Qlobal taxıl böhranı: Dünya çörək imtahanına hazırlaşır? - 1-ci YAZI

Azərbaycanda taxıl qıtlığı və ərzağın bahalaşması gözlənilirmi?

İqtisadiyyatın şaxələndirilməsi proqramında aqrar sektorun əsas yerlərdən birini tutduğu sirr deyil. Aqrar sektorda isə ən strateji sahələrdən biri taxılçılıqdır. Azərbaycanda taxılçılığın çox qədim ənənələri var. XX əsrin əvvəllərinədək dədə-baba qaydası ilə taxıl əkinləri davam etdirilib və ölkənin münbit torpaqlarının, iqlim şəraitinin səbəbinə yaxşı nəticələr əldə olunub.

Sovet dövründə bu sahəyə elmi yanaşma ortaya qoyulub və aqrotexniki qaydalara riayət edilərək taxıl əkinlərinin sahəsi dəfələrlə böyüyüb, istehsalının həcmi on dəfələrlə artıb.

Bu sahə o vaxt ekstensiv yolla yox, intensiv yolla inkişaf etmişdi. Bu inkişafın əsası kimi yeni buğda sortları yetişdirilirdi. Azərbaycanda seleksiya institutu yaradılmışdı və çox ciddi olaraq bu sahədə iş aparırdı.

Keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər bizim özümüzün çox yaxşı taxıl sortlarımız var idi. O sortlar bu gün dünyada mövcud olan bəzi sortlarla müqayisədə o qədər də effektli deyildi, amma o dövr üçün yetərincə məhsuldar sayılırdı və tələbatımızı ödəyirdi.

Akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Seleksiya institutu bəzi məhsuldar sortların əldə edilməsinə nail oldu. “Əzəmətli”, “Uğur”, “Qobustan”, “Qırmızı gül-1”, “Azərbaycan”, “Cəfəri”, “Ağ buğda”, “Araz buğdası” kimi keyfiyyətli və məhsuldar sortlar yaradıldı. 80-ci illərdə buğdanın məhsuldarlığı hektara 25 sentnerdən yüksək olurdu. Respublikanın buğda istehsalı isə ildə 1,2 milyon tondan çox idi.

Sonralar belə keyfiyyətli sortların məhsuldarlığı təcrübə stransiyalarında yüksək olsa da, praktiki əkinlərdə bunun əksi müşahidə olundu. Çünki artıq əvvəlki kimi taxılçılıqda elmi yanaşma yox idi.

Taxılçılıq təkcə məhsuldar sortlar əkməklə deyil. Burda söhbət aqrotexniki tədbirlərdən gedir. Bu da maliyyə vəsaiti tələb edir, burda dövlətin dəstəyi çox vacibdir.

Bu sahədə mütəxəssis çatışmazlığı da var. Taxılçılığın inkişafı üçün iri təsərrüfatlar yaradılmalı, aqrotexniki qaydalara riayət olunmalı, elevatorlar tikilməli, savadlı mütəxəssislər yetişdirilməlidir.

Dünya taxıl bazarında vəziyyət

Dünya üzrə taxıl istehsalı 775 milyon ton civarındadır. Dünyada ən böyük taxıl istehsalçıları Avropa İttifaqı (140 milyon tona yaxın), Çin (135 milyon tona yaxın) və Rusiyadır (87 milyon tona yaxın). Aİ və Çinin istehsalının böyük hissəsi daxili istehlaka sərf olunur. Ən böyük taxıl ixracatçısı isə Rusiyadır - bu ölkə daxili tələbatdan xeyli artıq taxıl istehsal edir və dünyaya 40 milyon tona yaxın taxıl ixrac edir.

2022-ci ildə dünyada taxıl istehsalı həcmi 780 milyon ton proqnozlaşdırılır, qlobal istehlak tələbinin isə 789 milyon ton olacağı gözlənilir. Bu isə qlobal taxıl bazarında 9 milyon defisit olacağını göstərir. Bu halda taxılın qiymətinin artacağı şübhə doğurmur.

Düzdür, 2021-2022 mövsümü üçün buğda ehtiyatlarının 292 milyon tondan artıq olacağı proqnozlaşdırır. Ancaq bu tələbin tam qarşılanacağı demək deyil və qiymət artımı təbii görünür.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2021-ci il 8 dekabr tarixli hesabatı və "TradingEconomics platforması"nın məlumat bazasına əsasən dünyada əsas ərzaq və istehlak məhsullarının qiymətləri artıb.

Dünyada taxıl məhsullarının qiymətlərində cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,1 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 faiz artım müşahidə olunub.

Təklif qıtlığı şəraitində tələbin kəskin artması buğda qiymətlərinin dünya bazarında kəskin olaraq davamlı artmasına və dünya bazarında buğdanın qiymətinin 2011-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.

Bahalaşmanın səbəbi nədir?

Ekspertlər taxıl və buğdanın qiymət artımındakı səbəblərin müxtəlif olduğunu bildirirlər. Əsas amillərdən biri son illər hökm sürən qlobal istliləşmənin yaratdığı quraqlıq göstərilir. Quraqlıq hökm sürməsi taxıl məhsullarının istehsalında kəskin azalmaya gətirib çıxarıb. Dünya bazarlarında taxılın qıtlığı taxıl istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinin artmasına və dünya bazarlarına daha az miqdarda taxılın ixracına səbəb olub.

Taxılın bahalaşmasında əsas rol buğdanın payına düşüb. Belə ki, qarğıdalının qiyməti cüzi qalxıb, düyü və digər taxıl məhsulları isə bahalaşmayıb. Buğda isə 2011-ci ilin may ayından bəri ən yüksək qiymətə qalxıb. 2021-ci ilin dekabr ayında bu qiymət 338 dollara qalxıb və illik ifadədə 33 faizdən çox bahalaşma qeydə alınıb. Halbuki 2019-cu ilin sonlarında qiymət hər ton üçün 180 dollar ətrafında dəyişirdi. Yəni buğdanın qiyməti 1 il 4 ay ərzində 80 faizə qədər qalxıb.

Bahalaşma Avstraliyada baş verən quraqlıq və qeyri-müəyyənlik, həmçinin ən böyük taxıl ixracatçısı Rusiyanın tətbiq etdiyi yeni buğda siyasəti ilə bağlıdır. Rusiyada və taxıl ixracatçısı qonşuları Ukrayna və Qazaxıstan ərazisində baş verən quraqlıq Moskvanı da daxili bazarı qorumağa məcbur edib. Rusiya buğdanın hər tonu üçün 70 dollara yaxın ixrac rüsumu tələb edir, həmçinin ixrac üçün kvotalar tətbiq edir.

Rusiyadan ixracın azalacağı ilə bağlı səslənən açıqlamalar dünya ölkələrini 2022-ci ilin iyun ayına qədər sürəcək mövsüm üçün buğda tədarük etməyə vadar etdi və nəticədə qiymətlər qalxdı. Qiymətlərə son illərdə buğda tələbatı kəskin artan Çin təsir edir.

Hazırki bahalaşma son deyil. Ekspertlər yaz aylarında qiymətlərin daha da bahalanacağını güman edirlər, çünki toplanmış ehtiyatlar yazda bitəcək, almağa isə məhsul olmayacaq. Yəni tələb-təklif balansı yenidən pozulacaq və yaranan qıtlıq nəticəsində qiymətlər yenə də qalxacaq.

Təkcə taxıl bahalaşmır...

Dünya bazarında qiymət artımı təkcə taxıl və buğda ilə də yekunlaşmır. Qlobal bazarlarda süd məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 19,1 faiz artıb. Tərəvəz yağlarının qiymətlərində qlobal bazarlarda oktyabr ayında rekord qiymət artımı müşahidə olunmuş, lakin noyabr ayında qiymət üzrə cüzi (0,2 faiz) azalma baş verib. Dünya bazarında ət məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,9 faiz azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz yüksəkdir.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı FAO-nun bu barədə yaydığı son məlumatda bildirilir ki, 2021-ci ilin noyabr ayında bütünlükdə ərzaq məhsullarının qiymətləri 2020-ci ilin noyabrı ilə müqayisədə 34,4 faiz artıb.

Əhalinin ən çox işlətdiyi ərzaq məhsullarının qiymətləri isə 2020-ci ilin noyabrı ilə müqayisədə 27,3 faiz artıb. Bu ərzaqların qiymətləri oktyabr ayı ilə də müqayisədə 1,2 faiz çox olub.

Ərzaq növləri içərisində ən yüksək bahalaşma göstəricisi şəkərin payına düşüb. Bu ərzaq məhsulu 2020-ci ilin noyabr ayı ilə müqayisədə 40 faiz bahalaşıb.

Azərbaycan taxılçılığının vəziyyəti

Yuvarlaq rəqəmlərlə desək, Azərbaycanın illik taxıl istehsalı təxminən 3 milyon ton civarındadır ki, bunun da 2 milyon tonu buğdanın payına düşür. Lakin Taxıl Fondu yerli buğdanı demək olar ki qəbul etmir və onun çörək istehsalı üçün yaramadığını qeyd edir. Ərzaq məqsədilə istehsal olunan buğda, satıla bilmədiyinə görə, sahibkarlar tərəfindən digər məqsədlər, hətta heyvandarlıq yemi kimi istifadə olunub. Bu səbəbdən də, illik buğda tələbatı 3 milyon ton olan ölkəmiz ildə təxminən 1,5 milyon ton buğda idxal etməyə məcbur olur. Hazırda buğdada idxaldan asılılıq 45 faiz civarındadır.

Taxıl Fondunun yerli taxılı almaqda maraqlı olmamasında obyektiv səbəblər də var. Çünki Fond keyfiyyətsiz məhsul alarsa, onun anbarında 2-3 ay belə qala bilməz, xarab olar. Demək, yerli buğdanın keyfiyyəti artırılmalıdır.

Suvarma sistemində də problemlər var, kübrələmə də əksər yerlərdə həddən artıq zəif aparılır. Aqrotexnika parkı da tələbata cavab vermir. Ona görə də, məhsul baha başa gəlir, çünki məhsuldarlıq aşağıdır. Üstəlik, yerli buğda keyfiyyətsiz olduğundan ərzaq istehsalına yönəldilmir.

Yerli fermerlər vəziyyətlə barışıb ərzaq buğdasını əkib sonra arpa qiymətinə heyvandarlıq üçün satmağa razı olurlar.

Dövlət taxılçılığın inkişafı və idxaldan asılılığın lığvi üçün taxıl əkinlərinə xeyli güzşətlər və yardımlr edir. Son illər taxılçılığa yüz milyonlarla manat subsidiya verilib, taxıl əkənlərə yanacaq, kübrə və sair məsələlərdə yardımlar edilir.

Ölkəmizin taxılçılıqdakı potensialı iqlim və torpaq şəraiti bizə uyğun olan ölkələrlə, məsələn İspaniya, Rusiya, İtaliya kimi ölkələrlə müqayisədə xeyli dərəcədə üstündür. Bizdə yaxşı münbit torpaqlar, iqlim növləri, su potensialı var.

1990-cı ilə qədər Azərbaycanda istehsal edilən taxıl istehsalının 15 faizi Qarabağ zonasının payına düşürdü. Hazırda hökumətin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma işləri ilə bərabər, iqtisadiyyatın bərpası proseslərinə başlanılıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ənənəvi və müasir aqrar təsərrüfatların yaradılması işləri həyata keçirilməkdədir. Ermənistan işğal dövründə həmin torpaqlarımızdan il ərzində təxminən 200 min tonadək taxıl toplayıb. Bu ərazilərin poteansialından istifadə edilsə, ölkəmizin taxıl idxalından asılığı aradan qaldırıla bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə