Rus politoloq: “Bakı İrəvana yumşaq güc tətbiq etməlidir” - MÜSAHİBƏ

Stanislav Tarasov: Ermənilər itirilə biləcək hər şeyi itiriblər, Ermənistanda vəziyyət çox ağırdır”

Tanınmış rusiyalı politoloq Stanislav Tarasov “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri və regionda yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər bildirib. Politoloqun müsahibəsini oxucularımıza təqdim edirik.

- Stanislav Nikolayeviç, ilk növbədə, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Moskvada keçirilən görüşü ilə bağlı fikrinizi öyrənmək istərdim. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində hansısa irəliləyişə nail ola biləcəklərmi?

- Hesab edirəm ki, görüş müsbətdir, bu, Qarabağ müharibəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli razılaşmaların ruhundadır və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını nəzərdə tutur. Lakin Azərbaycanla Ermənistanın, Türkiyə ilə Ermənistanın münasibətlərinin formatı fərqlidir. Əgər Türkiyə ilə Ermənistanın qarşısında diplomatik münasibətləri bərpa etmək vəzifəsi varsa, Ermənistan-Azərbaycan formatında sərhədlərin demarkasiyası, sülh sazişinin imzalanması və s. ilə bağlı problemlər var.

- Türkiyə hökuməti ilkin şərt olmadan dialoqa hazırdır. İrəvan buna hazırdırmı?

- Ermənilər üçün Türkiyə ilə münasibətləri bərpa etmək üçün vacib şərt Ankaranın “soyqırımı” tanımasıdır. Amma hesab edirəm ki, bu konkret məsələ təfərrüatlı müzakirə olunmayacaq, daha çox bu görüşün, sonra isə danışıqlar prosesinin mötərizəsindən çıxarılacaq. Ermənistan bu məsələdə praqmatik davranacaq. Mənə elə gəlir ki, dialoq baş tutacaq və artıq yaxın gələcəkdə Ankara ilə münasibətlərin bərpası və normallaşması prosesinin başlayacağını demək olar. Ən azı indi belə bir nəticəyə işarə edən bütün əlamətlər var. Göründüyü kimi, hava nəqliyyatı açılıb, təyyarələr artıq İrəvan-İstanbul çarter reysləri ilə uçur və bütün bunlar ticarət-iqtisadi əlaqələrin daha da inkişafını nəzərdə tutur və s.

- Yəni Ermənistan-Türkiyə sərhədi tezliklə açıla bilər?

- Yox, belə düşünmürəm. Bu kifayət qədər uzun prosesdir, bir az vaxt aparacaq. Hər şey dərhal baş verməyəcək. Biz Moskvada Ermənistan-Türkiyə yolunda hadisələrin ardıcıllığını diqqətlə izləyirik və çox güman ki, növbəti addım kimi Ermənistan və Türkiyənin rəsmi nümayəndələrinin İstanbulda, yaxud da Avropada növbəti görüşü olacaq. Prosesin müsbət istiqamətdə getməsi vacibdir.

- Sərhədlərin açılmasından sonra Ermənistan tərəfi Türkiyə ərazisində təxribatlar törədə bilər?

- Düşünürəm ki, Türkiyə ərazisində heç bir təxribat olmayacaq, çünki Ermənistan buna, eləcə də Azərbaycanla yeni müharibəyə hazır deyil.

- Amma bu, Ermənistanın Azərbaycan ərazisində təxribat fəaliyyətini davam etdirməsinə mane olmur. Ermənistan tərəfinin Azərbaycan sərhədində son təxribatlarından yəqin ki, xəbəriniz var?

- Bu cür hərəkətləri ilk olaraq tərəflərdən hansının alovlandırdığını birmənalı demək mənim üçün çətindir. Ancaq aydındır ki, bunlar olur.

-Ermənistan tərəfi silahlı təxribatlardan əl çəkməzsə, Qarabağda ermənilərlə azərbaycanlıların gələcəkdə birgə yaşamasından danışmağın mənası varmı? Razılaşın ki, İrəvan buna hazır deyil. Əks halda ermənilərin Bakı və Ankara ilə yaxınlaşma fobiyalarının səbəbini nə ilə izah etmək olar?

- Düşünürəm ki, Ermənistanın özündə müəyyən qüvvələr Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlı deyil və bu prosesə bu cür mane olur. Erməni cəmiyyətindəki fobiyalara gəlincə, bunlar kifayət qədər başa düşüləndir. Ermənilər itirilə biləcək hər şeyi itiriblər və çox həssasdırlar. Ona görə də Bakı yumşaq güc siyasətini tətbiq etməlidir. Ermənistan tərəfi Azərbaycanın güclü mövqedən çıxış etməsindən ciddi narahatdır, ona görə də hesab edirəm ki, Bakı daha diplomatik hərəkət etməlidir. Bu, normal dialoq qurmaq üçün də faydalı olacaq.

Digər tərəfdən, Ermənistanda Paşinyan kimi siyasətçinin hakimiyyətdə olmasının həm Bakının, həm də Ankaranın maraqlarına cavab verdiyini də gözdən qaçırmaq olmaz. Axı o, hakimiyyəti itirsə, o zaman onun yerinə qisas almaq istəyən müəyyən qüvvələr gələ bilər. Bəli, aydındır ki, Ermənistanın bunun üçün müvafiq hərbi və maliyyə resursları yoxdur və buna baxmayaraq, Bakı həm ritorikasını, həm də siyasətini yumşaltmalıdır. Axı, artıq hamı bilir ki, Qarabağ müharibəsində Azərbaycan qalib gəlib. Ona görə də Ermənistanda vəziyyətin çox ağır olduğunu nəzərə alsaq, ermənilərə daha loyal şərait yaratmaq lazımdır.

- Nə cür? Ermənistana həm Türkiyə, həm də Azərbaycan sülh təklif edir. Ermənistana kommunikasiyaların açılması təklif olunur. Bütün bunlardan ən çox faydalanan isə Ermənistandır. Elə deyilmi?

- Əlbəttə yox. Hər iki halda Ermənistan potensial olaraq qalib gəlmir, çünki dediyim kimi, hər şeyi itirib. İndi də ona güc mövqeyindən şərtlər diktə olunur.

- Bəs ermənilərin pul qazanmaq, hətta daimi yaşamaq üçün Ermənistandan Türkiyəyə getməsini necə izah edirsiniz?

- Ermənilər Türkiyəyə ona görə gedirlər ki, görünür, orada yaşamaq istəyirlər, qoyun yaşasınlar. Başa düşürsünüz bu xalq belədir...

- Necədir? Köçəri?

- Bunu deməzdim. Onlar sadəcə yad insanlar arasında necə yaşamağı bilirlər.

- Və başqasına məxsus olanı necə mənimsəməyi bilirlər ...

- Başa düşmək lazımdır ki, ermənilərin taleyi ağırdır. Prezident Əliyevin isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, amma Stepanakerti (Xankəndi- red.) təmizləməməsi ağıllı qərar idi. Hər şey düzgün edildi. Amma Qarabağın statusu problemi var, ona görə də burada mümkün kombinasiyalar üzərində düşünmək lazımdır.

- Qarabağ problemi kimi Qarabağın statusu məsələsi də bağlıdır. Bütün ermənilər bu reallıqla barışmalıdır...

- Azərbaycan tərəfinin mövqeyi belədir, amma bu Ermənistanın maraqlarına uyğun deyil.

- Sizin hesablamalarınıza görə, Rusiya sülhməramlıları Qarabağda nə qədər qalacaq?

- Düşünürəm ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda göstərilən müddətin sonuna qədər qalacaqlar, lakin qarşıdakı 5 il üçün də qala biləcəyini də istisna etmirəm. Hər şey vəziyyətdən asılı olacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə