Elçin Bayramlı

Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə özünəməxsus şəkildə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində bir-iki saat hərlənsələr, yanıldıqlarını anlaya bilərlər. Bütün küçələrə, binaların divarlarına, qapı-pəncərələrə, avtobusların şüşələrinə və metro vaqonlarına yapışdırılan saysız-hesabsız iş elanlarında vətəndaşlar "yüksək" əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Ki, hamıya iş yeri tapılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur- "Qız tələb olunur!".

Azərbaycanda əhalinin 51 faizini təşkil edən qadınlar ümumi işçi sayı nisbətində kişilərə uduzsalar da, bəzi sahələrdə (təhsil, səhiyyə, ticarət və s.) böyük üstünlük təşkil edirlər. Bu tendensiyanın bir müsbət cəhəti də ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını bürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orada-burada ağızlarını avara qoyub deyinirlər ki, nə bilim, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan.

Öz aramızdı, bunlar deyəsən Azərbaycanı başqa ölkələrlə səhv salıblar. Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: "Mister Uill, mənə elə gəlir, bu problemlə bağlı seminarları ərəb ölkələrində keçirməyə daha çox ehtiyac var. Azərbaycanda qadın hüquqları ta qədimdən bərqərar olubdur, qadına bizdəki qədər hörmət və ehtiram heç bir ölkədə yoxdur. Bu, qanunlarımızda da öz əksini tapıb". (Nə təhər demişəm?!)

Treynerin və seminar iştirakçılarının maraqla dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: "Cəmiyyətimizdə qadınların yeri o qədər də pis deyil. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə, o cümlədən digər sahələrdə qadınlar fəal işirak edir. Məsələn, cəmiyyətimizin ən aparıcı sahələri olan təhsil və səhiyyədə qadın kontingenti 80% təşkil edir.

Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda və digər ictimai yerlərdə qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə zaman əyləşərək getdiyimi xatırlamıram. Bir qayda olaraq nəqliyyatda bütün oturacaqlarda qadınlar əyləşir, ayaq üstə gedənlərin də yarıdan çoxu qadındır.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin 2/3-si qadındır? Bunların çoxu işə və ya təhsil almağa gedənlərdir. Bir çox ailələri qadınlar dolandırır. Bəzi qəhraman qadınlar Dubaydan, Səudiyyədən,Türkiyədən... ölkəmizə blirsinizmi nə qədər pul-para göndərirlər, bilmirsinizsə, elə bu pəncərədən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edin, sizi inandırıram ki, onların önəmli bir hissəsi həmin qadınların halal qazancı ilə alınıb.

İctimai tədbirlərdə, konsertlərdə və əyləncə mərkəzlərində də üstünlüyü zərif (etiraf edim ki, burada az qala çaşıb "zəif" deyəcəkdim, son millisaniyədə səhvimi düzəltdim) cinsin nümayəndələri təşkil edirlər. Elə gender probleminin müzakirə olunduğu bu salonda da qadınlar mütləq üstünlük təşkil edir. Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə gender proqramlarının həyata keçirilməsinə ehtiyac yoxdur".

Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda böyük canlanma oldu. Ruslar demiş - "burnıe oplodismentı!". Amerikalı treyner azərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi... Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, "arvaddan qorxmayan kişi deyil".

Amma bunlar misterə deyiləsi söhbətlər deyil. Nöşün ki, rüsvay olmayaq. Nədən danışırdıq, hara gəlib çıxdıq... Deməli, hamı qız-qadın axtarır, kişiləri heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə əsas şərt olaraq qoyulduğunu soruşsam da, düz-əməlli cavab ala bilməmişəm. Bəzi xidmət obyektlərini yenə başa düşmək olar, şorgöz müştəriləri daha yaxşı xidmətlə cəlb etmək istəyirlər. (Amma onu da deyim ki, mağaza və ofislərdə manekenə və ya androidə oxşayan ədəbaz qızlar bir kişi müştəri kimi qətiyyən mənim xoşuma gəlmir. Bu yarımsüni kimyəvi məxluqlar biorobot kimi şeydirlər).

Təbii ki, qız-gəlinlərin hər cür işdə çalışması yaxşı haldır, amma elə işlər var ki, orada kişilər qadınlardan daha effektli iş görə bilərlər. Amma sən gəl bunu firma-şirkət sahiblərinə başa sal. Onlara desən ki, bütün dünyada işçiləri faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə və nəhayət, şirkətə daha çox xeyir verdiyinə görə götürürlər, sənə gülər ki, a bala, sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz.

Bir çox elanlarda və işə qəbul zamanı aparılan söhbətlərdə təkcə cinsi tələblər yox, həm də digər anormal şərtlər qoyulur. Yaş, gözəllik və ailə vəziyyəti kimi şərtlər bu qəbildəndir. Bütün bu elanları nəzərdən keçirərək tələb olunan kriteriyaları ümumiləşdirməyə cəhd etsək, onda təxminən belə bir nəticə alınar- "Şirkətə (adı əksər hallarda qeyd olunmur-müəllif) ali və ya orta təhsilli, 17-30 yaşlı qızlar tələb olunur. Ölçüləri- 90-60-90, saçları sarı, gözləri mavi və ya yaşıl, boyu 160-180 sm, çəkisi 50-60 kq. Evli olmasa, ya da boşanmış olsa iş qarantı dəqiqdir. Xaricdə işlə təmin olunması mümkündür. Maraqlananlar filan nömrəyə (adətən, mobil nömrə olur) zəng edə bilərlər". Vəssalam.

Bu tələblərə tam cavab verən qızlar yüksək əməkhaqqı ilə, qismən cavab verənlər isə orta əməkhaqqı ilə iş tapa bilər. Digərləri, hətta "Oksford"un doktoranturasını bitirmiş olsalar belə, narahat etməsinlər. Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır. Amma işə götürənlərin bir tələb yadlarından çıxıb ki, bu da sağlamlıq haqqında arayışdır.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə