Yeni Azərbaycan Partiyasının qələbəsi: güclü Milli Ordumuz və tarixi Zəfərimiz TƏHLİL

Prezident İlham Əliyev: Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

Noyabrın 21-də ölkəmizin ictimai-siyasi həyatında, müstəqilliyimizin qorunub saxlanmasında, 2020-ci ildə Qarabağda tarixi Zəfərimizin əldə olunmasında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam oldu. Bu münasibətlə keçirilən tədbirdə dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tarixi və çox maraqlı çıxışını dinlədik. Partiyanın ötən 30 ildə yaranması səbəblərindən tutmuş bu günədək keçdiyi tarixi yolu öz çıxışında təhlil edən ölkə başçısı maraqlı məqamlardan birinə-ölkəmizdə ordu quruculuğu prosesinə və bu prosesə qədərki yola nəzər saldı. Yeni Azərbaycan Partiyasının təsis konfransının nə üçün məhz Naxçıvanda keçirilmə səbəblərini izah etdi: Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı, bir daha demək istəyirəm, tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

Nizami ordunun yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, burada hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun zabit heyəti ilə təmin olunmasında əhəmiyyətli rol oynamışdır.

Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə isə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılmışdır. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Nəticədə, milli hərbi birləşmələrimiz sülhməramlı qismində dünyanın müxtəlif münaqişə zonalarında iştirak etmiş, fəaliyyəti yüksək qiymətləndirilmişdir. “Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, milli ordusudur. Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”, – deyən ulu öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.

İqtisadi islahatlardan müasir Milli Orduya doğru...

Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, ilk növbədə, dövlətimiz üçün prioritet olan ordumuzun büdcəsinin artmasına, orduda müasir komplektləşdirmənin aparılmasına geniş imkanlar yaratmışdır. Nəticədə, silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunmuş, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilmişdir.

Bu barədə Yeni Azərbaycan Partiyasının yubiley tədbirində çıxış edən dövlətimizin başçısı demişdir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən, ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

2003-də verilən vəd, 2020-də qazanılan Zəfər

Ölkə Prezidenti cənab İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində çıxış edərkən demişdir: “Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Dövlətimizin başçısı illər öncə bu dəyərli fikirləri söyləyərkən, eyni zamanda ata vəsiyyətini da xatırlayır, güclü ordu ilə işğal altında olan torpaqlarımızın bir gün azad olunacağına böyük inamla baxırdı. Bütün bunları YAP-ın yubiley tədbirində müzəffər Ali Baş Komandanımızın dəyərli çıxışında bir daha dinlədik: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Bəli, Vətən müharibəsinə kimi ötən müddətdə sadalanan vəzifələr yüksək səviyyədə həyata keçirildi. Ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüldü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz təmin olundu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.

Əsas şüarı “Qarabağ Azərbaycandır!” olan Vətən müharibəsi, həm də ölkəmizin bu haqq mübarizəsində ona siyasi və mənəvi dəstək olan qardaş Türkiyə Respublikası ilə əlaqələri yeni müstəviyə daşıdı. Ötən il 15 İyun – Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi bu birliyin daimi olacağının, eyni zamanda hərbi təhlükəsizlik məsələlərində birgə fəaliyyətin təsdiq olunmasının qarantına çevrilmişdir.

Hərbi xərclərə ayrılacaq vəsait rekord həddə çatıb

Milli Ordumuzdan, onun gücündən, Qarabağda əldə etdiyi tarixi Zəfərdən söhbət açarkən Prezident cənab İlham Əliyevin İkinci Vətən Müharibəsində əldə etdiyimiz qələbənin ikinci ildönümündə Şuşa şəhərində söylədiyi dəyərli fikirləri də xatırlamaq yerinə düşər. Dövlərimizin başçısı deyirdi: Əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik. Ancaq, ilk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir. Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq.

Dövlətimizin başçısının ordumuzun gücləndiyini, hətta iki il öncəki ordudan fərqli olduğunu söyləməsi isə hər bir azərbaycanlının qüruru, həm də təhlükəsizliyinə təminatdır: Mən deyə bilərəm ki, son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!

Üzümüz ağ, alnımız açıqdır!

Bu gün hər bir azərbaycanlı mənsub olduğu ölkəsi, onun dövlət başçısı, müstəqilliyimiz, Zəfərimizlə qürur duyur. Bizlər 30 ilin şərəf-torpaqlarımızın işğal məsələsini arxada qoyduq. 30 ildəki ürək ağrılarımız, Qarabağın adı çəkiləndə başımızı yerə dikdiyimiz anlar geridə qaldı. Çünki torpaq şərəf, namus məsələsidir. Biz o məsələni kökündən həll etdik. Torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Bütün bunlara xalqımızın həmrəyliyi, birliyi ilə, güclü ordumuzla, vətənpərvər gəncliyimizlə, torpağını canından artıq sevən insanlarımızla nail olduq. Biz torpaqlarımızı qarış-qarış geri aldıq.

Prezident cənab İlham Əliyv deyir: Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər.

Artıq azad torpaqlarımızda quruculuq işləri aparılır. Soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə geri dönmələri üçün dövlətimiz Qarabağda böyük işlər həyata keçirir. Bütün bunlar isə Zəfərimiz üzərinə yeni bir Zəfər, qürur gətirir. Dövlətimizin başçısının dediyi kimi: İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə