Cəmiyyətin və dövlətin həyatında siyasi partiyaların rolunu qiymətləndirməyin ən mükəmməl meyarı seçkilərdir. Bu mənada, Yeni Azərbaycan Partiyasının indiyə qədər seçkilərdə əldə etdiyi nəticələr onun Azərbaycan ictimai təfəkküründə yeri və rolu barədə aydın təsəvvür yaradır. Lakin əlbəttə ki, seçkilərin nəticələri partiyanın fəaliyyətinə və əldə etdiyi nəticələrin miqyasına qiymət vermək üçün əsas alət olsa da, ümumilikdə siyasi partiyanın tarixi proseslərdə yerini daha dəqiq qiymətləndirməyə imkan verən başqa bir ölçü vahidi də var – zaman. Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, dövlətimizin və cəmiyyətimizin inkişafında roluna qiymət verərkən həm də onun mübarizələrdən keçmiş tarixinə, hakim siyasi təşkilata çevrildiyi gündən indiyə qədər ölkənin əldə etdiyi uğurlara nəzərə salmaq zərurəti meydana çıxır. YAP ölkədə siyasi kataklizmlərin dərinləşdiyi, iqtisadiyyat, daxili ictimai münasibətlər, beynəlxalq əlaqələr, Ermənistanın işğalçı siyasəti nəticəsində yaranmış acı reallıqlar fonunda təsis olundu. “Qoy, ədalət zəfər çalsın!” şüarı bütün sferalarda praktik təzahürünə ehtiyac duyulan ümummilli bir amalın məzmununu ifadə edirdi. Böyük dövlət adamı Heydər Əliyevin xarizması, onun şəxsiyyətinə dərin ictimai etimad YAP-ın qısa müddətdə kütləvi siyasi təşkilata çevrilməsini şərtləndirən ən başlıca amil idi. Azərbaycan xalqı YAP-ı sıradan bir siyasi institut kimi deyil, ümummilli lider Heydər Əliyevin ideya və təşəbbüslərini gerçəkləşdirməkdə vacib rol oynaya biləcək birlik modeli kimi qəbul etmişdi. “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı partiyanın fəaliyyətinin bütün fəlsəfəsini, siyasi münasibətlər sistemində tutduğu mövqenin mahiyyətini ifadə edirdi. Ötən 30 il ərzində Azərbaycanda baş verən bütün pozitiv dəyişikliklər YAP-ın qurucusu ümummilli lider Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır. 30 il bundan ərazisinin bir hissəsi işğal edilən, ağır iqtisadi və sosial tənəzzül yaşayan Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul olunur. Ulu öndərin hakimiyyətə gəlişi Azərbaycan xalqının milli şüurunda inqilabi dəyişikliklərə səbəb oldu. Milli özünüdərk, müstəqillik ideallarına əsaslanan siyasi təfəkkür tərzi, gələcəyə qəti inam dövlət və xalq birliyinin sarsılmazlığını təmin edən əsas amillərə çevrildi. Prezident İlham Əliyev bu birliyi daha da möhkəmləndirərək onu ümummilli hədəfə - Azərbaycan torpaqlarının işğaldan azad olunması ideyasına istiqamətlədirdi. 2020-ci ilin Vətən müharibəsinin gedişi və nəticələri bu siyasətin kifayət qədər düşünülmüş və dəqiq hesablanmış bir strategiyaya əsaslandığını sübut etdi.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində VII qurultayı Vətən müharibəsindən sonrakı dövrdə Cənubi Qafqazda yaranmış yeni reallıqlara, yeni çağırışlara uyğunlaşmaq, daha mükəmməl və effektiv fəaliyyət mexanizmi müəyyənləşdirmək məqsədinə xidmət edirdi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev qurultaydakı çıxışında partiyadakı dəyişikliklərin zəruriliyini xüsusi vurğulamışdı: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın”. Bu gün əminliklə demək olar ki, qurultaydan keçən dövr ərzində partiyanın fəaliyyətində, beynəlxalq əlaqələrində ciddi keyfiyyət dəyişikliyi baş verib. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sədrin birinci müavini təyin olunması partiyanın tarixində yeni bir dövrün başlandığını göstərən hadisələrdən biri kimi qiymətləndirilə bilər. Qalib ölkənin hakim partiyası kimi, YAP qloballaşan dünyanın reallıqlarına, beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb dəyişikliklərə çevik reaksiya verməyi bacaran, cəmiyyətin gözləntilərini dəqiq qiymətləndirmək imkanlarına malik siyasi təşkilat kimi daha böyük uğurlara imza atmaq imkanına malikdir. İndi siyasi partiya haqqında ənənəvi nəzəriyyələrdə öz əksini tapmış təfsirlər müasir dövrün çağırışlarını tam şəkildə ifadə etmir. İctimai təfəkkür siyasiləşdiyindən ideoloji postulatlar əvvəlki aktuallığını qismən də olsa itirir. Cəmiyyət siyasi partiyalardan təkcə ümummilli mənafelərlə bağlı məsələlərdə deyil, həm də qlobal, bəzən isə hətta ayrı-ayrı sosial qrup və fərdlərin problemlərinin həlli ilə bağlı təkliflər, təşəbbüslər gözləyir. Bu baxımdan, YAP-da həyata keçirilən islahatlar cəmiyyətin gözləntilərinə, eyni zamanda, müasir dövrün çağırışlarına uyğunlaşmağı hədəf götürüb. 30 illik tarixə malik YAP Azərbaycanda ictimai-siyasi proseslərin mərkəzində dayanan əsas siyasi institut olaraq ictimai rəyə digər partiyalarla müqayisədə daha böyük təsir imkanlarına malikdir. Partiyanın tarixi əslində ölkənin əldə etdiyi nailiyyətlər tarixi ilə sinxron təşkil edir. YAP-ı başqa siyasi qüvvələrdən, xüsusilə müxalifət partiyalarından fərqləndirən ən mühüm keyfiyyətlərdən biri onun öz fəaliyyətini rəqiblərinin uğur və uğursuzluqları ilə müqayisə formulu əsasında qurmamasıdır. YAP öz siyasi xətti, gələcəyə dair aydın və konkret strategiyası olan, xalqın tarixində müstəsna rol oynamış iki tarixi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin liderliyi sayəsində mükəmməl siyasi fəaliyyət modeli qurmağa müvəffəq olmuş güclü bir təşkilatdır. Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması istiqamətində təşəbbüslərin xüsusi aktuallıq kəsb etdiyi dövrdə YAP ölkədə siyasi dialoqun dərinləşməsi prosesində aparıcı rol oynayır. Yeni tarixi mərhələdə partiyanın üzərinə düşən əsas missiya Aərbaycanda ötən müddət ərzində əldə olunmuş milli birlik və siyasi həmrəyliyin daha da möhkəmləndirməsinə töhfə verməkdir. Keçdiyi yol və bu gün partiyanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar YAP-ın bu tarixi missiyanın da öhdəsindən uğurla gələcəyini söyləməyə əsas verir.
Ramin Məmmədov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB