğu dövrdə tarixən keçmədiyi uğurlu bir yol keçdi. Dövlət quruldu, iqtisadiyyat bərpa olundu, müharibə dayandırıldı. Əsrin müqaviləsinin imzalanması ilə neft dünya bazarlarına nəql olunmağa başladı və iqtisadiyyat onun üzərində quruldu. İlham Əliyevin rəhbərliyi altında ümumdaxili məhsul, dövlət büdcəsi və əhalinin pul gəlirləri artmağa başladı. 2011-ci ildə BMT kimi təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Bu, Azərbaycanın dünyada qazandığı müsbət imicinin göstəricisi idi. Biz, öz hərbi sənayemizi yaratmaqla keçən il torpaqlarımızı işğaldan azad etdik. Bunları görən xalq başqa bir partiyanı iqtidarda görə bilmir. Xalq bilir ki, 30 ildə Azərbaycanda olan bütün inkişaf Yeni Azərbaycan Partiyasının sayəsində olub.
Fateh Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyəti dövründə torpaqların işğaldan azad olunması onun adının tarixə qızıl hərflərlə həkk etdi. Cənab İlham Əliyev müharibənin ən qızğın vaxtlarında siyasi arenalarda bir orduya bərabər çıxışlar edirdi, xarici mediaya müsahibələr verirdi. O həm cəbhədəki vəziyyəti nəzarət altında saxlayırdı, həm də informasiya cəbhəsində öz qalibiyyət sözünü vurğulayırdı. Ona görə də əminliklə qeyd edirik ki, qalib Azərbaycanın bugünkü inkişafı Partiyamızın Sədri İlham Əliyevin partiya və xalq qarşısındakı misilsiz xidmətlərinin təcəssümüdür.
Güclü iqtisadiyyat və yeni qələbələr
İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan dövlətimizin başçısı işğaldan azad edilən torpaqlarımızda gerçəkləşdirdiyi yeni layihələr isə Azərbaycanın geosiyasi və geoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini təmin edir. Bəlli olduğu kimi, Qarabağın bərpası və inkişafı modeli belədir: dəyərli və zəngin mədəni irs nümunələri bərpa ediləcək, lazım olanlar isə yaradılacaq. Qarabağın bərpası tarixi Zəfərimizin məntiqi davamıdır. Quruculuq layihələrinin uğurlu, qətiyyətli icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir.
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə təkcə hərbi sahədə deyil, həm də iqtisadi, siyasi sahədə yeni uğurlara imza atmağa davam edir. Qarabağ savaşında qazanılmış Qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq, döyüş əməliyyatları dayanan vaxtdan bölgədə irimiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir. Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramlara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir. Dövlət başçısının bildirdiyi kimi, müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, Böyük Qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. Bu mənada Yeni Azərbaycan Partiyası xalqa Zəfər töhfəsi verən partiya kimi də tarixə düşdü.
Ata vəsiyyətini yerinə yetirən Lider!
Sonda isə bird aha əminliklə vurğulaya bilərik ki, Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrə və bu zaman çərçivəsində gördüyü işlərə nəzər saldıqda bir reallıq aydın olur - O, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin siyasi yolunu bundan sonar da uğurla, özünün mütərəqqi siyasəti ilə davam etdirəcək. Xüsusilə vurğulamaq lazımdır ki, İlham Əliyev həm də Ulu Öndər Heydər Əliyevin siyasi yolu ilə yanaşı, həm də mənəvi yolunun layiqli davamçısıdır. “Şuşanın azad olunma xəbərini xalqa çatdıran və xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim” deyən dövlət başçısının sözləri bunu bir daha təsdiqləyir. Bu həm də İlham Əliyevin mənəvi dəyərlərə, Azərbaycan xalqına bağlılığının və sədaqətinin göstəricisidir.
Yeni Azərbaycan Partiyası isə artıq gələcəyinə inamla baxır və bizləri qarşıda daha böyük Zəfərlər gözləyir. Bizlər Azərbaycan vətəndaşları və YAP təmsilçiləri olmaqla qazanılacaq zəfərlərimizə yorulmadan, əzmlə gedirik!
İlkin Əzizov,
YAP Masallı rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB